Yəqin elə adam tapmaq olmaz ki, azadlığı vacib dəyər hesab etməsin. Həmçinin kimi dindirsən deyəcək ki, yetkin insanlar həyatları ilə bağlı qərarları özləri verməlidir və onlarla uşaq kimi davranmaq doğru deyil. Amma əksər insanlar iş praktikaya gələndə nə azadlığı zərurət olmadığı (başqasına zərər vurulmadığı) halda digər dəyərlərə qurban verməkdən, nə də yetkinlərə uşaq kimi davranmaqdan çəkinirlər. Buna çox misal vermək olar amma indi cəmi bir məsələyə toxunmaq istəyirəm: dövlətin lisenziyalar üzərindəki monopoliyasına.
Söhbətimizə başlamazdan əvvəl bəzi məsələləri dəqiqləşdirək. Birincisi, burada azadlıq deyiləndə siyasi fəlsəfədə dominant fikir olan neqativ azadlıq başa düşüləcək. Mənim azadlığım yalnız və yalnız o halda məhdudlaşır ki, sən mənim hansısa bir hərəkəti icra tməyimi bilərəkdən və ya bilməyərəkdən, xoş və ya pis niyyətlə, birbaşa və ya dolayı yolla qeyri-mümkün edirsən; yəni, mənim hərəkətimə müdaxilə edirsən. İkincisi, biz azadlığı gündəlik həyatda normativ anlayış olaraq istifadə edirik, buna görə də “filan şeyi etmək azadlıqdır” deyəndə əslində “filan şeyi edən adama heç kim müdaxilə etməməlidir” demək istəyirik. Burada da mən azadlığı gündəlik istifadə edildiyi qaydada istifadə edəcəm. Üçüncüsü, yenə də gündəlik danışığa (həm də libertarianizmə) uyğun olaraq belə güman edəcəm ki, mənim azadlığım yanlız başqasına zərər vurduğum hallarda məhdudlaşdırılmalıdır; başqasına zərər vurmadığım halda isə azadlığım məhdudlaşdırılmamalıdır.
İndi gələk lizenziyalar məsələsinə. İstənilən sahə üzrə fəaliyyət göstərmək üçün Azərbaycanda hansısa dövlət qurumundan və ya dövlətin səlahiyyət verərək bir sahədə monopoliya yaratmasına imkan verən qeyri-dövlət qurumundan lisenziya almaq lazımdır. Tutaq ki, mən bir klinika açmaq istəsəm Səhiyyə Nazirlinin n qədər tələbinə cavab verməliyəm. Və bu tələblər də ya absurddur, ya da gərəksizdir. Məsələn, tələblərdən biri budur ki, klinika üçün mənim mülküm və ya kirayə götürdüyüm bir məkan olsun. Məgər klinika üçün mənim yerim (binam) olmasa klinika açaram? Yəni bunu Nazirlik deməsə guya mən bilmirəm? Digər bir tələb budur ki, mənim müəyyən avadanlıqlarım olmalıdır. Yəni klinikada hansı xəstəlikləri müalicə etmək istəyəcəyimə, klinikanın hansı sahələrə fokuslanacağına təkbaşına mülk sahibi olaraq özüm qərar verə bilmirəm. Nazirlik tələb edir ki, filan xəstəliklərin müalicəsi üzrə mənim klinikam mütləq fəaliyyət göstərməlidir və mən həmin avadanlıqları xaricdən ölkəyə gətizdirməliyəm. İndi məsələ budur ki, klinikanın fəaliyyətinə, hansı avadanlığın lazım olub-olmayacağına Nazirlik niyə qərar verir? Mən mülk sahibi kimi öz klinikamın ən yaxşı olmasına çalışacam onsuz da və hansı sahələr üzrə müalicə təklif edəcəyimə də mən qərar verməliyəm. Elə bil mən mağaza açıram və Səhiyyə Nazirliyi tələb qoyur ki, “mağazada mütləq çörək satmalısan.” Bəlkə mən satmaq istəmirəm, kimə nə? Məsələ bununla da bitmir, Nazirlik həm də tələb edir ki, mənim müəyyən sayda həkimin və qeyri-həkim (tibb bacısı / qardaşı, təmizlikçi və s.) işçim olmalıdır. Öz mülkümdə nə qədər adam işlədəcəyimə məndən başqa biri – Nazirlik niyə qərar verməlidir axı? Nə qədər işçinin lazım olduğunu məndən yaxşı biləcək hansısa bürokrat?
Lizenziya almaq məsələsi təkcə səhiyyə müəssələrinə aid deyil. Mən özəl məktəb və ya kurs açmaq istəsəm, bu dəfə də Təhsil Nazirli ilə əlləşməli olacam: mülküm olmalıdır, filan qədər müəllim işçim olmalıdır, filan fənnlər mütləq tədris edilməlidir və s. Yaxud da mən bir televiziya kanalı açmaq istəsəm Milli Televiziya və Radio Şurasının nazını çəkməli olacam. Bilmirsizsə, icazə verin deyim: MRTŞ illərdir yeni televiziya kanalı açılmasına icazə vermir, səbəb kimi isə onu göstərir ki, Azərbaycanda media bazarı kiçikdir və özəl kanal reklamdan pul qazana bilməyib müflis olacaq, ona görə də bəribaşdan heç kimə icazə kanal açmağa icazə vermir. Radio açmağa da imkan vermirlər. İndi guya MRTŞ mənim pulumun qədrini məndən çox bilir? Yoxsa MRTŞ-nın mənə canı yanır? Kanal açıb müflis olacam? Lap yaxşı, pul mənimdir, kimə nə? Heç kim bir sahəni araşdırmadan ora pul qoymur, biznesin təbiəti budur ki, biznesmen kimi mən riskə girməliyəm. Bəlkə mənim kanalım ən yaxşı kanal olacaq, buna niyə MRTŞ qərar verməlidir axı? Məgər müflis olsam gəlib MRTŞ-nin yaxasından yapışacam?
Yəqin indi fikirləşirsiz ki, kanal açmaq üçün lizensiya lazım deyil amma tibb müəssəsəsi açmaq üçün zəruridir çünki səhiyyə vacib sahələrdir və vətəndaş bilməlidir ki, bu xəstəxana keyfiyyətlidir. Əvvəla onu deyim ki, mən lizenziyanın özünə qarşı deyiləm. Mən icbari lizensiyaya və eyni zamanda da bu icbari lisenziyanın dövlətin və ya onun icazə verdiyi müəyən qurumların monopoliyasında olmasına qarşıyam. Bu nə deməkdir? Məsələn, kimsə klinika açmaq istəsə lizensiyasız da bunu aça bilməlidir amma özünün etibarlı, keyfiyyətli klinika olduğunu sübut etmək üçün mülk sahibi istəsə gedib müəyyən qurumlardan (Nazirlikdən yaxud da bu sahə üzrə fəaliyyət göstərəcək başqa bir qeyri-hökumət təşkilatından) lisenziya ala bilər. Məsələn, dil kursları işə götürəcəyi müəllimdən IELTS, GRE, TOEFL kimi beynəlxalq test nəticələri tələb edir, daha ərizəçidən Dillər Universitetinin diplomunu və ya TQDK-da ingilis dilindən neçə düz yazdığını soruşmur. Eyni zamanda, Təhsil Nazirliyi özəl kursların kimi müəllim kimi işə götürməsinə də qarışmır (ən azından de-fakto vəziyyət budur ki, ixtisasca müəllimlik və onunla əlaqəli sahə oxumayan adamlar dil kurslarında işləyirlər və “yaxşı müəllim” kimi ad da çıxardırlar. Nazirlik qarışmayan yer lap qəşəng inkişaf da edir, pul da qazanır, keyfiyyətli təhsil də verir).
Bu yazının əvvəlindəki fikirləri qəbul edən hər bir kəs məntiqi olaraq icbari lisenziyaya qarşı olmalıdır. Başqa yolu yoxdur. Azadlığı bir dəyər hesab ediriksə, istənilən adam klinika aça bilməlidir, vətəndaşlar da istədikləri klinikaya gedə bilməlidirlər. Bu münasibətlərə dövlət qarışmamalıdır. Dövlətin işi insanların bir-birinə zərər vurmasının qarşısını almaqdır. Məsələn, biz bir-birimizi öldürə bilmərik, döyə bilmərik. Yaxud da mən satıcı olaraq xarab bir malı yeni mal adı altında müştəriyə satıb onu aldada bilmərəm. Belə hallarda dövlətin işə müdaxiləsi normaldır (məsələn, aldadılan müştəri mağaza sahibini / satıcısını məhkəməyə verə bilər). Eyni məntiqlə, azadlığı dəyər sayırıqsa, onda klinika sahibi olaraq mən şəffaflıq göstərib “mənim heç bir qurumdan lisenziyam yoxdur” deyirəmsə və buna rəğmən insanlar müalicə üçün mənim klinikama gəlirlərsə, bu münasibətə dövlət müdaxilə etməməlidir. Alan razı, satan razı, dövlətə nə gəlib? Nə klinika xəstəni aldadır, nə də xəstəni həmin klinikaya getməyə kimsə məcbur edir. Bəs burada problem nədir?
Deyə bilərsiz ki, insanlar heç də hər getdikləri klinikanın lisenziyaları barədə araşdırma aparmırlar. Amma bunu dediyiniz andan etibarən siz yetkin insanlara uşaq kimi baxırsız və hesab edirsiz ki, bu adamlar özləri üçün ən yaxşının nə olduğunu bilmirlər (çünki başları işləmir, tənbəldirlər və s.) və buna görə də onların yerinə dövlət qərar verməlidir. Bir insanın özünün və ailəsinin sağlamlığına görə dövlət ondan daha çox narahat olacaq? Yəni fikirləşirsiz ki, insanlar axmaqdır və getdikləri klinikanın keyfiyyəti barədə maraqlanmırlar? Camaat kafeyə girəndə menyuda qiymətə baxmamış az qala heç çay sifariş vermir, yəni gedəcəyi klinikanın keyfiyyəti, lisenziyası və s. barədə araşdırmayacaq? Yəni klinikaya girəndə də soruşmayacaq ki, buranın lisenziyası var? İnsanların azadlığını – özü də heç kimə zərər vurmadıqları halda – nəyə görə məhdudlaşdırıb onlarla uşaq gözü ilə baxmalıyıq? Lap hesab edək ki, kimsə səhlənkarlıq edir və keyfiyyətsiz bir klinikaya gedir. Bu adam özünə zərər vuracaq, başqasına yox. Belə bir halda dövlət nə haqla onun azadlığını məhdudlaşdırıb “sən qanmırsan, mən səndən yaxşı bilərəm, filan yerə getməyini qadağan edirəm!” deyə bilər axı? Əgər “deyə bilər” deyirsizsə, onda gədin Mao babanıza şam yandırın, mənim burada vaxtımı aparmayın.
Qısası, siz əgər azadlığı dəyər hesab edirsizsə – başqasına zərər vurmadığı halda insanın azadlığının məhdualaşdırılmamalı olduğunu fikirləşirsiz və yetkin insanlarla uşaq kimi rəftar edilməməlidir fikrini qəbul edirsizsə, onda icbari lisenziyalara qarşı olmalısız. Çünki icbari lisenziyalar insan azadlığını məhdudlaşdırır və yetkin insanları uşaq kimi görərək onları təhqir edir. Dövlət faktiki olaraq bizim hər birimizə “sən qanmazsan, başın çıxmır sənin üçün ən yaxşısı nədir amma mənim bürokratlarım sənin üçün nəyin faydalı olduğunu səndən yaxşı bilir. Başqasına zərər vurmasan belə ancaq mən dediyim yerə gedə bilərsən!” deyib bizimlə uşaq kimi davranır və azadlığımızı heç bir zərurət olmadan (heç kimə zərər vermədiyimiz halda) məhdudlaşdırır.
Müəllif(lər)
Siyasi filosof. Pavia Universitetinin tədqiqatçısı.
“Məsələn, tələblərdən biri budur ki, klinika üçün mənim mülküm və ya kirayə götürdüyüm bir məkan olsun. Məgər klinika üçün mənim yerim (binam) olmasa klinika açaram? Yəni bunu Nazirlik deməsə guya mən bilmirəm?”
Bu tələb online biznes açmağın qarşısını almaq üçündür, yəni kimsə evdən skaypla həkim məsləhəti verə bilməz. Dövlət buna imkan vermək istəmir (hərçənd mübahisəli və absurd qaydadır)
Oxudum, bu məsələlərdə haqlısınız, onsuz da bunu inlar edən adam bizdə çətin tapılar. Məni narahat edən daha çox dərman və ərzaq təhlükəsizliyi məsələsidir ki, bu məsələdə Səmədin arqumentləri məni qane etmir. Abşda FDA adlanan qurum var (hərçənd o da korrupsiyalaşmış, işəyaramaz bir təşkilatdır). Deyək ki, lisenziyanı yığışdırdıq, mən promotion edib kanserojen olan bir enerji içkisi buraxdım 30 qəpiyə, qiymətə görə də bazarı ələ keçirdim. onda insanların ucuz və keyfiyyətsiz ərzaqdan imtinası, sırf kiminsə zəhərlənməsindən və ya illər sonra xəstələnməsindən sonra baş verəcək (trial & error), yoxsa bunun qarşısını necəsə inzibati olmayan yollarla almaq olar?
Kimsə onlayn həkimlik məsləhəti vermək istəsə də bu qadağan edilməməlidir çünki “alan razı, satan razı.”
İkinci məsələ isə belədir ki, bazarı ələ keçirmək və dərmanı reklam etmək üçün insanları inandırmaq lazım gələcək ki, “bu dərman testdən keçib və təsdiqlənib.” Bu “test” hansısa qurumun, universitetin testi ola bilər. Məsələn, “dərmanı X universitetinin tibb fakültəsi professorları öz labatarotiyalarında test etdilər və bizə öz qurumlarının sertifikatını verdilər” tipli bir mesaj insanları inandıra bilər. Belə olan halda da universitet öz prestiji üçün yalandan sertifikat verməz. Və insanların universitetin verdiyi sertifikara inanması ağlabatandır (təbii ki, universitetin prestijli olduğunu güman edirəm).
Yox əgər universitet prestijli deyilsə, yaxud da dərman sahibi ümumiyyətlə heç bir sertifikat almayıbsa və dərmanını 30 qəpiyə satırsa, bu, artıq insanların öz seçimidir. Onlar heç bir sertifikatı olmayan 30 qəpiklik testə inanmaq istəyirlərmi? Bu riskə getmək istəyirlərmi? İstəyirlərsə, özləri bilər, onlara dövlət qarışmamalıdır. Yenə də “alan razı, satan razı.”
Dövlət bir halda qarışa bilər: mal sahibi müştərini aldadanda. Məsələn, sertifikatı olmadığı halda yalandan “sertifikatım var” desə, onda müştərilər (xəstələr və s.) şirkəti məhkəməyə verə bilər. Burada isə məsələ lisenziyanın olub-olmaması yox, bir tərəfin digərini aldatmasıdır (indi də belə növ yalanlara görə şirkətləri və ya şəxsləri məhkəməyə vermək mümkündür).
Dərman və ərzaq məsələsi bir qədər mübahisəlidir. Mən hansısa bir quruma gəlirimin müəyyən bir hissəsini verməyə razıyam ki, bazara nəzarət eləsin və bazarda mənim sağlamlığıma ciddi ziyan vuracaq məhsul olmasın. Əgər belə bir məhsul varsa və mən onun ziyanını bilmirəmsə, bu neytral bur şey deyil. Utopiyadan kənara çıxanda görürsən ki, insanların bir hissəsi çox savadsızdır və onlar bu məhsulları alacaqlar. Siz onların xəstələnib ölməsinə göz yumursuz bəlkə də. Ancaq dövlətin də bu işə qarışmasının səbəbi odur ki, o insanları qoruya bilsin. Çünki təhsil nə qədər irəli olsa da cəmiyyətdə elə bir hissə var ki onlar həmişə belə qərarlarla öz ölümlərinə ya da xəstələnmələrinə səbəb olacaqlar. Və onlar tək tük deyillər, sayları yetərincə çoxdur ki ölkə üçün problemə çevrilsin. Bunu hesaba qatmaq lazmdır.
Dövlətin vətəndaşın həyatına vətəndaşın özünü qorumaq üçün müdaxilə etməsi (yəni vətəndaşın başqasına yox, özünə vuracağı zərərin qarşısını almaq üçün müdaxiləsi) paternalist müdaxilədir. Yəni dövlət vətəndaşa yetkin insan yox, uşaq kimi davranır. Paternalist müdaxiləsi isə, ələlxüsus da dövlət paternalizmi əxlaqsızlıqdır. İkinci məsələ, dərman firmalarına lisenziyanı özəl şirkətlər, nüfuzlu universitetlər və s. verə bilərlər, siz də gəlirinizin bir hissəsini həmin qurumlara verərsiz istəsəniz ki, onlar dərman firmalarını daha yaxşı yoxlasınlar. Yaxud da QHT tipli təsisatlar qurumlar (sizin kimi insanların könüllü ianələri əsasında) və həmin qurumlar müxtəlif dərmanları dərman şirkəti ilə müqavilə bağlamadan test edər və testin nəticələrini də ictimailəşdirər. Beləcə, həm dərman firmalarının müqavilə bağlayaraq (kənar auditor tipli) öz məhsullarını tet etdirdikləri qurumların, həm də müstəqil fəaliyyət göstərən QHT tipli qurumların lisenziyaları əsasında vətəndaşlar hansı dərmanın yaxşı, hansının pis olduğunu bilər. Tutaq ki, Tibb Universiteti özəldir və onun labaratoriyası nüfuzludur, həmin qurum hansı dərmana lisenziya versə, həmin dərman etibarlı hesab ediləcək. Məsələ budur ki, lisenziya üzərində dövlətin monopoliyası olmasın və lisenziya icbari olmasın. Vətəndaşın öz seçimidir – istəsə heç bir lisenziya almamış, yaxud da nüfuzlu qurumların pislədiyi dərmanları alar, istəsə də məhz nüfuzlu qurumların lisenziya verib təriflədiyi dərmanları alar. Dövlət qələt edər vətəndaşa uşaq kimi davranıb onun üçün nəyin yaxşı olduğuna qərar varər – təkrar edirəm, dövlət paternalizmi əxlaqsızdırlıq və azadlığın məhdudlaşdırılmasıdır.
Pingback: Minimal dövlət, oliqarxiya, lisenziya, paternalizm | Rasional