Bizi ekspertlər idarə etməlidir?

  • Post comments:3 rəy
  • Reading time:10 mins read

Koronavirus pandemiyası dövründə ən çox rastlaşdığım yanlış fikirlərdən biri budur ki, “karantinlə bağlı qərarları ekspertlər / mütəxəssislər verməlidir.” Bu yanlış fikrə arxalanaraq karantin əleyhinə çıxanları və hətta elmi araşdırmalara istinad edənləri “siz həkim deyilsiz” deyib etibardan salmağa cəhd göstərirdilər. Bu fikrə inanlar hesab edirlər ki, pandemiyaya qarşı mübarizə üsulu kimi icbari karantinin tətbiq edilməsi siyasi qərar deyil və bu qərarı yanlız və yanlız ekspertlər verməlidirlər; yaxud da siyasətçilər məhz ekspertlərin dediyi ilə oturub-durmalıdırlar. Epidemoloq icbari karantin lazımdır deyirsə, siyasətçi də icbari karantin tətbiq etməlidir, hamımız da bu qərar qarşısında boynumuzu bükməli, hətta baş ucalığı istəsək hələ züy da tutmalıyıq.

Azərbaycan demokratik ölkə deyil və indi yazacağımı oxuyanda deyə bilərsiz ki, “bundan bizə nə?” Amma səbr edib oxuyun, çünki bu bloqu yazmaqda məqsədim hökuməti inandırıb ölkədə demokratiya qurmaq deyil; hədəf kütləm siz – adi vətəndaşlarsız, məqsədim isə “karantin siyasi deyil, ekspertlər qərar verməlidir” iddianızın səhv olduğunu göstərməkdir. Bu iddianız anti-demokratikdir, demokratiyanın bütün konsepsiyaları tərəfindən qəbul edilmiş mərkəzi prinsipə ziddir. Bu demokratik prinsipə görə hər bir vətəndaşın öz həyatına təsir edəcək kollektiv qərarvermə prosesində birbaşa və ya dolayı yolla iştirak etmək hüququ var. Burada kollektiv qərarvermə dedikdə ümumölkə, regional və ya daha aşağı səviyyədəki siyasi qərarlar nəzərdə tutulur. Bəs siyasi qərarlar hansılardır? Ya da belə deyək: bizim həyatımıza təsir edən hansı məsələlər siyasidir?

Dövlətin faktiki olaraq müdaxilə etdiyi, hüquqi olaraq müdaxilə edə biləcəyi və ya müdaxilə etməli olduğunu iddia etdiyi istənilən məsələ siyasidir.

Dövlətin həmin sahədəki müdaxiləsinin (tənzimləmə, xərac alma, qadağa qoyma, dəstək olma və s.) mövcud qanunlara uyğunluğunun, nəticəsinin müsbət və ya mənfi olmasının, vətəndaşların əksəriyyəti tərəfindən dəstəklənib-dəstəklənməməsinin məsələnin siyasiliyinə aidiyyatı yoxdur. Bir işə dövlət qarışırsa, qarışa bilərsə, ya da qarışmaq istəyisə, həmin məsələ siyasidir. Bu da o deməkdir ki, həmin məsələ vətəndaşların həyatına təsir edir və kollektiv qərarvermə prosesindən keçməlidir. Yəni həmin məsələdə dövlətin müdaxiləsinin necə olmasını birbaşa (siyasi aktivizm, seçkidə iştirak, etirazlar, nümayişlər və s.) və ya dolayı (öz nümayəndələrinə – deputat, bələdiyyə sədri, icra başçısı və s. məktub yazmaq, onlarla görüş tələb etmək və s.) yolla məhz vətəndaşlar müəyyən edir. Beləliklə də nəticəsindən asılı olmayaraq istənilən siyasi qərarı vətəndaş (birbaşa və ya dolayı yolla) formalaşdırmalıdır və həmin kollektiv qərarvermə prosesindən və ya onun hasil etdiyi nəticədən narazı qalan vətəndaş daima etiraz etmək haqqına sahibdir. Bir sözlə, siyasi qərarları vətəndaşlar verməlidir, eksperlər yox. Bunu rədd edirsizsə, siz demokratiyanı da rədd edirsiz. Demokratiyanı da rədd edirsizsə (anarxistlərin əli dəmirdə), daha sizə sözüm yoxdur.

İndi qayıdaq konkret koronavirus misalına. Koronavirusla mübarizə adı altında ölkədə icbari karantin tətbiq edilir. Gəlin bunu yuxarıdakı təriflər əsasında siyasilik testindən keçirdib görək bu icbari karantin siyasi məsələdir, ya yox.

  1. İcbari karantin vətəndaşların həyatına təsir edirmi?
  2. İcbari karantini dövlət tətbiq edirmi?

Hər iki sualın cavabı “hə”dir. (Birinci sualda soruşulan təsir müsbətdir, yoxsa mənfi? İcbari karantin zəruridir, ya yox? Bu sualların məsələyə – icbari karantinin siyasiliyinə dəxli yoxdur.) Deməli, icbari karantin siyasi məsələdir və onun qəbul edilməsi ilə yanaşı necə icra edilməsinə vətəndaşlar qərar verməlidirlər. Qərarın nə olmasından asılı olmayaraq isə bütün bu icbari karantin müddətində (və hətta sonradan da) vətəndaşlar icbari karantini tənqid edə bilərlər. Demokratiyada vətəndaşa “qərarı verdin, indi rədd ol otur yerində!” deyilmir, qərar kollektiv şəkildə qəbul edildikdən sonra belə özünün siyasi və sivil hüquqlarından istifadə edərək vətəndaş qərar barədə müsbət və ya mənfi fikir bildirə, qanuni yollarla qərarın dəyişdirilməsinə çalışa bilər. Qərarları vətəndaşlar qəbul edir o demək deyil ki, ölkədəki hər bir adam hər məsələyə şəxsən özü qarışır, o barədə fikir bildirir. Seçkilərdə partiyalar platformalarını açıqlayırlar, vətəndaşlar da gedib bəyəndikləri siyasi partiyaya (siyasətçiyə) səs verir. Seçilmiş siyasətçinin işi verdiyi vədləri yerinə gətirmək, vətəndaşın da işi daima siyasətçini nəzarətdə saxlayıb onun başının üstün kəsdirməkdir. Seçilmiş siyasətçi vətəndaşın xoşuna gəlməyən qərar verəndə də vətəndaş bir çox yolla etiraz edib “ağa mənəm!” mesajını verməyə çalışmalıdır.

Azərbaycanda dövlət müxtəlif qurumları – İcra Hakimiyyəti, TƏBİB, Operativ Qərargah, Səhiyyə Nazirliyi (?), Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi və s. – vasitəsi ilə icbari karantin qərarı qəbul edib tətbiq edir. Bu qərarın qəbulunda və icrasında biz vətəndaşlar iştirak edə bilirikmi? (Şəxsən mən iştirak edə bilmirəm, siz edirsizsə, mənə də deyin.) Əlimizdən gələn ancaq sosial şəbəkələrdə icbari karantini tənqid etməklə etirazımızı bildirmək, koronavirus barədə müxtəlif mənbələrdən məlumat yığmaqdır. Bəzilərimiz elmi məqalələrə istinad edərək, yaxud da heç bir məqaləyə zada istinad etmədən öz müşahidələrimiz əsasında icbari karantinin zəruri olmadığını deyib onu tənqid edirik. Bu vaxtı da hansısa demokratiya düşməni, vətəndaş-dövlət münasibətlərindən bixəbər cahil yazır ki, “siz həkimsiz, yoxsa alim? Qoyun qərarı mütəxəssislər versin;” yəni demək istəyirlər ki, “pəki sən kimsən?!”

Bu adamlar hesab edirlər ki, icbari karantin ilə bağlı qərarı ekspertlər verməlidir çünki vətəndaşın epidomologiya ilə bağlı biliyi yoxdur. Bəli, vətəndaşın belə biliyi yoxdur, amma vətəndaşın siyasi və sivil hüquqlarından istifadə edə bilməsi üçün bilikli olması şərt deyil, əqli-səlim olması kifayətdir. Hətta demokratiyaya qarşı çıxan allahın epistokratları belə deyirlər ki, vətəndaşın sivil hüquqlarının (etiraz, tənqid, nümayiş və s.) mövcudluğu üçün onun siyasi bilikli olması şərt deyil. Epistokratlar deyirlər yanlız siyasi hüquqlar (seçmə və seçilmə hüququ) məhz siyasi biliyi olan vətəndaşlara verilməlidir. Yəni “siz həkimsiz?” söhbəti edənlər demokratiyaya epistokratlardan daha böyük düşməndirlər və maraqlısı da budur ki, demokratiya düşməni olduqlarından özlərinin bixəbər olmaqları onu göstərir ki, ölkə onlar istəyən kimi idarə edilsə, onların həm sivil, həm də siyasi hüquqları əllərindən alınmalı olacaq. Dövlətin idarə edilməsindən danışanda onlara deyəcəklər “siz politoloqsuz, yoxsa alim?” Və ya onlar demokratiyadan dəm vuranda kimsə deyəcək “siz siyasi filosofsuz, yoxsa alim?” Ya da iqtisadi vəziyyətdən şikayət edəndə onlara deyiləcək “siz iqtisadçısız, yoxsa alim?”

Xülasə, icbari karantin yaxşı da olsa, pis də olsa siyasi qərardır və bu qərarı vətəndaşlar verir (verməlidir / verə bilməlidir), formalaşdırır (formalaşdırmalıdır / formalaşdıra bilməlidir) və icrasına nəzarət edir (etməlidir /edə bilməlidir). Təbii ki bu qərarvermə prosesində vətəndaş ekspertlərin rəyini məsləhət kimi nəzərə ala bilər və çox güman alır da, lakin son qərarı yenə də məhz vətəndaş verir. Misal üçün, seçkilərdə politoloqlar hamısı desə ki, “ay camaat, A partiyası yaxşıdır, ona səs verin,” seçki günü vətəndaş özü qərar verəcək bu məsləhətə qulaq asıb A-ya səs versin, yoxsa başqa partiyaya. Son qərar vətəndaşındır. Eləcə də digər siyasi qərarlarda (icbari karantin də daxil olmaqla) vətəndaş ekspertə qulaq asa bilər və qulaq asması da məsləhətdir amma son qərarı özü verəcək. Yuxarıdakı vətəndaşlar barədə dediklərim siyasətçilərə də aiddir, onlar da ekspertlərdən məsləhət alıb son qərarı özləri verirlər çünki siyasətçilər ekspertlərin yox, bütün vətəndaşların iradəsini əks etdirməli və son olaraq “vətəndaşlar üçün ən yaxşısı nədir?” sualına məhz özləri cavab verməlidir. Onlar bu cavaba gəlib çıxana qədər həm vətəndaşlar, həm digər siyasətçilər, həm də ekspertlərlə məsləhətləşə, onları dinləyə bilərlər, yekun qərar isə özlərinin olmalıdır.

Nə ekspertlər, nə də bir başqa qrupun siyasi qərarlar üzərində monopoliyası var. Ona görə də də növbəti dəfə kiminsə icbari karantinlə bağlı nəsə (xüsusən də tənqidi fikir) yazdığını görsəniz, həmin fikrin özünü qiymətləndirin, boş-boş danışıb “siz həkimsiz, yoxsa alim?” sualı verməyin. Cəhalətiniz bizi yorur, daha öyrənin belə şeyləri, ya da heç olmasa susun.

Müəllif(lər)

+ Digər yazıları

Milan Universitetində siyasi fəlsəfə üzrə doktorantura tələbəsi, Bakı Araşdırmalar İnstitutunun əməkdaşı, Mərkəzi Avropa və Haydelberq universitetlərinin məzunu.

This Post Has 3 Comments

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.