Niyə təhqir ifadə azadlığıdır?

  • Post comments:7 rəy
  • Reading time:10 mins read

Ona görə ki, başqa cürə bizim insan kimi fəaliyyət göstərməyimiz mümkün deyil.

İfadə azadlığı olduqca sadə bir fikirdir, lakin buna baxmayaraq onun illərdir başa düşülməməsi təəccüb doğurur. Bəziləri fikirləşir ki, təhqir, söyüş, hörmətsizlik ifadə azadlığı deyil. Bunu iddia edənlərin hamısı səhv fikirdədir. İcazə verin niyəsini izah edim. Amma izaha keçməzdən əvvəl onu deyim ki, ifadə azadlığı mahiyyəti etibari ilə normativdir. Burada ifadə azadlığı deyiləndə o nəzərdə tutulacaq ki, hansısa bir fikrin ifadə edilməsinə görə bir insanı dövlət cəzalandırmamalıdır və / və ya həmin insan başqaları tərəfindən zorakılığa, təhdidə məruz qalmamalıdır. Dövlət cəzalandırmamalıdır: yəni, həmin adam həbs edilməməli və ya cərimələnməməlidir. Başqaları tərəfindən zorakılığa, təhdidə məruz qalmamalıdır: yəni, həmin adam zorakılığa məruz qalmamalı, eyni zamanda zorakılığa məruz qalmaqla təhdid edilməməlidir. 

Başlayaq təhqirdən. Biz təhqiri ifadə azadlığı hesab etməliyik çünki tənqid ilə təhqir arasındakı fərq subyektivdir. Bir adama görə tənqid və ya hətta normal olan fikri başqa biri özünə təhqir kimi qəbul edə bilər. Məsələn, müsəlman olmayan birindən nəyə görə müsəlman olmadığını soruşun. Soruşun ki, Məhəmməd Peyğəmbər özünün peyğəmbər olduğunu və bütün insanların İslamı qəbul etməli olduğunu deyib; bəs niyə qarşınızdakı adam müsəlman deyil? Məgər o, Məhəmmədin sözünə inanmırmı? Qarşınızdakı qeyri-müsəlmanın nə deməsindən asılı olmayaraq, bir az dərinə getsəniz məsələnin sadə olduğunu görəcəksiz. Bu qeyri-müsəlman İslamı qəbul etmir çünki, ya Məhəmmədin yalan dediyinə inanır, ya da hesab edir ki, Məhəmmədin qulağına səs gəlib. Qısası, bu adam hesab edir ki, Məhəmmədin “mən peyğəmbərəm və hamınız İslamı qəbul etməlisiz” iddiası yalandır. İndi, müsəlmanın peyğəmbərinə yalançı və ya qulağına səs gələn adam demək təhqir deyil? Daha bu da təhqir deyilsə, onda heç nə təhqir deyil.

Eyni şeyi digər məsələlərə də şamil etmək olar. “Sən niyə marksist / kommunist / sosialist deyilsən? Məgər hesab edirsən ki, Marks / Engels / Lenin / Trotski səhv və ya yalan danışıblar?” Buradakı “ist”lərin və adam adlarının yerinə başqa adları da qoymaq olar, vermək istədiyim mesaj dəyişməyəcək: xoşunuz gəlsə də, gəlməsə də sizin dininizi, ideologiyanızı qəbul etməyən adam sizin peyğəmbərinizin və vacib bildiyiniz düşüncə adamlarının yalan və ya səhv dediyini hesab edir. İndi bu tənqiddir yoxsa təhqir? Gündəlik danışıq dilində “inanmırsan heç olmasa hörmət elə” deyə bilərsiz və qeyri-müsəlman biri də din məsələsində danışmayıb guya sizə hörmət etmiş kimi görünə bilər. Amma çox demirəm, bir azca məsələni qaşıyanda fərqinə varacaqsız ki, qeyri-müsəlman biri istər-istəməz sizi təhqir edir çünki sizin peyğəmbərinizin dediyinə inanmır. İndi nə edək? Bütün qeyri-müsəlmanlar müsəlmanları təhqir edir deyə birinciləri cəzalandıraq? Yoxsa solçu olmayanları ayaqlarından asaq?

Deməli, gördük ki, bizim müqəddəs və ya çox vacib hesab etdiyimiz şeyləri qəbul etməyənlər niyyətlərinin yaxşı və ya pisliyindən asılı olmayaraq bizi təhqir edirlər. Hər gün bizi təhqir edən adamları görürük, onlarla söhbət edirik, hətta dostlarımız və ailə üzüvlərimiz arasında da bizimlə eyni dini və ideoloji görüşləri paylaşmayan – yəni mütəmadi olaraq bizi təhqir edən insanlar var. Onlarla normal münasibətdə ola bilirik. Dünya da dağılmır. Bu cür ən vacib hesab etdiyimiz dini / ideoloji dəyərlərin təhqiri bizə “bizdən olmayan” adamları cəzalandırmaq üçün əsas vermirsə, bizə eşşək, qoyun, axmaq deyən, nə bilim var-yoxumuzu, anamızı və s. söyən adamları cəzalandırmağa ümumiyyətlə əsasımız yoxdur. Yəni Peyğəmbərimə inanmayıb onu yalançı və ya qulağına səs gələn adam kimi qəbul edən biri mövcud olduğu halda durub uşaq kimi “filankəs anamı söydü, ana söyüşü ifadə azadlığı deyil” deyəcək qədər axmaq deyiləm hər halda. Bəs siz necə?

Təhqir kimi hörmətsizlik də subyektiv məsələdir. Bir insan həm müxtəlif dövrlərdə, yaşda fərqli şeyləri özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edir, həm də hər adamın hörmətsizlik deyəndə nəzərdə tutduğu şey fərqlidir. Bir müəllim tələbənin dərsə gec gəlməsini, üzünün tüklü olmasını, vetnamka geyinməsini, bir ata oğlunun onun yanında siqaret çəkməsini və ya öz körpəsi ilə oynamasını, dindar biri Ramazan vaxtı günorta kiminsə onun yanında su içməsini, müğənni özü oxuduğu vaxtı insanların öz aralarında danışmasını özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edə bilər. Hətta belə anlarda, tutaq ki, müğənni “məni söysəydiniz bu qədər xətrimə dəyməzdi, mən burada mahnı oxuyuram, siz isə vecinizə də almırsız” deyib camaatdan küsə bilər. Bu misalları sayını artırmaq da olar amma məsələ budur ki, hörmətsizlik subyektivdir, biri üçün hörmətsizlik kimi görünən hadisə, başqası üçün normal qəbul edilə bilər. Ona görə də hörmətsizliyin ifadə azadlığı olmadığını demək – yəni, məsələn, üzü tüklü tələbənin, Ramazan vaxtı su içən adamın, müğənni oxuyanda danışan birinin cəzalandırılmasını tələb etmək absurddur.

Biz hər gün (!) istəsək də, istəməsək də başqalarını təhqir edirik, başqalarını söyürük və onlara qarşı hörmətsizlik edirik. Eyni zamanda özümüz də hər gün dəfələrlə təhqirə, söyüşə və hörmətsizliyə məruz qalırıq. Bütün bunların ifadə azadlığı olmadığını – dövlətin bu aktları icra edənləri cəzalandırmalı olduğunu desək, onda gərək heç birimiz evdən çölə çıxmayaq, hətta evdə belə otağı bərk-bərk bağlayıb içəridə qalaq, ağzımızı açıb bir söz deməyək və heç nə yazmayaq. Birdən bizim dinimizdən olmayan birini görərik və yadımıza düşər ki, bu adam bizim peyğəmbərimizi qəbul etmir; birdən kimsə bizim üzü tüklü olduğumuzu görüb bunu özünə qarşı hörmətsizlik sayar; birdən nəsə yazıb hansısa siyasətçini tənqid edərik və onu dəstəkləyənlər bunu özlərinə qarşı hörmətsizlik sayar, siyasətçinin səriştəsiz olduğunu deyərik və qarşı tərəf bunu təhqir, söyüş kimi qəbul edər. Qısası, təhqir, söyüş, hörmətsizlik ifadə azadlığı olmasa, onda biz insan kimi fəaliyyət göstərə bilmərik. Şəxsən kimsə “təhqir ifadə azadlığı deyil,” “inanmırsan hörmət elə,” “bu xalqın həssasiyyətləri var,” “body shaming ifadə azadlığı deyil” kimi axmaq fikirlər səsləndirəndə bunu özümün intellektinə qarşı edilmiş hörmətsizlik sayıram. İndi mənə hörmətsizlik etməyəsiz deyə sizin axmaq fikir səsləndirmək hüququnuzu əlinizdən alaq? Olmaz axı, siz də adamsız.

Lakin bizim ifadə azadlığımızın olması bizə heç də immunitet vermir. Yəni bizim ifadə azadlığımız olduğu kimi, başqalarının da ifadə azadlığı var. Biz digərlərindən üstün deyilik bu baxımdan. Yəni kimisə təhqir etdiyimizə görə necə ki bizi dövlət cəzalandıra bilməz və başqası hədə gələ bilməz, eləcə də kimsə bizi təhqir edəndə dövlətdən həmin adamı cəzalandırmasını tələb edə və / və ya gedib özümüz həmin adamı döyə bilmərik. İfadə azadlığı o demək deyil ki, biz kefimiz istəyəni deyəcəyik, hamı da oturub bizə züy tutacaq və bizim xoşumuza gəlməyən heç bir fikir səslənməyəcək. Mən səni söyə bilirəmsə, sən də məni söyə bilərsən. Mən “Karl Marks axmağın biri olub” deyə bilirəmsə, sən də eyni sözləri Robert Nozik (r.a.) barədə deyə bilərsən. Təbii ki bu səviyyəsiz bir münasibət olacaq, amma ifadə azadlığı bizdən ancaq ağıllı-ağıllı danışmağı tələb etmir, giclik də edə bilərik.

Bəs ifadə azadlığı nə vaxt legitim olaraq məhdudlaşdırıla bilər? Bu barədə də gələn dəfə danışarıq, hələlik isə əvvəlki müzakirəmizə qulaq asa bilərsiz.

Müəllif(lər)

+ Digər yazıları

Milan Universitetində siyasi fəlsəfə üzrə doktorantura tələbəsi, Bakı Araşdırmalar İnstitutunun əməkdaşı, Mərkəzi Avropa və Haydelberq universitetlərinin məzunu.

This Post Has 7 Comments

  1. Təhqir və hörmətsizliyin (bundan sonra sadəcə təhqir) ifadə azadlığı sərhədləri daxilində olmasını 3 əsas xətdə müdafiə etdiyiniz nəticəsinə gəldim: 1) təhqir subyektivdir; 2) təhqirin zorakılıqla cəzalandırılması praktiki olaraq qeyri-mümkündür (1-cidən çıxan nəticə hesab etmək olar); 3) təhqirin zorakılıq yolu ilə cəzalandırılmasına çalışmaq absurd görünür.

    Mən isə fərqli bir yanaşma haqda fikrinizi öyrənmək istəyərdim. Deyək ki, subyektiv olmadığını bildiyimiz bəzi təhqirlərin mövcudluğundan xəbərdarıq. Ancaq bu halda belə intuitiv olaraq həmin obyektiv təhqirlərin zorakılıqla cəzalandırılmasının düzgün olmadığını deyə bilərəm. Çünki davranışların obyektiv olaraq müsbət və mənfi əxlaqi dəyərləri olduğunu müdafiə edirəm. Əgər obyektiv təhqir varsa, bu davranışı icra etməyin mənfi əxlaqi dəyərə sahib olduğunu deyə bilərik. Amma bu hələ cəzalandırma üçün yetərli əsas deyil, çünki cəzalandırma üçün istifadə edəcəyimiz zorakılıq əxlaqi olaraq neytral deyil, o da mənfi əxlaqi dəyər daşıyır. Bu iki davranışın əxlaqi dəyərlərini müqayisə etdikdə isə intuitiv olaraq zorakılığın daha mənfi əxlaqi dəyərə sahib olduğunu deyə və buna görə də təhqirin zorakılıqla cavablandırılmasına qarşı çıxa bilərik. Amma təhqirə başqa təhqirlə və ya ictimai qınaqla cavab vermək bu cür əxlaqi qeyri-bərabərsizlik ehtiva etmir və buna görə də arzuolunandır.

    Siz bu yanaşma haqqında nə düşünürsünüz?

    1. İlkin Hüseynli

      2-yə onu əlavə edim ki, praktiki mümkünsüzlük ilə yanaşı (çünki təhqirin sərhəddini müəyyən etmək olmur), təhqirin zorakılıqla cəzalandırılması arzuolunan da deyil. Qoy insanlar öz fikirlərini istədikləri kimi bəyan etsinlər.

      “Subyektiv olmadığını bildiyimiz bəzi təhqirlərin mövcudluğundan xəbərdarıq” fikri ilə razı deyiləm. Xəbərdar deyilik. “Əksəriyyətin təhqir kimi qəbul etdiyi sözlərdən / ifadələrdən / kontekstlərdən” xəbərdar ola bilərik. Bu isə yenə də təhqirin subyektiv / kultural olduğunu göstərir. Yəni “obyektiv təhqir” yoxdur. Adi bir misal: bizimkilər təhqir deyəndə əsasən söyüş nəzərdə tuturlar, lakin hətta “ana söyüşü” və ya “var-yox söyüşü” belə obyektiv deyil. Bəziləri onları boşboğazlıq, mənasız ifadələr hesab edib təhqir kimi görməyə bilər.

      Amma arqument xatirinə deyək ki, obyektiv təhqir var. Onda bu yazdığınızla razıyam: “Əgər obyektiv təhqir varsa, bu davranışı icra etməyin mənfi əxlaqi dəyərə sahib olduğunu deyə bilərik. Amma bu hələ cəzalandırma üçün yetərli əsas deyil, çünki cəzalandırma üçün istifadə edəcəyimiz zorakılıq əxlaqi olaraq neytral deyil, o da mənfi əxlaqi dəyər daşıyır. Bu iki davranışın əxlaqi dəyərlərini müqayisə etdikdə isə intuitiv olaraq zorakılığın daha mənfi əxlaqi dəyərə sahib olduğunu deyə və buna görə də təhqirin zorakılıqla cavablandırılmasına qarşı çıxa bilərik. Amma təhqirə başqa təhqirlə və ya ictimai qınaqla cavab vermək bu cür əxlaqi qeyri-bərabərsizlik ehtiva etmir və buna görə də arzuolunandır.”

      Zorakılıq daha böyük əxlaqsızlıqdır (təkcə intuitiv olaraq yox) çünki təhqir sözdür və uzağı kimisə əsəbləşdirəcək amma zorakılıq faktiki olaraq bizim azadlığımızı, bədənimiz və resurslarımızın istifadəsini məhdudlaşdırır.

  2. Elvin

    Salam Ilkin, təhqir də bullying sayılmır? Məsələn hansısa mövzuda məni təhqir edirsiz mən də sizə təhqirdən narahat olduğumu və istifadə etməməyinizi xahiş edirəm amma siz davam edirsiz. Bu səfər yəqin ki mən səninlə münasibəti dayandırar yada yanından gedərəm vəya döyməyə çalışaram. Həm də kiminsə yalançı olduğunu düşünmək bizim şəxsi fikrimizdi və bununla kiminsə ailəsinə söymək eyni qəbul edilir? Məsələn hansısa rüşvətxor məmura şərəfsiz demək mənim şəxsi fikrimdir. Məncə rüşvətxorluq şərəfsizlikdir və həmin insan bunu edir. Həmin insana şərəfsiz deməklə anasına söymək eynidir? Birdə qaradərili insanlara neqr demək hamımızın haqqıdır? Həm neqr sözünün kökü qara deməkdi və qaradərili ilə eyni mənaya gəlir. Həm də təhqir ifadə azadlığıdırsa həmin insanlara rahatca neqr deyə bilərəm? vəya geylərə petux demək mənim ifadə azadlığımdır?

    1. İlkin Hüseynli

      Təhqir bullinq ola bilər, bullinq deyiləndə çox şey nəzərdə tutulur və bullinq olsa da təhqir ifadə azadlığıdır. X üçün anasının söyülməsi “çox pis” haldır, Y üçün “şərəfsiz” adlandırılması, Z üçün “bayağı müğənni” adlandırılması və s. Relevant heç bir fərq yoxdur, hamısı ifadə azadlığıdır. Kimisə incitmək üçün, məhz onu əsəbləşdirmək məqsədilə anasın da söymək olar, özün də söymək olar, məsələn, müğənnidirsə, “səsin yoxdur” da demək olar, modeldirsə “götümə oxşayırsan” da demək olar və s. Yenə də relevant fərq yoxdur. Birini qadağan etsək, gərək hamısını qadağan edək.

      Mən kiməsə söz deyəndə məqsədimin onu incidib-incitməmək olmasının, onun dediyimi təhqir kimi başa düşüb-düşməməsinin heç bir əhəmiyyəti yoxdur ifadə azadlığı baxımından.

      P.S. Bu ana söyüşün geridəqalmış icmalar belə dəhşətli şey kimi qəbul edər. O qədər nəzəriyyə danışırsan amma “ana söyüşü də ifadə azadlığıdır?” deyib rədd edirlər. Söyüşdür də, nolub? Elə bil dinozavr kəsiblər, dünya dağıldı ay aman.

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.