“Xalq hazır deyil” iddiası barədə

  • Post comments:0 rəy
  • Reading time:12 mins read
1967-ci ildə Kathrine Switzer Boston Marafonunda iştirak edən ilk qadın idi. Qadınların iştirakına icazə verilməsindən 5 il əvvəl baş verən bu hadisə zamanı çəkilən fotoda bir təşkilatçı onu yarışdan tutub çıxarmağa çalışır. Xalq 5 ilə hazır oldu.

Yeni, ələlxüsus da proqressiv fikirlər səsləndirənlər tez-tez “xalq buna hazır deyil” iradı ilə qarşılaşırlar. Çoxlu misal gətirib bu yazını uzatmaq istəmirəm, bütün mətn boyu təhqir ifadə azadlığıdır (bunu təhqir ifadə azadlığı olmalıdır kimi də oxuya bilərsiniz) fikrinə gələn reaksiyalar üzərindən fikrimi ifadə edəcəyəm. İddiam budur ki, “xalq buna hazır deyil” fikri səfsətədir və onu bir irad kimi səsləndirmək fikrin özünə qarşı yönəlmiş tənqid deyil.

“Xalq buna hazır deyil” iradını səsləndirənlərin məqsədi nədir? Onlar hesab edirlər ki, eşitdikləri təhqir ifadə azadlığıdır fikri o qədər radikaldır ki azərbaycanlıların böyük əksəriyyəti bu fikri qəbul etməyəcək və buna görə də bu fikri müdafiə edən adamlar öz vaxtlarını israf edirlər – onlar heç kimi inandıra bilməyəcək. Yəni, ilk baxışdan belə görünür ki, “xalq buna hazır deyil” iradını səsləndirənlər bu fikri müdafiə edənlərə məsəhət verir, birincilərin sonunculara canı yanır və deyir ki, “ay qardaş / bacı, özünü boş yerə yorma, sənin fikrini bu camaat qəbul etməyəcək.”

Bəs “xalq buna hazır deyil”i kimlər deyir? Müşahidələrim əsasında bu iradı bildirənləri üç qrupa bölürəm. Bu iradı səsləndirirlər çünki (a) özləri hazır deyil və hansısa səbəbə görə “mən hazır deyiləm” demək istəmirlər (bəlkə də utanırlar?), buna görə də məsələni xalqın boynuna atırlar; yaxud da (b) özləri hazır deyil və bu fikri müdafiə edənləri gözdən salmaq üçün “xalq buna hazır deyil” iradını bir hücum vasitəsi kimi istifadə edirlər çünki fikrin özünü tənqid etmək çətindir amma fikri müdafiə edənləri ölkədən və xalqdan bixəbər adamlar / avaralar kimi təqdim etmək asandır. Üçüncü bir (c) variantı da var ki, bu iradı səsləndirənlər özləri bu fikrə hazırdır və onu bəyənir, səmimi olaraq bu fikri müdafiə edənlərin öz vaxtlarını israf etdiyini düşünür deyə ictimai şəkildə “xalq buna hazır deyil” deyir. Mən (c) variantında təsvir edilən tipli az adam görmüşəm, gördüklərim çoxu ya (a) olub, ya da (b).

Bunları yazmaqda məqsədim nədir? İlk məqsədim (c)-də təsvir edilən kimi adama etdiyinin niyə səhv olduğunu izah etməkdir. İkinci məqsədim isə (a)-da təsvir edilən adamın bəhanədən əl çəkib “mən hazır deyiləm” deməyinə nail olmaqdır. Üçüncü məqsədim isə “xalq buna hazır deyil” iradının bəhanə olduğunu, fikri səsləndirənləri gözdən salmaq niyyəti ilə deyildiyini – bir sözlə səfsətə olduğunu göstərməkdə həmin iradın rədd edilməli olduğuna oxucunu inandırmaq, beləliklə də (b) tipli adamların əlindən bir hücum silahını almaqdır.

Azərbaycanda təhqir ifadə azadlığıdır kimi yeni (radikal) fikri müdafiə edən adam onsuz da vəziyyətdən xəbərdardır və insanların çoxunun bunu qəbul etmədiyini bilir (bir aktivist niyə əksəriyyətin qəbul etdiyi fikri müdafiə etsin axı? Siz kiminsə “körpə uşağı öldürmək olmaz” fikrini müdafiə etdiyini eşitmisiniz? Yəqin ki yox. Belə bir fikri demək olar hamı qəbul edir, hamının qəbul etdiyi şeyin nəyini ictimai şəkildə müdafiə edəsən ki?). Bu fikri müdafiə edənlər məhz bu fikrin qəbul edilmədiyini bildiyi üçün təbliğatla məşğul olub əllərindən gəldiyi qədər çox adamı təhqir ifadə azadlığıdır fikrinə inandırmaq istəyir. Sən bu fikirlə razısansa, onda onu dəstəklə; razı deyilsənsə, dəstəkləmə (ya da fikrin özünü tənqid elə).

Nə azərbaycanlılar, nə də başqa bir xalq göydən düşməyib. Təhqir ifadə azadlığıdır kimi fikir onların heç birinin təbiətinə zidd deyil. Əgər əhalinin yetərincə hissəsi (bu, əksəriyyət ola da bilər, olmaya da bilər – konkret vəziyyətdən və məsələdən asılıdır) bu fikrə inansa, onda həmin fikir tətbiq edilə bilər. Ağ adamlarla qara adamlar əxlaqi olaraq bərabərdir və hüquqi olaraq da bərabər olmalıdır fikri, yaxud da qadınla kişi əxlaqi olaraq bərabərdir və hüquqi olaraq da bərabər olmalıdır fikri heç də uzaq olmayan keçmişdə demək olar dünyanın hər yanında radikal fikirlər kimi qəbul edilirdi. Abolisionist (quldarlığın ləğvini tələb edən) və feminist hərəkatların, həmçinin ABŞ-da ötən əsrdəki vətəndaş haqları hərəkatının tarixini oxuyan hər kəsə məlumdur ki, bütün bu hərəkatların aktivistləri “xalq buna hazır deyil” tipli iradlarla qarşılaşıblar. Lakin bu gün yuxarıdakı üç hərəkat öz məqsədinə az-çox çatıb və həmin hərəkatların baş verdiyi ölkələrdə mütləq əksəriyyət ağ və qara adamlar, kişilər və qadınlar əxlaqi olaraq bərabərdir, hüquqi olaraq da bərabər olmalıdır fikrini dəstəkləyir, dəstəkləməsə də ona qarşı çıxmır. Bunu yazmaqla əksəriyyəti inandırsan hər şeyə nail ola bilərsən demək istəmirəm; yaxud da əksəriyyət abolisionistlərə inandı deyə quldarlıq ləğv olundu da demək istəmirəm. Demək isrəyirəm ki, bir vaxtlar radikal qəbul edilən fikirlərə bu gün mütləq əksəriyyət inanır və (kontesktdən asılı olaraq digər şərtlər də daxil olmaqla) insanların bir fikrə inanması həmin fikrin reallaşmasını asanlaşdırır.

Əgər bir X fikri səsləndiriləndə, (c)-də təsvir edilən adamlar “mən də bunu dəstəkləyirəm, amma xalq buna hazır deyil” demək əvəzinə, təkcə “mən bu fikri dəstəkləyirəm” desə, faydalı iş görərlər. Kənardan baxan, hələ həmin X məsələsində qəti mövqeyi olmayan adamın yerinə qoyun özünüzü. Aşağıda iki vəziyyət təsvir edəcəm:

  1. Bir-iki nəfər deyir Təhqir ifadə azadlığıdır və böyük əksəriyyət də deyir ki, “xalq buna hazır deyil.”
  2. Bir-iki nəfər deyir Təhqir ifadə azadlığıdır və bir qədər adam da həmin fikrə qoşulur, amma çox adam həmin fikrə qoşulmur.

Yəqin hamıya məlumdur ki, ikinci vəziyyətdə qərarsız bir adamın təhqir ifadə azadlığıdır fikrini dəstəkləməsi, yaxud da bu məsələdə daha ciddi düşünüb öz mövcud inamlarını sorğulaması ehtimalı daha çoxdur. Amma birinci variantda həmin qərarsız adam görür ki, bir-iki nəfəri çıxmaq şərti ilə bu fikrə inanlar belə bunun reallaşacağına inanmır. Nəzərə alsaq ki, həmin bir-iki nəfər də ölkədən və xalqdan bixəbər adamlar / avaralar kimi təqdim olunur, onda qərarsız birinin həmin adamları ciddiyə almaq ehtimalı da azalır. Beləliklə, ümid edirəm (c)-dəki adamları inandıra bildim ki, onlar “xalq buna hazır deyil” demək əvəzinə, razılaşdıqları fikir görəndə “mən bunu dəstəkləyirəm” desələr, fayda verəcəklər; sonuncunu deməyə dilləri gəlmirsə, heç olmasa sakit dursunlar, heç olmasa bir zərərləri dəyməz. Sən öz fikirlərini dilə gətir və səninlə eyni mövqedə olanların gözlədiyindən daha çox olduğunu görəcəksən.

Gələk (a)-dakı adamlara. Özünüzün hazır olmadığı bir fikri “xalq hazır deyil” bəhanəsi ilə rədd edərək öz problemlərinizi həll edə bilməyəcəksiniz. Bir fikri dəstəkləmirsinizsə, deyin dəstəkləmirəm; ya da bir fikir sizə qəbuledilməz kimi görünürsə, öz mövcud inamlarınızı sorğulayın, görün hansı daha doğrudur – sizin mövcud inamlarınız, yoxsa eşitdiyiniz bu yeni fikir. Nə vaxta qədər mövcud inamlarınızdan aydın dilə gətirməyəcək və / və ya onları dəyişdirməyə (sorğulamağa) qorxacaqsınız? Radikal fikirlər eşitmək faydalıdır, sizi mövcud inamlarınızı sorğulamağa, inamlarınızı əsaslandırmağa – qısası, narahat olub bir az başınızı işlətməyə məcbur edir.

Digər tərəfdən, “xalq buna hazır deyil” fikrini nəyə əsasən səsləndirirsiniz? Əlinizdə bir sorğu varmı? Xalq deyəndə əhalinin neçə faizini nəzərdə tutursunuz? Və ən əsas məsələ – çoxluğun hazırda bir fikri qəbul etməməsi gələcəkdə də onu qəbul etməyəcəyini göstərmir, tarix n qədər nümunə ilə doludur. Niyə hesab edirsiniz ki, hazırda çoxluq bir fikri qəbul etmirsə, onu gələcəkdə də qəbul etməyəcək? Yaxud da niyə hesab edirsiniz ki, çoxluğun qəbul etmədiyi fikri səsləndirmək, onu müdafiə etmək lazımsızdır və ya vaxt israfıdır?

Son olaraq gələk (b)-yə. Mən (b)-dəki adamların “xalq buna hazır deyil” iradından sui-istifadə etdiyini, bu iradı hücum taktikası kimi gördüklərini dedim, buna görə də onları nəyəsə inandıra biləcəyimi düşünmürəm. Onların məqsədi fikri səsləndirənləri gözdən salmaq yolu ilə fikrə müxaliflik etməkdir, bu taktika işlədiyi müddətcə də ondan əl çəkməyəcəklər. Ümid edirəm, həm (a), həm (c)-də təsvir etdiyim, həm də qərarsızlar deyə adlandırdığım insanlar yuxarıda yazdıqlarım əsasında (b)-dəkilərin istifadə etdiyi taktikanın doğru olmadığını, səfsətə olduğunu qəbul edəcəklər. Beləliklə də, “xalq buna hazır deyil” bəhanəsindən / hücumundan istifadə qeyri-legitim kimi görünəcək. Bir fikirlə razılaşmırsınızsa, həmin fikrin nəyə görə səhv olduğunu göstərin – heç kim buna etiraz etmir, amma xahiş edirəm “xalq buna hazır deyil” deməyin. Biz (bu fikri müdafiə edənlər) də bilirik ki, təhqir ifadə azadlığıdır fikrini mütləq əksəriyyət qəbul etmir; bu fikri dilə gətirməklə əlimizdən gəldiyi qədər adamın fikrini dəyişdirməyə çalışırıq.

Müəllif(lər)

+ Digər yazıları

Milan Universitetində siyasi fəlsəfə üzrə doktorantura tələbəsi, Bakı Araşdırmalar İnstitutunun əməkdaşı, Mərkəzi Avropa və Haydelberq universitetlərinin məzunu.

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.