Sosial mediada anonimlik haqqı

  • Post comments:1 Comment
  • Reading time:11 mins read

KİV-də tez-tez sosial media istifadəsinin tənzimlənməsi ilə bağlı çağırışlar görürük. Bu barədə xüsusilə “Yeni Azərbaycan Partiyası”ndan deputat Siyavuş Novruzov tez-tez fikir bildirirdeyir ki, ayrıca qanun yazılmalıdır, sosial mediaya giriş hətta şəxsiyyət vəsiqəsilə olmalıdır. Ələsgər Məmmədlinin fikrincə isə sosial medianı KİV-dən fərqli təsəvvür etməməliyik və kütləvi informasiya vasitələrinə aid olan qanunlar ona da avtomatik aid edilir.

Sosial medianın tənzimlənməsi ilə bağlı əsas arqumentlər əsasən zorakılığa çağırış (və ya bunun geniş mənasında terrorizmə, separatçılığa, dövlətə qarşı üsyana çağırış) və şəxsləri təhqirlə əlaqəlidir. Bu mövzularla bağlı artıq dəfələrlə danışdığımız üçün hüquqi məsələlərə toxunmayacağam. (Bax: Niyə təhqir ifadə azadlığıdır?; İfadə azadlığı və onun sərhədləri) Əvəzində sosial mediadakı “şəxsiyyət vəsiqəsi” tələbinin nə qədər absurd olduğu barədə yazacağam.

Psevdonimlər məsələsi yeni deyil. Xüsusilə Azərbaycanda müasir mətbuat yaranandan bəri yazarlar müxtəlif psevdonimlərdən istifadə edərək yayımlanıblar. Buna Cəlil Məmmədquluzadəni, Həsən bəy Zərdabini nümunə gətirə bilərik. Bu tip psevdonimlər həmin yazarlara onlara gələ biləcək ehtimal hücumlardan qorumaq üçün xüsusilə kömək olub.

“İnternet” ölkəmizə qədəm qoyandan sonra isə bu psevdonimlər “nickname”lərə çevrildilər. mIRC proqramındakı çat otaqlarında fərqli ləqəblərlə yazışan şəxslərin internetdə at oynatdığı dövrlərdə öz ad-soyadı ilə daxil olanlara bir az qəribə gözlə baxırdılar.

2000-ci illərdə mIRC proqramı və Azərbaycandan olan istifadəçilərinin söhbəti

Lakin qlobal sosial media sistemlərinin ortaya çıxması demək olar ki, hər şeyi dəyişdirdi. “Facebook”, “Odnoklassniki” və s. kimi sosial media şirkətləri istifadəçilərindən real ad və soyadları ilə qeydiyyatdan keçməyi tələb edirlər. Xüsusilə Azərbaycan kimi ölkələrdə Facebook-un (və onun bir hissəsi hesab olunan Instagramın) mütləq gücə sahib olması səbəbilə iş adamları, siyasətçilər, musiqiçilər, dövlət qurumları məhz bu platformada fikirlərini bildirirlər. Nədənsə onlar bu fikirləri bildirməyi özlərinin “ifadə azadlıqları”nın bir hissəsi kimi qəbul etsələr də, gələcək rəylərdə ancaq “yaxşı şeylər” yazılmalı olduğunu düşünürlər. Buna görə də onların bu cür rəylərə qarşı ilk reaksiyalarından biri həmin rəylərin sahiblərini “söhbətə çağırmaq” olur. Söhbət dövlət qurumları və yüksək çinli vəzifəlilərdən gedirsə bu hal daha təhlükəli vüsət ala bilər. Buna görə də təbii reaksiya olaraq həmin istifadəçilər iki seçim qarşısında qalır – ya fikirlərini avtosenzura etməlidirlər, ya da saxta hesab açıb oradan anonim olaraq rəy yazmalıdırlar.

Bu məsələyə iki aspektdən baxmalıyıq: Şirkətlərin qanunları və dövlətlərin qanunları. Şirkətlərin qanunları əksərən barizdir və həmin şirkətin saytında qeydiyyatdan keçməzdən öncə müəyyən müqavilə imzalamalı və qəbul etməlisən. Çox istifadəçi adətən bu müqaviləni oxumur, nəticədə profili və ya yazdıqları silinəndə gileylənir. Məsələn, “Facebook”a baxsaq, təkcə 2019-cu ilin 3-üncü rübündə Facebook süni intellekt vasitəsilə 1.7 milyard saxta profili öz bazasından silib. Əlbəttə, Facebook fəaliyyətə universitet tələbələri arasında söhbətləşmə şəbəkəsi olaraq başlayıb və buna görə də istifadəçinin adının həqiqi olması tələbini hələ də davam etdirir. Azərbaycanda isə Facebook çoxdan bu funksiyasını itirib və “forum” rolunu oynayır. Bir şirkəti onun qurucularının istəmədiyi bir şeyə “istifadəçilərinin tələbi” ilə çevirmək isə məntiqli səslənmir.

Siyasətçilərin qorxusu əbəs yerə deyil. Dövlət öz vətəndaşları üzərində zorakılıq monopoliyasına sahib olmaq istədiyi üçün, onun ifadə azadlığının sərhədlərinə nəzarət etməyi özünə borc bilir. Bu istəklər siyahısına sosial şəbəkələrdə, məsələn, Twitterdə fikir bildirən şəxslərin kimliyini bilmək də daxildir. Bunun üçün əsas tələbi birinci şirkətlərə göndərən dövlətlər bəzən müsbət, əksərən isə mənfi cavablar alırlar. Məsələn, Qərb ölkələrində terroristlərin sosial media hesablarının detalları şirkətlər tərəfindən könüllü hüquq-mühafizə orqanlarına təslim olunursa, Çin və Türkiyə kimi avtoritar dövlətlərə bu məlumatlar verilmir. Bu da həmin dövlətləri məcbur edir ki, bu şirkətləri öz internet sistemlərindən kənarlaşdırsınlar və filtr sistemləri quraşdırsınlar. Bəhanələri də adətən bu şirkətlərin həmin reklamlardan gəlir qazandığı halda istifadəçilərinin yaşadığı ölkələrə vergi verməməsi kimi göstərilir.

Əlbəttə, şirkətlər də süddən çıxmış ağ qaşıq deyillər. Xüsusilə Çin kimi böyük bir bazarı itirmək istəməyən bir çox şirkətlər adətən bu tələblərə boyun əyir, həmin hökumətlərin müəyyən istəklərini yerinə yetirir və senzuralarını tətbiq edirlər. Məsələn, məşhur TikTok proqramının istifadəçilərinin məlumatlarını birbaşa Çin dövlətinə satdığı iddia edilir. Bir nəfər hətta tərs mühəndislik üsulu ilə bunu sübut da edib. Facebook kimi sosial media şirkətlərinin sizin məlumatlarınızı reklam məqsədli fərqli şirkətlərə satdığı da bilinən bir şeydir.

Bəs nə etməli? İnternet istifadəçiləri olaraq dünyanın fərqli ölkələrinə səpələnmiş bizlər “şəxsiyyət vəsiqəsi tələbi”ndən necə qaça bilərik? İlk öncə onu deyim ki, hələ həyəcan təbili çalmaq üçün tezdir və panika yaymağa ehtiyac yoxdur. İnternet qlobal bir fenomendir və xüsusilə Azərbaycan kimi özünü xaricə reklama həsr etmiş ölkələrin “ölkədaxili intranet” yaratmağa nə ehtiyacı, nə potensialı, nə də infrastrukturu var. Buna baxmayaraq, Azərbaycanın daha öncə İtaliya mənşəli bir şirkətdən istifadəçiləri izləmək üçün “hack” proqramı yazmağını tələb etməsi bizə çox şey deyir. Əvvəlcə internet istifadəçiləri olaraq mobil cihazlarımıza, kompüterlərimizə endirdiyimiz proqramların, qeydiyyatdan keçdiyimiz saytların “müqavilə” bölməsini diqqətli oxumalıyıq. Xüsusilə e-Təbib keysində olduğu kimi həmin proqram təminatlarının, saytlarının bizim hansı məlumatlarımızdan istifadə edəcəyini öyrənməliyik. Məsələn, Rasional.org saytının sizin haqqınızda hansı məlumatları topladığını və paylaşdığını öyrənmək üçün bura tıklayın. Bu barədə – sosial media savadlılığı haqda – daha sonra saytımızda yazılarımız dərc olunacaq.

İkinci təsəllimiz isə budur ki, (təkrar olsa da) internet qlobal bir fenomendir və bazarda istəmədiyimiz qədər alternativ mövcuddur. Yəni, biz Facebooka, Twitterə, Vkontakteyə və ya Odnoklassnikiyə məcbur deyilik. Bir də onu unutmayaq ki, heç nə “pulsuz” deyil. Hazırda yatağımızda uzanıb 15 kilometr uzaqdakı bir dostumuzla rahat mesajlaşa biliriksə, bu “pulsuz” istifadə etdiyimiz Facebook-un reklam verən saytlara məlumatlarımızı satması və bu proses nəticəsində bizə göstərdiyi reklamlar sayəsindədir. Sözün düzü, mən məlumatlarımın Bakıda, hər şeyə əli çatan bir dövlətin mərhəmətində olmasındansa okeanın o tayında olan bir şirkətdə olmasını daha məqbul sayıram amma vəziyyət hər an dəyişə bilər.

Bundan əlavə, fərdi seçimlər məsələsi də var. Xüsusilə LGBTQ+ kimi həssas qruplarda olan istifadəçiləri də nəzərə almalıyıq. Bu kimi şəxslərin sosial media hesablarının dövlətin və ya başqa bir maraqlı qurumun əlinə düşməsi fəlakət olardı. Hələ “Lili” adını almaq istəyib dövlət tərəfindən icazə verilməyən Seymur Nəzərov keysini demirəm. Facebook transgender istifadəçilərə şəxsiyyət vəsiqəsi olmadan istədiyi addan istifadə icazəsini versə də, dövlət tələbi həmin şəxslərin ifadə azadlığını birbaşa pozmaq olacaq. Sosial mediaya dövlət müdaxiləsi və tənzimlənməsi senzuradır və ifadə azadlığı üçün böyük təhlükədir – fərdləri həm dövlət, həm də başqa təhlükəli qruplaşmalar qarşısında həssas vəziyyətdə qoyur.

Müəllif(lər)

Vebsayt | + Digər yazıları

Yazar, sosial media müşahidəçisi. BBC Azərbaycanca, Abzas.org, Kultura.az, Azadlıq Radiosu, OC Media və bir çox saytda yazıları mütəmadi olaraq yayımlanır. Rasional.org saytının təsisçisidir.

This Post Has One Comment

  1. Nihad Hesen

    gözəl yazıdı.

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.