Amerikalıların kütləvi dövlət təhsilindən əvvəl savadsız olduqları mifi

  • Post comments:0 rəy
  • Reading time:13 mins read

Amerika ilk dövrlərində geniş yayılmış yazıb-oxuma bacarığına (savadlılığa) və dinamik öyrənmə mədəniyyətinə sahib idi.

Bütün valideynlər övladlarının təhsilində üç ay əvvəl gözləməyəcəkləri ciddi dəyişikliklərlə məşğul olmaqdadırlar. Pandemiya səbəbilə məktəblərin bağlanması müəyyən dərəcədə İqtisadi Təhsil Fondunun (İTF) baş təhsil işçisi Kerri Makdonaldın iki ay əvvəl təxmin etdiyi kimi kütləvi şəkildə evdə təhsil trendi yaratmaqdadır. Kim bilir, bəlkə də milyonlarla gəncin dövlət məktəblərindəki siniflərdən uzaq düşdüyü bir vəiyyətdə təhsil özü dövlət müdaxiləsindən əvvəlki dövrlərdəki kimi yaxşı olacaq?

Nə?” deyə qışqıra bilərsiniz. “Hökumət onu idarə, təmin etməzdən və maliyyələşdirməzdən qabaq təhsil acınacaqlı, hətta yox vəziyyətində deyildimi? Dövlət məktəblərindəki müəllimlər mənə əminliklə bunu deyiblər, deməli bu, doğrudur” deyə bilərsiniz.

Əslində isə, ən azından Amerikanın erkən dövrlərində, təhsil çox insanın düşündüyündən və eşitdiyindən daha yaxşı və geniş yayılmışdı. Bu, heç də həmişə “kitab tədrisi” deyildi, amma funksional idi və gənclərin çoxunun həmin dövrdə üzləşdiyi dünyaya uyğun olaraq tərtib edilmişdi. Hətta noutbuklar, üzgüçülük hovuzları olmadan və bu gün dövlət məktəblərinin xərclədiyi məbləğin sadəcə bir hissəsilə təəccüblü olsa da amerikalılar ölkənin yarandığı ilk yüz ildə savadlı idilər.

Bir neçə gün əvvəl bestseller müəllif Stefen Mensfildin Linkolnun Tanrı ilə savaşı: Prezidentin inamla mübarizəsi və onun Amerika üçün mənası adlı heyrətamiz kitabını oxuyarkən erkən dövr Amerika təhsilinin təəccüb doğuran nailiyyətlərini xatırladım. Kitab qatı bir ateist olan [amma] Fords teatrındakı faciəvi gecədə həyat yoldaşına dediyi son sözlərdə “Müqəddəs torpaqları ziyarət edib Məsihin addımlarıyla nurlanmış həmin yerləri” görəcəyinə söz verən ABŞ-ın 16-cı prezidentinin mənəvi həyat yolunu izləyir.

Bir azdan Mensfildin kitabından məlumatlandırıcı və uzun bir hissəni sitat gətirəcəyəm, amma ilk olaraq əksəri İTF-nin arxivindən götürülmüş bir neçə mükəmməl, mövzuyla əlaqəli işi təqdim etmək istəyirəm.

1983-cü ildə Robert A. Petersonun yazdığı Kolonial Amerikada təhsil məqaləsi bir sıra təəccübləndirici fakt və göstəriciləri aşkarlayır. Peterson yazır ki, “bu gün universitetlərimizdə belə nadirən oxunan və başa düşülən federalist yazılar sadə insanlar tərəfindən yazılıb oxunurdu. Savadlılıq səviyyəsi bu günkü qədər, hətta daha yüksək idi. 1800-cü ildə DuPont de Nemours tərəfindən aparılmış araşdırmaya görə hər min amerikalıdan təkcə dördü savadlı deyildi.”

Syuzen Alder Amerikada təhsil məqaləsində yazır ki, 19-cu əsrdə valideynlər sivil hökumətin hər hansı şəkildə uşaqları təhsillə təmin etmək məsuliyyətinin olduğunu və ya özündə belə bir məsuliyyət ehtiva etməli olduğunu düşünmürdülər. Təkcə bir ştatda (Massaçusets) Vətəndaş müharibəsindən əvvəl icbari təhsil qanunları var idi, halbuki savadlılıq ölkə tarixinin ən yüksək səviyyələrindəydi.

Böyük Britaniya da oxşar trenddə irəliləyib. 1996-cı ildə Edvin Vest XIX əsrdə Britaniya və Amerikada icbari təhsilin yayılmasından öncə adlı məqaləsində yazırdı ki, milli icbari təhsil tətbiq edilməyə başlananda (1880-ci ildə) 15 yaşlıların 9 faizindən çoxu savadlı idilər. Bir əsrdən daha uzun müddət sonra Britaniyadakı 21 yaşlıların 40 faizi yazıb oxumaqda çətinlik çəkdiklərini qəbul edirdilər.

Qaradərili qullarına təhsilini qadağan edən qanunların kökü 1740-cı ilə qədər gedib çıxır, amma oxumağa olan həvəs savadlılığın davamlı yüksəlişini əsarət altında belə dayandırmağa imkan vermirdi. Dini təlim məqsədilə qullara oxumaq (amma yazmaq yox) öyrədilməsinə heç də az rast gəlinmirdi. Bir çoxları özləri, yaxud da qanunu pozmaq istəyənlərin köməyilə yazmağı öyrənirdi. Dövlətin qaradərililərin təhsilini cənub ştatlarında qadağan etmə səyləri bugünkü narkotik əleyhinə qanunlardan çox da effektiv deyildi. Əgər istəyirdinsə, tapa bilərdin.

Hesablamalara görə qullar arasında savadlılıq Vətəndaş müharibəsi ərəfəsində 10-20 faiz arasında dəyişirdi. 1880-ci ilədək cənub qaradərililərinin 40 faizi savadlı idi. 1910-cu ildə, federal hökumətin K-12 maliyyələşdirməsilə təhsil sektoruna qarışmazdan yarım əsr əvvəl, qaradərililər arasında savadlılıq 70 faizi ötüb ağdərililərlə müqayisə olunacaq səviyyəyə çatdı.

Deniel Letier 2016-cı ildə qələmə aldığı Dövlət məktəbləri həqiqətən Amerikada savadlılığı artırdımı? məqaləsində izah edir ki, dövlət təhsil sistemi gənclərin oxuyub yazmağı öyrənəcəyini sığortalamır. O, ABŞ Təhsil Departamentinin apardığı araşdırmadan sarsıdıcı məlumatları sitat gətirir: “32 milyon yetkin amerikalı savadsızdır, 21 faiz amerikalı 5-ci sinif şagirdindən daha aşağı səviyyədə oxuya bilir və tam orta təhsillilərin 19 faizi funksional olaraq savadsızdırlar yəni onlar gündəlik həyatı planlaşdırmaq və bir çox peşə tərəfindən tələb olunan tapşırıqları yerinə yetirmək üçün lazım olan səviyyədə oxuma bacarığına sahib deyillər.”

Amerikada icbari dövlət məktəbləri özəl təhsilin geniş miqyaslı uğursuzluğu ucbatından təsis edilməyib, bu da amerikalıların onlar olmadan savadsız qalacaqları mifini təbliğ etməyin həm yanlış olduğunu, həm də dövlət məktəbləri istəblişmentinin özünə xeyir verdiyini göstərir.

Kerri Makdonaldın Dövlət məktəbləri immiqrantları indoktrinasiya etmək üçün təşkil edilib məqaləsində yazır ki, “dövlət təhsilinin başlıca motivasiyası savadsızlıq qorxusu kimi xoşniyyətlilik deyildi”. Onun 2019 tarixli Məktəbsizlər: Adi sinif otağından kənarda maraqlı, savadlı uşaqlar yetişdirmək kitabı standartlaşmış, testə fokuslanan, həddən artıq bahalı və siyasiləşmiş bugünkü dövlət təhsilinin funksional, özünü idarə edə bilən alternativlərini araşdırır.

Əgər Amerikanın savadlılıqdan milli təhsil böhranına aparan yolu necə keçdiyinə aydınlıq gətirən yaxşı bir tarixi araşdırma axtarırsınızsa, yenicə nəşr edilmiş, Castin Spirs və həmkarlarının müəlliflik etdiyi Uğursuzluq: Amerika təhsil sisteminin tarixi və nəticələri kitabı sizə uyğundur. Hökumətin valideynlərə, müəllimlərə və şagirdlərə necə kələk gəldiyini görmək ürək ağrıdıcıdır.

Stefen Menfildin kitabından bir hissə paylaşacağıma söz vermişdim, beləliklə indi həmin hissəni təqdim etmək istəyirəm. Diqqətlə oxuyun və unutmamağa çalışın:

“İngiltərəni tərk edib Yeni Dünyaya [Amerika qitəsinə] gələn erkən ingilis mühacirləri qorxurdular ki, vəhşi təbiətdə barbarlara çevriləcəklər. İngiltərədəki yaxınları onların okeanın o tayına keçib orada yaşayanda özlərinin savadlılıq, təhsil, inanc kimi xüsusiyyətlərini itirəcəyini düşünürdülər. İlk kolonistlər bu qorxularla mübarizə aparmaqda qərarlı idilər. Onlar özləri ilə birlikdə kitablar, çap maşınları, müəllimlər gətirdilər və məktəblərin maliyyələşdirilməsi onların prioritetinə çevrildi. Puritanlar 1630-cu ildə Bostonun əsasını qoydular və 6 il ərzində Harvard kollecini təsis etdilər. 10 il sonra onlar artıq koloniyalardakı ilk kitabı, Bay Psalm Booku çap etdilər. Amerikalı kolonistlər təhsilə o qədər kökləndilər ki, –  protestanlara xas İncil mütaliəsi mövzusundakı inadkarlıqdan, yerliləri xristianlaşdırma və onlara təhsil vermə ümidindən qaynaqlanan ilhamla – az qala möcüzəvi bir təhsil mədəniyyəti yaratdılar.

Bu uğura azad təhsil bazarı vasitəsilə nail olundu. Kolonial cəmiyyət işçi ailələrinin uşaqları üçün özəl məktəblər (dame schools), latın qrammatikası məktəbləri, repetitorlar (hazırda “ev məktəbi” [home school] adlanır), kilsə məktəbləri, kasıblar üçün məktəblər, istedadlılar və imkanlılar üçün məktəblər təklif edirdi. Bu təhsil qurumları biliyi dindarlığın əlaməti kimi görən mədəniyyət tərəfindən əhatələnmişdi. Kitablar qiymətləndirilir və yaxşı oxunurdu. Hörmətli rahibin minlərlə belə kitabı ola bilərdi. Xütbələr uzun və məlumatlandırıcı olurdu. Qəzetlər qısa müddətdə oxunur və mehmanxanaları, salonları dolduran ideyaların müzakirəsinə səbəb olurdu. Vətəndaşlar “zehnin inkişafı məqsədilə” yığıncaqlar –  debat cəmiyyətləri, oxu klubları və hətta İngiltərədən gələn ən son kitabların oxunduğu toxuculuq dərnəkləri təşkil edirdilər.

Kolonial Amerikanın intellektual nailiyyətləri heyrətamiz idi. Ən təcrübəli Amerika təhsili tarixçilərindən biri olan Lourens Kremin həmin dövrdəki savadlılıq səviyyəsini 80–90 faiz arasında hesablayıb. Bencamin Franklin 5 dil öyrənmişdi və istisna sayılmırdı. Cefferson ərəb dili daxil olmaqla 6 dil öyrənmişdi. Corc Vaşinqton rəsmi təhsilinin olmaması üzündən hədsiz xəcalətli idi, halbuki bu gün onun gündəliklərini oxuyanlar onun zəkasına heyran qalırlar və onun narahatlıq keçirməsini təəccüblə qarşılayırlar. Bir kişi (bəzi hallarda bir qadın) üçün cəbr, həndəsə, gəmiçilik, təbiət elmləri, məntiq, qrammatika və tarixi təkcə öz-özünə təhsillə öyrənmək çox asan idi. Seminaristdən [dini təhsil alan tələbə] adətən təhsilinə başlaması üçün əsasən yunan, ivrit, latın, fransız və alman dillərini bilmək tələb olunurdu, dərslərsə taxtadan sinif otaqlarında və ya qumun üzərində keçilə bilərdi.

Bu təhsil mədəniyyəti koloniyaların sərhəd ərazilərinə də yayıldı. Kolonistlər fərdi qaydada adətən ibtidai təhsilin hüdudlarını aşsalar da, şəhərin ilk binaları təsis edildiyi anda könüllü cəmiyyətlər də [onlara qoşularaq] intellektual həyatı canlandırmağa başlayırdılar. Gənclər üçün olan məktəblərdən savayı debat cəmiyyətləri, müzakirə qrupları, liseylər, mühazirə assosiasiyaları, siyasi klublar və həmişə İncil cəmiyyətləri də mövcud idi. Bu qrupların dəstəyilə əldə olunan təhsil səviyyəsi heyrətamiz idi. Şekspir dili və klassik ədəbiyyat  – ən azından Vergili, Plutarx, Siseron və Homer, sərhəddəki amerikalılarının məktub və gündəliklərində elə geniş yayılmışdı ki, müasir oxucular həmin nəslin ədəbi metaforlarını anlamaqda çətinlik çəkirlər. Bu o demək idi ki, hətta Amerikanın qərbindəki kəndli məskunlaşması belə həvəsli olanlar üçün qeyri-rəsmi sərhəd universiteti rolunu oynaya bilərdi. Məhz bu miras və öyrənmə ehtirası gənc Abraham Linkolnu Nyu-Seylemdə keçirdiyi 6 il boyunca formalaşdırdı.”

Nəsillər boyu dövlət məktəbinin nə demək olduğunu bilməyən bir cəmiyyət üçün heç də pis nəticə deyil, hə? Niyə bu gün biz dövlət məktəbləri olmadan bacarmayacağımıza kor-koranə inanmalıyıq? Bunun əvəzinə, onlar olmadan əvvəl necə yaxşı keçinə bildiyimizi öyrənməliyik.

Hökumətin bizi aldadaraq öz ağuşuna alma yolları haqqında düşünəndə bu yollardan biri xüsusilə seçilir: özü olmasa bizi köməksiz qalacağımıza inandırır. Bizə bu işi bacarmayacağımızı, hökumətin biz fanilərdə olmayan sehrli qüvvələrə sahib olduğunu və bəli, bu və ya digər işin başına hökuməti qoymasaq bizim axmaq və acınacaqlı avaralar olduğumuzu deyir.

Mövzu təhsildirsə, amerikalılar həqiqətən də daha məlumatlı olmalıdırlar. Pandemiyanın müsbət nəticələrindən biri bəlkə də odur ki, insanlar dövlət məktəblərinə dövlətin onlara dediyi qədər ehtiyac duymadıqlarından – əslində heç vaxt ehtiyac duymadığımızdan bir daha agah olacaqlar.

Müəllif(lər)

+ Digər yazıları

"Aze Voice" mətbuat orqanı və "Poçtalyon" platformasında yazar və tərcüməçidir.

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.