Liberal kimə deyilir?

  • Post comments:4 rəy
  • Reading time:17 mins read

Liberal sözü təəssüf ki, çoxmənalıdır. Amma ona konkret tərif verməkdənsə liberal birinin bölüşməli olduğu dəyərləri təsvir etməyə çalışacam. Burada liberal deyəndə həm klassik liberalları, həm də libertarianları nəzərdə tutacam. Bu iki qrup arasında müəyyən fərqliliklər olsa da, ikisi də eyni ənənədəndir və çox vaxt sinonim kimi istifadə edilir. Həmçinin bu iki qrup daxilində də fərqli axınlar mövcuddur amma onların ortaq cəhətlərinə fokuslanacağım üçün onların öz daxili debatlarına toxunmayacam. İddiam budur ki, həyat tərzindən – libertin və ya mühafizəkar olmasından asılı olmayaraq istənilən insan liberal ola bilər. Biz liberalizmi dövlət-vətəndaş münasibətlərinə dair fikirlər irəli sürən siyasi ideologiya kimi başa düşməliyik, ümumiyyətlə insanlar arasındakı münasibətləri tənzimləyən əxlaq nəzəriyyəsi olaraq yox. Başqa sözlə desək, liberalizm dövlət vətəndaşa və vətəndaş da dövlətə nə edə bilər, nə edə bilməz; bir insan vətəndaş olaraq digərlərindən nəyi tələb edə bilər, nəyi edə bilməz kimi suallara cavab axtarır. Bizim insan olaraq hansı cür yaşamağımız, zövqlərimizin, dinimizin, nəyi və ya kimi sevib-sevməyəcəyimiz siyasi ideologiya olaraq liberalizmə dəxli yoxdur.

Liberallar fərdi azadlığı ən əhəmiyyətli siyasi dəyər hesab edərək iddia edirlər ki, dövlət fərdlərin azadlığına mümkün qədər az müdaxilə etməli və hər bir müdaxiləsini də ciddi şəkildə əsaslandırmalıdır. Fərdin azadlığının zəruri olmadığı hallarda məhdudlaşdırılması ədalətsizlikdir. Buna görə də fərdlərə qarşı zorakılıq yalnız və yalnız onların başqalarının haqlarını pozmasının qarşısını almaq məqsədi ilə tətbiq edilə bilər. Yəni fərdləri başqalarına zərər verməməkləri üçün nəyəsə məcbur etmək olar amma onları özlərinin, yaxud da cəmiyyətin ümumi maraqlarına xidmət etmək məqsədilə nəyəsə məcbur etmək olmaz. Dövlət və ya digər vətəndaşlar bir fərdi başqalarına pislik etməməsi üçün nəyəsə məcbur edə, onun azadlığını məhdudlaşdıra bilər, lakin başqalarına və ya özünə yaxşılıq etməsi üçün ona qarşı heç bir zorakılıq tətbiq edə bilməz. Tutaq ki, mən kiminsə mülkünə icazəsiz girirəmsə kimsə mənə qarşı zorakılıq tətbiq edərək məni həmin mülkdən çölə çıxarda bilər, başqalarını döyürəmsə məni zərərsizləşdirmək üçün başqaları mənə müdaxilə edə bilər. Amma məsələn, mən heroin istifadə edib özümə zərər vururamsa, heç kim əlimdən heroini ala bilməz çünki bu, mənim həyatımdır və necə yaşayacağımı özüm bilərəm. Yaxud da heç kim məni məcbur edə bilməz ki, yıxılan adama əl verib onu qaldırım çünki mənim etik olaraq başqasına yaxşılıq etmək öhdəliyim ola bilər amma siyasi olaraq belə bir öhdəliyim yoxdur. Buna görə də, bir siyasi ideologiya olan liberalizm başqasına yaxşılıq etmək üçün mənim nəyəsə məcbur edilməyimi doğru hesab etmir.

Beləliklə, liberallar deyirlər ki, siyasi sistem elə qurulmalıdır ki, fərdin azadlığı maksimum, dövlətin müdaxiləsi isə minimum olsun. Sonuncunu azaltmağın ən yaxşı yolu dövlətin səlahiyyətlərini azaltmaq və onun müdaxilə edə biləcəyi sahələri məhdudlaşdırmaqdır. Liberallar anarxist olmadıqlarından hesab edirlər ki, fərdlərin canını və malını xarici və daxili hücumlardan müdafiə etmək işi dövlətə həvalə edilməlidir. Bunun üçün isə dövlətin müvafiq olaraq ordusu və polis gücü olmalıdır. Yəni ordu ilə dövlət – müəyyən bir ərazidə legitim zorakılıq haqqının özünə məxsus olduğunu iddia edən qurum – xarici təhlükədən vətəndaşlarını qorumalı, polis ilə ölkə daxilində əmniyyəti təmin etməlidir. Əlavə olaraq, liberallar ədliyyənin də dövlətin işi olduğunu hesab edirlər. Ədalətli məhkəmələr yaratmaqla dövlət insanlar arasındakı və insanlarla dövlət arasındakı ixtilafları əvvəlcədən müəyyən edilmiş qanunlar və prosedurlar vasitəsilə sülh yolu ilə həll etməlidir. Deməli, liberalın istədiyi dövlət ordusu, polisi və məhkəməsi olan minimal dövlətdir. Bu dövlət ordu, polis və məhkəmənin fəaliyyətini təmin etmək üçün vətəndaşlardan vergi yığa bilər amma bu sahələrdən kənara çıxmaq – başqa sahələri tənzimləmək məqsədilə vətəndaşdan vergi yığıla bilməz və ümumiyyətlə bu sahələrdən kənara dövlət müdaxilə edə bilməz.

Göründüyü kimi liberallar üçün ən vacib dəyər siyasi azadlıqdır və onlar neqativ nəzəriyyəni qəbul edərək azadlığı müdaxiləsizlik kimi başa düşürlər (ətraflı müzakirə üçün bura bax). Liberallara görə azadlıq ən yaxşı azad bazar münasibətləri mövcud olduqda qorunur, yəni hər bir fərd mülkiyyət əldə edə, öz əməyini istədiyi şərtlər altında sata, öz pulunu istədiyi kimi xərcləyə – bir sözlə, istədiyi kimi yaşaya bilməlidir. Yəni onun istədiyi kimi yaşamasına (başqalarının haqlarını pozmadığı təqdirdə) dövlət və ya digərləri müdaxilə etməməlidir. Heç kim istədiyim kimi yaşamağım üçün mənə kömək etməyə borclu deyil, amma mənə müdaxilə etməməyə borcludur. Bəziləri azadlığı mülkiyyət, bəziləri isə mülkiyyəti azadlıq kimi görür; bu iki yanaşma arasındakı debata girmədən demək olar ki, mülkiyyət və azadlıq bir-biri ilə sıx əlaqəlidir. Hayekin də dediyi kimi “çap alətləri hökumətin nəzarətindədirsə, mətbuat azadlığı mümkün deyil; lazım olan otaqlar nəzarət altındadırsa, toplaşmaq azadlığı yoxdur; nəqliyyat vasitələri hökumətin inhisarındadırsa, hərəkət etmək azadlığı yoxdur.” (Bax: Hayek, Friedrich A. – New Studies in Philosophy, Politics, Economics, and the History of Ideas. 1978, səh. 149) Çünki çap alətləri (yaxud da xəbər saytları) dövlətin nəzarətində olanda dövlət istədiyi vaxt sizin onlardan istifadənizə qadağa qoya bilər. Beləliklə, sizin mətbuat azadlığınız dövlətin iradəsindən asılı olacaq; həmin alətlərdən istifadə edə bilmək üçün özünüzü dövlətə xoş göstərməli, lazım gələndə onun bəyənmədiyi şeyləri yazmamalı və ona yaltaqlanmalısınız. Mülkiyyət ilə azadlıq arasındakı bu sıx əlaqəyə əsaslanaraq liberallar deyirlər ki, dövlət vətəndaşları xarici və daxili təhlükədən qorumaq, həmçinin ixtilafları məhkəmələrdə sülh yolu ilə həll etmək üçün fərdlərin mülkündən (burada mülk deyiləndə fərdin sahib olduğu bütün sərvət nəzərdə tutulur) məcburi şəkildə yetərincə vergi yığa bilər, amma bundan artıq heç nə edə bilməz.¹

On doqquzuncu əsrin sonlarından etibarən bəzi liberallar iddia etməyə başladılar ki, özəl mülkiyyət və azad bazar insanların rifahını yaxşılaşdırmır, onlar arasındakı bərabərsizliyi dərinləşdirir, buna görə də dövlət iqtisadiyyata müdaxilə etməli və sosial ədaləti təmin etməlidir. Hazırda ABŞ-da liberal deyilən insanlar bu qəbildən olan rifah dövləti liberallarıdır. Onlar iqtisadi azadlıqların məhdudlaşdırılmasını, iqtisadiyyata dövlət müdaxiləsini tələb edirlər və digər məsələlərdə də fərdlərin azadlıqlarını radikal şəkildə müdafiə etmirlər. Məsələn, dövlətin insanların həyatına paternalist müdaxiləsini dəstəkləyirlər: bütün narkotik maddələrin leqallaşdırılmasına qarşı çıxır, qeyri-sağlam hesab etdikləri qida məhsullarına (məsələn, şəkər) əlavə vergi tələb edirlər. Qısası, bu gün ABŞ-da olan liberallar bizim nəzərdə tutduğumuz liberallar deyillər çünki onlar həm iqtisadi, həm də sivil azadlıqları məhdudlaşdırırlar.

Liberalizmi hərtərəfli doktrina mənasında istifadə etmədiyimdən dövlətin kiçildilməli olduğunu və fərdlərin başqalarına zərər vermədiyi təqdirdə azadlıqlarının məhdudlaşdırılmamalı olduğunu qəbul edən hər kəsi liberal hesab edirəm. Dövlət və ya başqaları bir fərdi nə özünə, nə də cəmiyyətə yaxşılıq etməyə məcbur edə bilməz. Fərddən tələb edilən yeganə şey onun başqalarına zərər vurmamasıdır. Zərər dedikdə zorakılıq², təhdid, nadir hallarda isə manipulyasiya³ nəzərdə tutulur. Liberal adam dövlətin paternalist müdaxiləsinə haqq qazandırmamalıdır: insanların qeyri-sağlam qidalanması, zərərli maddələrdən istifadə etməsi, özünə zərər vurmasına dövlət müdaxilə etməməlidir. Həmçinin, dövlət cəmiyyətin istəklərinə uyğun olaraq başqasına zərər vurmayan adamı cəzalandırmamalıdır: məsələn, cəmiyyətin pozğunluq hesab etdiyi işlərlə (məsələn, seks işçiliyi) məşğul olan adam hansısa ad altında cəzalandırılmamalıdır. Qısası, liberal adam alan razı, verən razı prinsipini qəbul etməyi bacarmalıdır. Siz mühafizəkar ola, içki içməyi günah və ya yanlış hesab edə bilərsiniz amma içki içən insanları cəzalandıra, onların əlindən içkisini ala və ya içkiyə əlavə vergi tətbiq edə bilməzsiniz. Eləcə də mən İslam dinini sevməyə bilərəm amma müsəlmanın namaz qılmasına müdaxilə edə və ya dövlətdən namazı kriminallaşdırmasını tələb edə bilmərəm. Liberal adam üçün dövlət-vətəndaş münasibətləri sadədir: başqasına zərər verməyən adamın azadlığı məhdudlaşdırılmamalıdır (həmin adamın özündən, yaxud da onun əməlindən sizin razı olub-olmamağınızın isə bura dəxli yoxdur).

Əgər siz bu prinsipi qəbul edir, həmçinin dövlətin kiçildilməli olduğunu düşünürsünüzsə, burada istifadə etdiyim mənada siz liberalsınız. Sizin libertin və ya mühafizəkar, dindar və ya dinsiz olmağınızın, hansısa əməli etik nöqteyi-nəzərdən doğru hesab edib-etməməyinizin bura dəxli yoxdur. Açıq yazım: seks işçilərindən, homoseksuallardan, narkotik maddə istifadəçilərindən iyrənə də bilərsiz, onlarla hansısa əlaqə qurmaqdan, hətta onlara salam verməkdən belə imtina edə bilərsiniz. Başqaları da sizdən eyni şəkildə iyrənə bilər. Sizin hansısa qrup insanı sevmək kimi öhdəliyiniz yoxdur, başqalarının da sizi sevmək öhdəliyi yoxdur. Bir-birinizin azadlığını zorakı vasitələrdən istifadə edərək məhdudlaşdırmadığınız müddətcə sizin hər ikinizin də liberal olmağınız üçün bir əngəl yoxdur. Ona görə də kiminsə “mən liberal ola bilmərəm çünki mühafizəkar insanam” deməsi doğru deyil; insanlar başqalarına zərər vermədiyi hallarda siz onlara qarşı zorakılıq tətbiq etmək istəmirsinizsə, onda mühafizəkarlığınızı qoruyaraq liberal ola bilərsiniz.

Məsələn, seks işçiliyinin haram olduğunu, homoseksuallığın düzgün olmadığını təbliğ edə bilərsiniz – bu barədə yaza, danışa, tədbirlər keçirə bilərsiniz. Amma məqsədiniz seks işçilərini bu işlə məşğul olmamağa və insanları da seks işçilərinin təklif etdiyi xidmətdən istifadə etməməyə inandırmaq olmalıdır. Sizin məqsədiniz dövlətin seks işçilərini cəzalandırmasına nail olmaq olmamalıdır. Birinci növ məqsəd liberalizm ilə ziddiyyətdə deyil, ikinci növ məqsəd isə liberalizmə ziddir çünki siz insanlara zərər verməyən bir qrup insanın həyatına zorakı vasitələrdən istifadə edərək müdaxilə etmək, onların azadlığını məhdudlaşdırmaq istəyirsiniz. Eləcə də homoseksuallığa qarşı təbliğat apara bilərsiniz amma məqsədiniz homoseksulları homoseksuallığın xəstəlik və ya haram olduğuna inandırmaq kimi şeylər olmalıdır, zorakılıq ilə onların həyatına müdaxilə edilməsini tələb etmək olmamalıdır. Məsələn, eynicinsli nigahın qadağan edilməsi liberalizmə ziddir çünki dövlət iki yetkin insanın evlənmək istəyinə icazə vermir. Həmin adamlar başqasına zərər vermirlər amma dövlət onların azadlığını (evlilik azaldığı) mhdudlaşdırır. Halbuki kişi ilə qadının nigahını dövlət məhdudlaşdırmır. Deməli, eynicinsli nigahın qadağan edilməsi həm ayrı-seçkilikdir, həm də dövlətn zorakılıqdan istifadə edərək iki yetkin insanın azadlığını məhdudlaşdırması. Bu baxımdan da liberal seks işçilərinin də azadlığını qorumalıdır, homoseksualların da (nigah hüququ da daxil olmaqla).

Liberalizm siyasi ideologiyadır və dövlət-vətəndaş münasibətləri barədə fikirlər irəli sürür. Başqasına zərər vermədiyi halda insanlara müdaxilə edilməsinə qarşısınızsa və dövlətin kiçildilməyinin tərəfdarısınızsa, onda siz sözün burada istifadə etdiyim mənasında liberalsınız. Nə dindən, nə də adətlərdən imtina etməyinizə ehtiyac yoxdur; onları qoruyaraq liberal ola bilərsiniz.

Müəllif(lər)

+ Digər yazıları

Milan Universitetində siyasi fəlsəfə üzrə doktorantura tələbəsi, Bakı Araşdırmalar İnstitutunun əməkdaşı, Mərkəzi Avropa və Haydelberq universitetlərinin məzunu.

This Post Has 4 Comments

  1. Nurlana Jalil

    Liberal aspektdə “alan məmnun, verən məmnun” prinsipinin dar mənada problemli olduğunu düşünürəm. Bunu konkret case üzərində göstərəcəm və aydınlıq gətirilməsini istəyəcəm.

    Azərbaycanda Qadın sünnəti (Female Genital Mutilation – FGM) ilə bağlı araşdırma edirəm və bu məsələdə dövlətin müdaxiləsinin vacib olduğu qənaətindəyəm. Lakin qadın sünnəti icra edilən bölgədə sünnətli qadınların bu adətdən məmnun olduğunu, dəstəklədiyini və onların icma olaraq bu adətlərinə müdaxilə edilməyinə kəskin qarşı olduqlarını görürəm. Onlar məmnundur və heç bir halda bu adətin zorakılıq olduğunu qəbul etmir. Mən isə dövlətin buna müdaxilə etməyini və bu adətin qarşısının alınması tədbirlərinin etməyini tələb edirəm, çünki bu zorakılıqdı. (Yeri gəlmişkən, bu işdə qarşısını alma tədbirləri kompleks işdir: qanunvericlikdə kriminallaşdırılmasından, insanlar arasında (həm VCT həm də aidiyyatı qurumlar, məsələn qadın komitəsi ) aydınlanmanın aparılmasınadək).

    Belə olan halda “alan-verən” prinsipi nə qədər doğrudu və bu tip adətə (uşaqları çıxsaq, kənardan gələn uşaqlı qadınlar öz xoşları ilə müsəlman olmaları üçün bunu könüllü etdirir) dövlət müdaxilə etməməlidi?

    Liberalizmin dövlət-vətəndaş münasibətlərində ancaq fərd üzərindən hesablanmağını, bir fərdi başqa bir fərdin zorakılığından qorumalı olduğu halda müdaxiləsinin məqbul olduğunu natamam hesab edirəm.

    1. İlkin Hüseynli

      Uşaqlara qarşı sünnət məsələsinə fikir bildirə bilməyəcəm. Lakin yetkin qadınlar özlərini sünnət etdirirlərsə, dövlət buna qarışa bilməz. Çünki dövlət paternalist müdaxilə edə bilməz. Qadın sünət olmaq istəyirsə, sənin bu adətdən xoşunun gəlməməyi və ya onu zərərli hesab etməyin sənə əsas vermir ki, dövlət müdaxiləsi tələb edəsən. Eyni məntiqlə hamı bir-birinin həyatına müdaxilə edə bilər.

  2. Farida

    Salam.
    Meqalenizi oxudum, maraqlı idi.
    Bu meqaleden çıxardığım netice ve sizin verdiyiniz kriteriya üzerinden getmeli olsam, o zaman men de liberal insanam ve meqalede vurğuladığınız ve bir insanın liberal eden hansı kriteriyadırsa, ona cavab verirem. Sadece, burada meni düşündüren bir meqam var. Ferz edek ki, men dindaram, ki dinle meşğul oluram, amma diger terefden de liberalam. Dövlet bir terefden eynicinsli şexslerin evlenmesine qarşı çıxır ve bunun qarşısını hüquq esasında almağa çalışır, yeni onların azadlığını mehdudlaşdırır. Men özüm bir terefden yazılarımla, fikirlerimle homoseksualları , onların evliliklerine qarşıyam, onları desteklemirem, lakin onlarla , onların azadlığı ile heç bir işim yoxdur. Bele bir vaxtda, dövletin homoseksualların özel heyatına illegitim müdaxilesinin qarşısını almaq üçün protestolar keçirdilir, imzalar yığılır ve men de eger buna sessiz qalıramsa eger, menim sessiz qalmağım dövletin emellerine meşuriyyet qazandırır mı ? ( halbuki bunu da bilirem ki, men seçimlerimde, gösterilere qatılmağımda, imza atmağımda serbestem, kimse buna müdaxile ede bilmez ve meni mecbur ede bilmez)

    1. İlkin Hüseynli

      Salam. Aktiv şəkildə homoseksualların hüquqlarının (evlilik hüququ, məsələn) məhdudlaşdırılmasını müdafiə edir, bu yöndə yazılar yazaraq və danışaraq təbliğat aparırsınızsa, onda siz də dövlətin homoseksualların hüquqlarının məhdudlaşdırılmasındakı işinə dəstək verirsiniz. Bir dindar olaraq özünün məqalədəki mənada liberal hesab edirsinizsə, onda təbliğatınız “dinimizdə homoseksuallar lənətlənib lakin bu fakt dövlətə homoseksualların hüquqlarını məhdudlaşdırmağa əsas vermir; məncə, homoseksuallar günahkardırlar ammma dövlət onların həyatına müdaxilə etməməlidir” tipli olmalıdır. Necə ki dövlətdən ateistləri cəzalandırmasını və ya ateistlərdən əlavə vergi almasını – qısası, ateistlərin hüquqlarını məhdudlaşdırmasını tələb etmirsiniz (baxmayaraq ki, sizin dininizdə ateistlər kafir və ya günahkardır), eləcə də dövlətdən homoseksuallara qarışmasını tələb etməyin (baxmayaraq ki, homoseksuallar sizin dininizdə günahkardır).

      Əgər homoseksuallara qarşı heç bir təbliğat aparmırsınızsa, onda LGBTQ mitinqlərinə qoşulmamaqla homoseksuallara zərər vermir, dövləti dəstəkləmiş sayılmırsınız. Lakin hakimiyyətdə olan partiyaya səs verəndə, bu faktı da nəzərə alıb qiymətləndirmənizi onun əsasında aparmalı olacaqsınız. “Mən X partiyasına səs verirəm ammma bilirəm ki, bu partiya homoseksualların həyatına müdaxiləni dəstəkləyir. Homoseksuallara qarışmaq istəməyən və mənim digər məsələrdə də razılaşdığım başqa partiya varmı?” kimi sualları özünüzə verməli olacaqsınız.

      Əgər indi hakimiyyətdə olan partiyaya müxalifsinizsə və homoseksuallara qarşı da təbliğat aparmırsınızsa, onda LGBTQ mitinqlərində iştirak etməməklə, məncə, homoseksuallara zərər vermirsiniz – yəni sizin elə bir öhdəliyiniz yoxdur. Amma təbii ki iştirak etsəniz daha yaxşı olar. Nəticədə həmin homoseksuallar sizin həmvətənlərinizdir (eyni ölkənin vətəndaşlarısınız) və sizin bir qrup həmvətəninizin hüquqları pozulur. Hakimiyyətdəki partiyanı dəstəkləsəniz də, dəstəkləməsəniz də mövcud hakimiyyətə qarşı həmin həmvətənlərinizin hüquqlarını qorumaq vətəndaşlıq fəzilətidir (əxlaqi öhdəlik olmasa da).

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.