Niyə icbari karantin lazım deyil?

  • Post comments:1 Comment
  • Reading time:9 mins read

Biz koronavirusla mübarizədə icbari karantinə qarşıyıq. Çünki virusun ciddiliyi, daha dəqiq desək letallığı (öldürücülük nisbəti) əvvəllər iddia edildiyi kimi yüksək deyil və karantinin fəsadları onun verə biləcəyi faydadan çoxdur. İcbari karantin siyasi qərardır, aylardır bizim azadlığımızı məhdudlaşdırır və həyatımıza ciddi təsir edir. Dövlətin siyasətinə təsir etmək imkanlarımız vətəndaşlar olaraq məhdud olsa da, mövzu ilə bağlı ictimai müzakirə açmağı əhəmiyyətli hesab edirik. Biz – müəlliflər epidemoloq deyilik, tibb ilə əlaqəsiz ixtisasları olan şəxslərik, bu bloqda yazdıqlarımız epidemoloqların və müvafiq qurumların tədqiqatlarına əsaslanır, yəni mövcud tədqiqatların gəldiyi nəticələri xülasə edirik. Onu da vurğulayaq ki, bloqda yazılanlar yeni araşdırmalar dərc edildikcə mütəmadi olaraq yenilənəcək.

Birincisi, koronavirusun letallığı güman edildiyi qədər yuxarı deyil. Qərb ölkələrində, xüsusən ABŞ və Böyük Britaniyada karantinin tətbiq olunmasını əsaslandırmaq üçün irəli sürülmüş model Imperial College tərəfindən hazırlandı və bu modelin proqnozuna görə təkcə ABŞ-da 2.2 milyon, Böyük Britaniyada isə 510,000 nəfər COVID-19 nəticəsində öləcəkdi çünki model hazırlanarkən virusin letallığı təqribən 0.9 faiz olaraq götürülürdü, yəni güman edilitdi ki, virusa yoluxan hər 1000 nəfərdən 9 nəfər öləcək. Halbuki bu proqnozun reallıqdan xeyli yüksək olduğu sonradan məlum oldu. Belə ki, virusun letallığı regiondan, əhalinin yaşı, sağlamlıq göstəricisi kimi demoqrafik faktorlardan, ətraf mühitdən və s. asılı olsa da hazırkı hesablamalara görə qlobal olaraq ortalama letallıq 0.1-0.6 faiz arasında dəyişir. Letallıq dərəcəsi ölənlərin təsdiq olunmuş yoluxan sayına nisbəti əsasında hesablanmır. Çünki virusa yoluxanların ən azı 35 faiz, ən çoxu isə 80 faizində heç bir simptom müşahidə edilmir və ya simptomlar yüngül olur. Belə olan halda virusa yoluxan bir çox adamın virusa yoluxduğundan xəbəri olmur və test etdirmədiklərinə görə də təsdiqlənmiş yoluxan sayı real yoluxan sayından daha aşağıdır. Və əgər letallığı təsdiqlənmiş yoluxan sayı əsasında hesablasaq həmin rəqəm reallığı əks etdirməyəcək – rəqəm realdakından yüksək çıxacaq. Bu səbəbdən də əvvəlcə antikor (xəstəlikdən sağaldıqdan sonra bədəndə virus əleyhinə immuniteti təmin edən protein) testləri nəticəsində əhalinin (simptomlu və ya simptomsuz) neçə faizinin yoluxmuş olduğu təsbit edilir, sonra isə ölənlərin antikor testləri nəticəsində müəyyən edilmiş yoluxan sayına nisbəti hesablanır və beləcə letallıq faizi müəyyən edilir.

Amma bu metodla əldə edilmiş letallıq dərəcəsi də realdakından yüksək olur çünki xəstəliyi yüngül və ya simptomsuz keçirmiş şəxslərdə antikor səviyyəsi qısa bir müddətdə aşağı düşdüyü və testlərdə üzə çıxmadığı üçün əslində simptomsuz xəstələrin və eləcə də əhali arasında xəstəliyin yayılma faizinin bu araşdırmalardakından xeyli yüksək olduğu meydana çıxır. Bu halda, letallıq dərəcəsinin də aşağı olduğu qənaətinə gələ bilərik. ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər Departamentinin hazırladığı Pandemiyalara qarşı mübarizə planına əsasən, infeksion xəstəliklərin letallığından asılı olaraq onlara qarşı görüləcək tədbirlər müəyyənləşdirilib və bu tədbirlər 5 kateqoriyaya bölünüb. COVID-19 öz letallıq dərəcəsinə görə (ən konservativ hesablamarlarla 0.2-0.6 faiz) bu planın 2-ci və ya 3-cü kateqoriyasına aid edilə bilər. Bu kateqoriyalarda olan xəstəliklər üçünsə xəstələrin könüllü izolyasiyası kimi qabaqlayıcı tədbirlər nəzərdə tutulsa da, bütün əhalinin karantinə alınması, yəni icbari karantin nəzərdə tutulmayıb. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatından olan bir qrup tədqiqatçının 2006-cı ildə nəşr etdirdikləri tədqiqatda da bildirilir ki, əhalinin kütləvi şəkildə icbari karantinə alınması və izolyasiyası həm qeyri-effektivdidr, həm də daha çox əks-effekti olduğundan praktiki deyil. Başqa bir məsələ isə ondan ibarətdir ki, hələ mart ayında Ümumdünya Səhiyyə Təşkilatı bildirirdi ki, bu virus yeni olduğu üçün heç kimdə bu virusa qarşı immunitet yoxdur. Lakin sonradan elmi tədqiqatlar göstərdi ki, əvvəlki koronaviruslara yoluxma nəticəsində yaranmış T şəkilli hüceyrələr sayəsində bu virusa qarşı immunitet əksər insanlarda var.

İkincisi, icbari karantinin fəsadları onun verə biləcəyi faydadan daha çoxdur. Bəzən mətbuatda və ya sosial şəbəkələrdə karantin müzakirə edilərkən karantinin vacib olmadığını, həmçinin bunun iqtisadi və sosial fəsadlara yol açacağını deyən insanlara qarşı “siz iqtisadiyyatı insan həyatından üstün tutursunuz” ittihamı səsləndirilir və “iqtisadiyyat VS insan həyatı” kimi bir saxta dixotomiya irəli sürülür. Halbuki iqtisadiyyat heç də mücərrəd, insan həyatından ayrı bir məfhum deyil. İcbari karantin nəticəsində insanlar öz işlərini, qazanc mənbələrini itirirlər və dünyanın bir çox yerində bu onların yaxşı səhiyyə xidməti, dərman preparatlarını almaq imkanlarını azaldır. Həmçinin yaxşı qidalanmamaq və stress kimi faktorlar insanların immunitetinə də mənfi təsir göstərir. Üçüncü dünya ölkələrində isə dünya iqtisadiyyatındakı problemlər ucbatından aclıqdan ölən uşaqların sayının artacağı proqnozlaşdırılır. Depressiya, intihar, məişət zorakılığı kimi hallar artır. Güman edilir ki, Cənub Asiya ölkələrində əksəri qız olmaqla təxmini 10 milyon uşaq karantindən sonra heç vaxt məktə qayıtmaya, nəticədə uşaq evliliyi və məişət zorakılığı kimi hallar arta bilər. Belə ki, təkcə karantinin ilk 11 günündə Hindistanda 92 min qadın çağrı mərkəzinə zəng edərək məişət zorakılığına məruz qaldıqlarını bildirib, digər Cənubi Asiya ölkələrində də bu kimi halların artdığı müşahidə edilib. Həmçinin mətbuatda yeridilən panika səbəbindən xeyli sayda insan digər xəstəliklərinin müalicəsinə ehtiyac olduğu halda koronavirusa yoluxmaqdan qorxduqları üçün həkimə getməkdən çəkinirlər və xüsusən xərçəng xəstələrində bu, xeyli neqativ hallara və ölümlərə yol açır. Digər tərəfdən, bütün dünyada hökm sürən panika mühiti nəticəsində insanlar qorxu və stressdən də sağlamlıqlarını itirə və hətta ölə bilirlər. Yəni məsələ “insan həyatı VS iqtisadiyyat” qədər sadə deyil və dünyadakı yeganə xəstəlik də COVID-19 deyil. COVID-19 xəstəliyinin qabağını almaq üçün digər insanların həyatını qurban vermək nə qədər rasionaldır?

Bəs biz nə təklif edirik? Hal-hazırda əlimizdə olan faktlar deməyə əsas verir ki, bu xəstəlik əsasən yaşlılar, xroniki xəstəliyi olan insanlar və az təminatlı insanlar üçün daha təhlükəlidir. Buna görə də bizim tədbirlər planımızın mərkəzində bu insanları qorumaq yer almalıdır. Belə ki, risk qruplarının könüllü izolyasiyası, onların dərman preparatları və səhiyyə xidməti ilə təmin edilməsi prioritet olmalıdır. Çünki ən azından peyvənd tapılıb kütləvi istehsal edilənə qədər xəstəlik bizimlədir və biz onunla bir yerdə yaşamağa məcbur olacağıq və o vaxta qədər də bütün ölkəni bağlamaq nə mümkün, nə ağlabatan, nə də arzuolunandır.

Müəllif(lər)

Vebsayt | + Digər yazıları

Müstəqil hüquqşünas, siyasi fəal

+ Digər yazıları

Bakı Dövlət Universitetinin və Roma Tor Vergata universitetinin məzunudur

This Post Has One Comment

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.