“Siyasi Fəlsəfəyə Giriş” kitabı yayımlandı

  • Post comments:0 Comments
  • Reading time:6 mins read

Deyirlər, hamı vergisini vaxtında verməlidir. Vergi isə icbari pul yığımıdır. Vergini vermirsən, səndən alırlar. Vergini verməkdən imtina etsən, cərimələnir və sonda da həbs edilirsən. Dövlət deyir ki, o, səndən vergi yığaraq məktəb açır, yol salır. Amma sən heç vaxt dövlətlə müqavilə bağlamamısan və “mən sənin xidmətlərini istəmirəm, məndən vergi alma” deyə bilmirsən. Onda vergini – yəni icbari pul yığımını oğurluqdan fərqləndirən şey nədir? Məsələn, mən sənin pulunu səninlə razılaşmamış əlindən alıb onunla xəstəxana açsam, ya da yol salsam, onda oğru sayılmıram? Niyə eyni davranışı dövlət edəndə olar, amma mən edəndə olmaz? Dövlət göydən düşüb?

Deyirlər təbii sərvətlər xalqa mənsub olmalıdır. Neft təbii sərvətdir, yəni onu xalq yox, təbiət yaradıb. Niyə neftin gəliri onu tapıb istismar edənlərə qalmamalı, bütün vətəndaşlar arasında bölünməlidir? Tutaq ki, təbii sərvətlər insanlar arasında bölünməlidir, çünki onlar təbiətin insanlara hədiyyəsidir. Belə olan halda, məsələn, Bakı nefti niyə bütün insanlar arasında deyil, məhz bütün azərbaycanlılar arasında bölünməlidir? Bakı neftini təbiət məhz azərbaycanlılara hədiyyə edib?

Deyirlər, insanlar bərabər olmalıdır. Bu nə deməkdir – insanların gəlirləri bərabər olmalıdır? Bəlkə də insanların imkanları, yaxud hüquqları bərabər olmalıdır? Və ümumiyyətlə, insanlar niyə bərabər olmalıdır? Aristotelin də dediyi kimi, ədalət bizdən bərabər hallara bərabər yanaşmağı, qeyri-bərabər hallara da qeyri-bərabər yanaşmağı tələb edir. Məsələn, iki tələbə bütün suallara doğru cavab versə, onda müəllim onlara eyni – ən yüksək qiyməti yazmalıdır. Əgər müəllim onlara fərqli qiymətlər versə, ədalətsizlik etmiş olar. İnsanlar da bərabərdirlərsə, onda hansısa (əxlaqi cəhətdən) uyğun bir məsələdə insanlar bərabər olmalıdırlar. Əvvəla, insanlar bacarıqlarına və potensiallarına görə bərabər deyillər. Bəs onları bərabər edən şey nədir? Əlavə olaraq, hansı xüsusiyyət(lər) “insanlar bərabərdir” iddiası üçün uyğundur? Məsələn, söhbət imkan bərabərliyindən gedirsə, insanlar hansı bərabər xüsusiyyətlərinə görə bu bərabərliyə layiqdirlər?

Bütün bu suallar az və ya çox siyasi, dolayısı ilə siyasi fəlsəfi suallardır. Siyasi fəlsəfə azadlıq, ədalət, avtoritetlegitimlik kimi siyasətə dair fundamental anlayışları araşdıran, “dövlət olmalıdırmı?” və “dövlət olmalıdırsa, necə olmalıdır?” kimi vacib suallar soruşan fəlsəfi bir sahədir. Biz siyasətə qarışmasaq da, o bizə qarışır. Başımızı aşağı salıb öz işimizlə məşğul olaraq özümüzü aldada bilərik, fəqət siyasət hər gün həyatımıza müdaxilə edərək nələri edib, nələri edə bilməyəcəyimizi müəyyənləşdirir. Ona görə də yetkin insanlar olaraq bizə hər gün müdaxilə edən şey barədə ən azından bilik sahibi olmalı və siyasətin təbiətinə dair suallar verməliyik.

Siyasi bilik nəyə gərəkdir? Biz siyasi cahil olsaq, onda dövlətdən konkret olaraq nə tələb etdiyimizi ardıcıl şəkildə müəyyən edə bilməyəcəyik. Bu gün bir şey istəyəcəyik, sabah başqa bir şey. Həmçinin, dövlətə yönəltdiyimiz tələblər bəzən bir-biri ilə uyğun gəlməyəcək, amma biz bunun fərqində belə olmayacağıq. Nə istədiyimizi dəqiqləşdirmək və tələblərimizin ardıcıllığını təmin etmək üçün bizə siyasi bilik lazımdır. Siyasi biliyi əldə etməyin yollarından biri siyasi fəlsəfədir.

Azərbaycan dilindəki mövcud fəlsəfi ədəbiyyat boşluğunu cüzi də olsa aradan qaldırmaq məqsədilə bu kiçikhəcmli kitabın tərcüməsini sizə təqdim edirəm. Ceyson Brennan amerikalı siyasi filosofdur. Cavan olsa da, həm akademiyada, həm də akademiyadan kənarda olduqca məşhurdur. Məşhurluğunun səbəblərindən biri keyfiyyətli və çoxsaylı fəlsəfi kitab və məqalələr dərc etməsidir. Digəri isə filosof olmayan insanların da rahatlıqla başa düşə biləcəyi sadə dildə yazaraq geniş auditoriyaya çıxış əldə edə bilməsidir. Ümid edirəm, mən də tərcümə zamanı Brennanın sadə dilini qoruyub saxlaya bilmişəm.

 

Müəllif(lər)

Vebsayt |  + Digər yazıları

Siyasi filosof. Pavia Universitetinin tədqiqatçısı.

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.