Zorakı bərabərlik deyil, iqtisadi artım kasıbları xilas edir

  • Post comments:1 Comment
  • Reading time:10 mins read

ABŞ-da iqtisadi bərabərsizlik sferasındakı qəzəb [2016-cı il] prezident seçkilərində əsas müzakirələrə yön verdi. Məsələ ilə bağlı fikir ayrılığı siyasi prizmada özünə yer tapsa da müəyyənlik mövcud deyil.

Bərabərsizlik mövzusu haqqında müzakirələrdə müəyyənlik, ortaq qənaətin olmaması və ya onun əksikliyi yeni deyil, çoxdan mövcud olan çatışmazlıqdır. Məsələn, 1970-ci ildə qəbul edilmiş İllinoi ştatının konstitusiyasına nəzər yetirək. Bu konstitusiya “yoxsulluğu və bərabərsizliyi aradan qaldırmaq” məqsədini daşıyırdı.

Yoxsulluq və bərabərsizlik arasındakı əlaqəyə də diqqət yetirmək lazımdır. Yaxşı səslənir. Kim hər ikisini ortadan qaldırmaq istəməz ki?

Lakin, gəlin bir az düşünək.

Yoxsulluğun aradan qalxması, şübhəsiz ki, yaxşıdır və xoşbəxtlikdən, bu, artıq qlobal miqyasda baş verməkdədir. Dünya Bankının hesabatına görə tarixin istənilən dövrü ilə müqayisədə layiqli həyatın əsas elementləri hazırda ətrafımızdakı kasıb insanlar üçün böyük bir fərqlə daha əlçatandır. Yaxın keçmişdə səfalət məkanı olan Şanxay indi daha yaxşı yollar və körpüləri ilə Amerikanın ən müasir bölgələrinə bənzəyir. Hindistanın real gəlirləri hər 10 ildən bir 2 dəfə artır. Böyük Səhradan cənubdakı Afrika nəhayət ki inkişaf edir. Hətta varlı ölkələrdə belə 1970-ci illə müqayisədə hazırda kasıb təbəqə qidalanma, səhiyyə kimi məsələlərdə daha yaxşı vəziyyətdədirlər.

Bəs biz bərabərsizliyə fokuslanaraq yoxsullara həqiqətən kömək edə bilərikmi?

1867-ci ildə Phineas Finn adlı əsərində böyük ingilis yazıçısı Antoni Trollop bu suala öz cavabını verir. Onun liberal qəhramanı təklif edir ki, “kişilərlə qadınları bərabərləşdirmək siyasi nəzəriyyəmizin mahiyyətindən qaynaqlanırdı.” Onun radikal və daha uzaqgörən dostu isə “xeyr, bərabərlik çirkin bir sözdür və qorxuludur” cavabını verib əlavə edir ki, “yaxşı insan özündən aşağıda olanları qaldırmağa kömək etməlidir.” Yoxsulluğu ləğv et və qoy sərvətin bölüşdürülməsi prinsipi öz işini görsün.

İqtisadi artım 1800-cü ildən etibarən məhz buna nail olmaqdadır. Ən vacib məsələlərdə bərabərlik dünyada acınacaqlı şəraitdə yaşayanların vəziyyətini yaxşılaşdırmaqla davamlı şəkildə artır. Geniş perspektivdə baxsaq təməl məsələlərdə kasıbların maddi imkanlarının yaxşılaşması varlıların daha çox Roleks saatı əldə etməsindən daha vacibdir.

Əxlaqi baxımdan vacib olan xüsus Roleks sahiblərinin sayının bərabərləşdirilməsi deyil, kasıbların yaşamağa evlərinin və zəruri ehtiyaclarını ödəməyə pullarının, oxumağa və səs verməyə imkanlarının olması, polis və məhkəmələr tərəfindən hamı kimi bərabər münasibət görməsidir. Seçki hüquqlarının təmin edilməsi və onların üzləşə biləcəyi haqsız zorakılıqların qarşısının alınması vacibdir.

Prinston Universitetinin filosofu Harri Frankfurt bu məsələni belə şərh edir: “İqtisadi bərabərlik özlüyündə əxlaqi baxımdan xüsusi əhəmiyyət kəsb etmir.” Bunun əvəzinə, Trollopun radikal liberalının diliylə desək, kasıbları Frankfurtun “kafi” adlandırığı səviyyə – insanların demokratik cəmiyyətdə fəaliyyət göstərməsi və layiqli həyat yaşaması üçün kifayət edəcək səviyyəyə qaldırmalıyıq.

Məşhur Harvard filosofu Con Roulzun “fərq prinsipinə” nəzər salaq. Varlı insanın sahibkarlıq fəaliyyəti ən kasıbların vəziyyətini yaxşılaşdıra bilirsə, onda varlının yüksək gəlir əldə etməsinə haqq qazandırmaq olar.

Var-dövlətin görməmişcəsinə gözə soxulması bayağı və qıcıqlandırıcıdır. Amma paxıllıq əsasında qurulmayan dövlət siyasəti onları qəbul etmək məcburiyyətində deyil.

Yoxsulluq əsla yaxşı şey deyil. İqtisadi fərq də daxil olmaqla ümumilikdə fərq isə adətən yaxşıdır. Bu səbəbdən də nyu-yorklular kaliforniyalılar və şanxaylılarla məhsul mübadiləsinə girirlər və xarici ticarətin əleyhinə çıxmaq uşaqlıqdır. Buna görə də biz müzakirə edirik və əsrimiz romanlarla memuarlar əsridir. Məhz buna görə də biz müxtəliflik istəyirik, yaxud da istəməliyik.

İqtisadi baxımdan bərabərliyə fokuslanmağa praktiki etiraz odur ki, biz böyük cəmiyyətdə ədalətli və mənalı şəkildə bərabərliyə nail ola bilmərik. Təbii ki, dostlar arasında bir pizzanı bərabər bölmək mümkündür. Lakin elementar istehlak və əsas siyasi hüquqlar istisna olmaqla, ixtisaslaşmış və dinamik iqtisadiyyatda bərabərlik mümkün deyil. Hündür lalələri ancaq zorakılıqla qırmaq olar.* Və konkret hansı lalələri qırmalı olduğunuzdan əmin olmalısınız. Şəxsi mənafeyi olan insanlardan təşkil olunmuş hökumətin resursların necə etik bölüşdürülməli olduğunu bildiyinə inanmaq sadəlövhlükdür.

Digər problem isə budur ki, kəsmək məhsulun həcmini azaldır. İqtisadiyyatın böyüməsinə və insanların qazanmasına səbəb olan fəaliyyətlərin mükafatlandırılmasına icazə verməliyik. Əgər beyin cərrahı ilə taksi sürücüsü eyni məbləği qazansaydı, bizim kifayət qədər beyin cərrahımız olmazdı. Niyə özünü yorasan ki? Hərtərəfli düşünülmüş mərkəzi plan doğru insanları doğru işlərə məcbur edə bilər. Halbuki, məcburi bərabərlik cəhdlərində həll yolu kimi dəfələrlə tətbiq edilən bu tərz planlama zorakılıqdır və fantaziyadır. Bu fantaziyaların reallaşdırılmasına da, zorakılığa da Stalin Sovetində və Mao Çinində cəhd edilib.

Çoxumuz hisslərimiz baxımından sosialistik çünki Ananın mərkəzi planlama ilə məşğul olduğu mehriban ailələrdə böyümüşük. Mehriban ailə daxilində bölüşmək lap yaxşı işləyir. Amma yetkin insanlar liberal cəmiyyətdə istədikləri şeyləri bu qaydada əldə etmirər. Azad yetkinlər başqalarına məhsul və xidmət hazırlamaq, sonradan isə onu könüllü olaraq mübadilə edərək öz ehtiyaclarını qarşılayırlar. Yetkinlər sıfır-cəm dünyasında istədikləri şeyləri Təbiət Ananın verdiyi mannanı [qidanı] dilimləyərək əldə etmirlər.

Dövlət zorakılığını Bill Qeyts kimi milyarderlərin sərvətini alıb evsizlərin ehtiyaclarını ödəmək üçün də istifadə edə bilərik (Açığı, cənab Qeyts onsuz da öz sərvətini xeyriyyə üçün xərcləyir). Zorakılığı minimuma endirmək üçün, müsadirəni çıxmaq şərti ilə, təhlükəsizlik şəbəkəsini dəstəkləyə bilərik və dəstəkləməliyik. Məsələn, K-12 təhsili** hamımızdan məcbur alınan vergilər vasitəsilə maliyyələşdirilməlidir. Amma daha bundan artığını etməməliyik.

Riyazi olaraq baxsaq, yoxsullara vermək üçün varlıların sərvətini almaq yoxsulların vəziyyətini elə də yaxşılaşdırmır. Əgər əhalinin ən zəngin 20 faizinin bütün sərvətini qəpiyinə qədər alıb əhalinin ən kasıb 80 faizinə versəydik, sonuncuların  iqtisadi vəziyyəti 25 faiz yaxşılaşardı. Təkcə ən varlıların sərvətini müsadirə etsək, aşağıdakılar daha az pul əldə edəcək. Və sərvətin bölüşdürülməsi cəmi bir dəfə mümkündür.

Mülkiyyəti müsadirə edilmiş şəxsdən öz sərvətinin ikinci dəfə əlindən alınmasına razı olacağını gözləyə bilməzsiniz. Azad cəmiyyətdə onlar İrlandiyaya və ya Kayman Adalarına köçə bilərlər. Və dövlət onların pulunun çoxunu əllərindən alıbsa, həmin səfil milyonerlər növbəti il çətin ki yenidən milyonlar qazana bilsinlər.

Problemin həlli məcburi və ya könüllü xeyriyyəçilik deyil, sınanmış mübadilə əsaslı artımdır. Cənubi Koreyada iqtisadi artım nəticəsində ən kasıb təbəqənin gəlirləri 1953-cü il real gəlirləri ilə müqayisədə 30 dəfə artıb. İndi biz hansını istəyirik? Varlılardan birdəfəlik (paxıllığımızı və qəzəbimizi soyudaraq) kiçik ölçüdə pul qopartmaq, yoxsa yoxsulların böyük ölçüdə yüksəlişinə səbəb olacaq azad cəmiyyət?

Həqiqətən istədiyimiz və əldə edə biləcəyimiz bərabərliyə – sosial ləyaqət bərabərliyi və qanun qarşısında bərabərlik – fokuslanmağımız daha yaxşı olar. Sərvətin məcburi olaraq bölüşdürülməsi ilə əldə edilən sosialist bərabərliyin əksinə, liberal bərabərlik yoxsulluğun ən pisini aradan qaldırır. Böyük Britaniya, Sinqapur və Botsvanada liberal bərabərlik möhtəşəm şəkildə buna nail oldu. Əlbəttə hələ ediləsi çox şey var. Yəni ətraf mühitə həssaslıqla yanaşan və varlı mühəndislərin sayını artıracaq daha böyük artım lazımdır. Qoy karbon assimilyasiyası texnikası yaratmaqla və digər yeni enerji mənbələri tapmaqla pullarını qazansınlar. Bu, hamımızı zənginləşdirəcəkdir.

Gənclik illərimin qəhrəmanları Marks və Engelsi parafraz edək: Bütün ölkələrin işçiləri, birləşin! Durğunluqdan (staqnasiyadan) başqa itirəcəyiniz heç nə yoxdur. Liberal cəmiyyətdə sınanmış mübadilə əsaslı inkişaf tələb edin.

Bəziləri buna kapitalizm deməyə cürət edirlər.

Müəllif(lər)

+ Digər yazıları

Müqavilələr üzrə hüquq mütəxəssisi, Bakı Dövlət Universiteti məzunu, Dokuz Eylül Universiteti magistr tələbəsi.

This Post Has One Comment

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.