Sosializm niyə işləməyəcək?

  • Post comments:0 Comments
  • Reading time:15 mins read

Kapitalizm hələ də risklə mübarizə, innovativlik və məhsuldarlığı artırmaq üçün ən yaxşı yoldur. Getdikcə hər yerdə tapıla bilən ayfonlar, internet, mərkəzi kondisioner sistemi, düz ekranlı televizorlar və qapalı santexnika ilə inkişaf etmiş dünyada çox az adam 100, 30, yaxud da hətta 10 il əvvəlki həyata qayıtmaq istəyər. Həqiqətən, son iki əsr maddi həyat səviyyəsində böyük irəliləyişlər gətirdi; milyardlarla insan yoxsulluq səviyyəsindən çıxarıldı və müxtəlif gəlir səviyyələrindəki insanların uzunömürlülüyü ciddi dərəcədə yüksəldi. Bu tərəqqinin çox hissəsi kapitalist iqtisadiyyatı hesabına baş verdi.

Kapitalist iqtisadiyyatı olan ölkələrin də problemləri var. ABŞ və Böyük Britaniyada zənginlərlə yoxsullar arasındakı fərq dözülməz dərəcədə böyüdü, çünki şəhər yerlərində biznes sahibləri və yüksək təhsilli işçilər daha da zənginləşdiyi halda, kənd yerlərindəki işçilərin məvacibləri yerində saydı. Ən zəngin ölkələrdə ticarətin artması daha çox və daha çeşidli malların gəlməsi ilə nəticələnsə də, bir çox iş yerini də ortadan qaldırdı.

Kütləvi etirazlar, Breksit, populizmin artması və kapitalist iqtisadiyyatlarının qapılarını döyən dərin qütbləşmə şəklində özünü büruzə verən sosial qeyri-sabitliklə son bir neçə onillikdə əldə edilən tərəqqinin çox hissəsi təhlükə altındadır. Bəzi ekspertlər və siyasətçilər üçün həll yolu aydındır: adətən qeyri-bərabərlik və ədalətsizlikdən tutmuş, iqlim dəyişikliyinə qədər, hər şeyi həll etmək üçün bir metod olaraq göstərilən sosializm.

Lakin sosialistlərin aşkar etdikləri problemlərlə başa çıxmağın ən yaxşı yolu da innovativlik, məhsuldarlıq qazancları və daha yaxşı risk nisbətidir. Və kapitalizm hələ də bu nəticələrin hasil edilməsi üçün yeganə olmasa da, şübhəsiz ki, ən yaxşı yoldur.

Bugünkü sosializmə tərif vermək çətindir. Ənənəvi olaraq, bu termin SSRİ-də, Şimali Koreyada və ya maoist Çində olduğu kimi, kapital üzərində mütləq dövlət mülkiyyəti demək idi. İndi isə insanların çoxu belə bir ifrat fikri müdafiə etmirlər. Avropada sosial demokratiya bir çox sənaye sahələrinin milliləşdirilməsi və olduqca səxavətli sosial dövlət deməkdir. Və bu gün sayları artmaqda olan sosialistlər bu ideyanı yenidən brendləşdirərək kapitalizmin pis cəhətləri (bərabərsizlik, iqtisadi tsikllər) olmadan onun ən yaxşı cəhətlərini (böyümə və artan həyat səviyyəsi) özündə ehtiva edən iqtisadi sistemi nəzərdə tuturlar.

Ancaq mükəmməl iqtisadi sistem yoxdur; biz həmişə seçim qarşısında qalırıq. Ən kəskin halda bu, kapital üzərində mütləq dövlət mülkiyyəti ilə heç bir tənzimləmə və ya sosial dövlətin olmadığı müdaxilə edilməyən bazar arasındakı seçimdir. Bu gün çox az adam bu iki qütbdən hansısa birinə üstünlük verər; müasir sosialistlərlə kapitalistlərin həqiqi mənada fikir ayrılığı dövlət müdaxiləsinin dərəcəsi ilə bağlıdır.

Müasir sosialistlər mütləq yox, daha çox dövlət mülkiyyəti istəyirlər. Onlar bəzi sahələri milliləşdirməyi zəruri sayırlar. ABŞ-da milliləşdirmək istədikləri sahə səhiyyə sistemidir – bu planı Demokratlar Partiyasının prezidentliyə keçmiş namizədləri arasında özünü sosialist adlandırmayan Elizabet Varren və özünü fəxrlə sosialist adlandıran Berni Sanders dəstəkləyir. Böyük Britaniyada ötən il dekabrın ortalarında seçkilərdə məğlub olan Leyboristlər Partiyasının lideri Ceremi Korbin milliləşdirmək istədiyi sahələrə səhiyyə ilə yanaşı su, enerji və internet provayderlərini də əlavə edərək daha uzun milliləşdirmə siyahısını diqqəti mərkəzində saxladı.

Sosialist istəkləri siyahısındakı digər maddələrə Yaşıl Yeni Müqavilə [Green New Deal] sosialistlərinin təklif etdiyi kimi, fosil yanacağını [kömür, neft, təbii qaz] bərpa olunan yanacaqla əvəz etməyi hədəfləyən kütləvi infrastruktur layihələri vasitəsilə dövlətin iqtisadiyyatın əsas investoruna çevrilməsi də daxil ola bilər. Onların irəli sürdükləri planlara görə, həm də dövlət yüksək məvacibli işlər təklif etməklə amerikalıların əksəriyyətinin işəgötürəninə çevrilməlidir və dövlətin həmin insanları işdən azad etmək səlahiyyəti olmamalıdır. Həmçinin, daha məhdud təkliflər də var: özəl şirkətlərin idarə heyətlərinə daha çox işçinin cəlb edilməsi, ölkə üzrə kirayə qiymətlərinin tənzimlənməsi və yüksək minimum əməkhaqqının tətbiq edilməsi.

Öz növbəsində, müasir kapitalistlər az da olsa, dövlət müdaxiləsini dəstəkləyirlər. Onlar milliləşdirmə və qiymət nəzarətinə şübhə ilə yanaşırlar; iddia edirlər ki, mövcud iqtisadi problemlər ən yaxşı şəkildə özəl müəssisələr vasitəsilə həll oluna bilər. ABŞ-da onlar bərabərsizliyi azaltmağa kömək etmək üçün daha çox tənzimləməmütərəqqi vergitutmanı, özəl firmaların karbondan daha az istifadəsi üçün təşviqlər və vergi kreditləri vasitəsilə daha güclü sosial dövləti müdafiə edirlər. Eyni zamanda, son 15 ildə kapitalist avropalılar insanları işə götürməyi və işdən çıxarmağı asanlaşdıraraq əmək bazarının çevikliyini artırmaq üçün islahatlar apardılar və pensiyaların həcmini azaltmaq istiqamətində cəhdlər etdilər.

Heç bir iqtisadi sistem mükəmməl deyil və bazarlarla dövlət arasında dəqiq tarazlığı tapmaq bəlkə də heç vaxt mümkün olmayacaq. Ancaq kapitalın özəl sektorun əlində saxlanması və onun sahiblərinə qazanc əldə etmək üçün qərar qəbuletmə səlahiyyətinin verilməsinin əlimizdəki ən yaxşı metod olduğuna inanmaq üçün yaxşı səbəblərimiz var.

Bazarlara inanmağın bir səbəbi də qiymətləri insanlardan daha yaxşı təyin etmələridir. Qiymətləri çox yüksək etsəniz, bir çox sosialist dövlətində müşahidə edildiyi kimi, vətəndaşların əmtəələrdən lazımsız şəkildə məhrum olacağını görəcəksiniz. Onları çox aşağı qoysanız, həddindən artıq tələb olacaq və qıtlıq yaranacaq. Bu, səhiyyə və əmək daxil olmaqla, bütün əmtəələrə aiddir. Vaşinqton və ya Londonda sosialistlərin növbəti qrupunun sələflərindən fərqli olaraq, qiymətləri təyin etməkdə daha yaxşı olacağına inanmağımız üçün, demək olar, heç bir əsas yoxdur. Əslində Kanada və Avropa ölkələrində dövlət tərəfindən idarə olunan səhiyyə sistemləri uzun gözləmə müddətlərinin yaranmasına səbəb olur. Fraser İnstitutunun 2018-ci ildə yayınladığı araşdırmaya əsasən Kanadada bir mütəxəssis həkim görmək üçün orta hesabla 19.8 həftə gözləmək lazımdır. Sosialistlər iddia edə bilərlər ki, hər kəsin səhiyyəyə olan çıxışını təmin etmək üçün uzun gözləmə müddətlərinə dözməyə dəyər. Lakin bazara əsaslanan yanaşma həm insanların səhiyyəyə olan çıxışını təmin edə, həm də gözləmə müddətini azalda bilər. Hökümətin səhiyyə sisteminə tam nəzarəti nə yeganə, nə də ən yaxşı seçimdir.

Bundan əlavə, bazarlar risk dərəcəsi baxımından da yaxşıdır. Əsasən, sosialistlər riski azaltmaq – işçiləri hər hansı bir şəxsi və ya ümumi iqtisadi şokdan qorumaq istəyirlər. Bu, nəcib bir məqsəddir və riskin daha yaxşı işləyən təhlükəsizlik şəbəkələri sayəsində azaldılması arzuolunandır. Lakin əksər sənaye sahələrini dövlətin mülkiyyətinə verərək bütün qeyri-müəyyənliklərdən qurtulmaq pis fikirdir. Risk iqtisadi böyüməyə təkan verən şeydir. Daha çox şans əldə edən insanlar daha böyük qazanc əldə etməyə meyllidirlər; buna görə də “Forbes”un ən zəngin 400 amerikalı siyahısındakı ilk doqquz adam ailə sülalələrinin varisləri deyil, yeni məhsullar istehsal etmək üçün irəliyə doğru addım atan və bu müddətdə çoxlu iş yeri yaratmış sahibkarlardır.

Mariana Mazzukato kimi bəzi solçu iqtisadçılar hökumətlərin innovasiya üçün laboratoriyaya çevrilə biləcəyini iddia edirlər. Ancaq bu, tarixi anomaliya olardı; sosialist meylli hökumətlər başqalarına nisbətən, adətən daha az innovativ olublar. Axı, bürokratlar və işçi-korporativ idarə heyətləri status-kvonu pozmaqda, ya da innovativlik uğrunda rəqabət aparmaqda elə də maraqlı deyillər. Hətta dövlət proqramları innovativliyə səbəb olanda belə – internetdə olduğu kimi –həmin əmtəənin inkişafı özəl sektorun onun dəyərini tanıması və bazar yaratmasından sonra baş verdi.

Bu da bizi bazarlara inanmağımız üçün üçüncü səbəbə gətirib çıxarır: məhsuldarlıq. Robert Qordon kimi bəzi iqtisadçılar bugünkü iqtisadi problemlərə nəzər salıb, belə nəticəyə gəldilər ki, məhsuldarlıq artımı – son bir neçə onillikdə tərəqqiyə səbəbiyyət verən əsas mühərrik – sona çatıb. Bu yanaşmaya görə, dünya iqtisadiyyatının əsasını təşkil edən qaynaqlar, məhsullar və sistemlər optimallaşdırılıb və bundan artıq inkişaf demək olar ki, mümkün deyil.

Ancaq bunu reallıqla müqayisə etmək çətindir. İnnovasiya ölkələrə az resursla çox iş görməyə – məsələn, iqlim dəyişikliyi həll edilməli olan ciddi problemdir – imkan verir və bu da məhsuldarlığın artmasının bir formasıdır. Oxşar şəkildə, insanların hər gün istifadə etdiyi bir çox əmtəə və texnologiya bir neçə il əvvələ qədər mövcud deyildi. Bu əmtəələr əlçatmaz xidmətləri daha əlverişli hala gətirir və işin təbiətini dəyişir – çox vaxt onu yaxşılaşdırır. Bu cür qazanc, mövcud tortun necə kəsildiyi ilə daha çox maraqlanan sosialist sistemlərinə görə yox, ixtiranı təşviq edən və tortu daha da böyüdən kapitalist sistemlərinə görə mümkündür. Bir sözlə, məhsuldarlığın daha mümkün olmadığını demək üçün hələ çox tezdir.

Burada əvvəlki məhsuldarlıq bumunun dərslərini nəzərdən keçirməyə dəyər: Sənaye inqilabı. İqtisadçı Koel Mokrın göstərdiyi kimi, buxar mühərriki kimi innovasiya ixtira edildikdən ən azı 100 il sonra məhsuldarlıq qiymətləndirmələrində görüldü. Eyni şey bu gün smartfonlarda və internetdə də ola bilər. Bu arada, baş verən təkan insan təcrübəsini dəyişdirərək hər kəs üçün daha rahat şərait yaratsa da, bu proses həm də qarışıq və pozucu idi. Bu innovasiya dövrünün erkən hissəsi o vaxtdan bəri digərləri kimi mövcud işçiləri əvəzlədiyi halda, qazanclar əvvəlcə kapital sahiblərinin cibinə axır, sosial qeyri-sabitliyə səbəb olurdu.

Bu dəfə təsirlər qismən az qarmaqarışıq ola bilər: kapital sahibləri ilə işçilər arasındakı bölgü əvvəllər olduğu qədər aydın deyil. Həmişəkindən daha çox amerikalı iş yerlərində pensiya hesabları vasitəsilə səhmlərə sahibdir. Səhm sahibliyi bir çox digər, qeyri-ABŞ kapitalist iqtisadiyyatlarında da artmaqdadır. Həmçinin, Avstraliya və Böyük Britaniya kimi bir sıra digər ölkələr də öz vətəndaşlarını səhmdar etməklə pensiya hesabları təklif edirlər. 200 il əvvəlkindən fərqli olaraq, işçilərin maraqları idarə edənlərin maraqları ilə daha çox uzlaşır.

Pensiya hesablarında səhm mülkiyyəti, innovasiya və risk götürməyi qorumaqla sərvəti bölüşdürə biləcək bazar dostu iqtisadi siyasət növünə işarədir. ABŞ-da vergiləri, xüsusən əmlak vergiləri ilə əlaqəli olduqda, daha mütərəqqi etmək və şirkətlərin sistemi istismar etməsini asanlaşdıran vergi boşluqlarını aradan qaldırmaq mümkündür. Sosial təhlükəsizlik şəbəkəsi iş təlimləri ilə inkişaf etmiş qazanc vergisi kreditini özündə ehtiva edə, kiçik şəhərlərdə və ya kənd yerlərində yenilik etmək [məsələn, yeni iş yerləri açmaq], ya da evdən işləmək imkanları verilməklə genişləndirilə bilər. Və səhiyyə sahəsində islahata həqiqətən ehtiyac var.

Ümumiyyətlə, kapitalizm daha inklüziv hala gətirilə və dövlət proqramları onun kobudluqlarını düzəltməyə kömək edə bilər. Lakin bu dəyişikliklərin heç biri dövlətin bütün sənaye sahələrini öz üzərinə götürməsini tələb etmir. Bazardan asılı olaraq, islahat daha az müdaxiləçi dövlət siyasəti, subsidiya, ya da bəzən daha yaxşı hesabatlılıq ola bilər.

Ən əsası, kasıbların da zəngin olmaq imkanları olduğu təqdirdə bərabərsizliyə dözmək olar. Bu imkan heç vaxt Amerikan arzusunun xəyal etdiyi qədər böyük olmayıb, lakin iqtisadi hərəkətliliyin son illərdə daha da pisləşdiyinə dair dəlillər azdır. Bununla belə, daha böyük qeyri-sabitliyin qarşısını almaq və kapitalist sistem üçün mümkün olan ən böyük alıcılıq qabiliyyətini təmin etmək üçün bugünkü biznes və siyasi liderlər hər kəsin ən az zər atmaq şansının olduğuna əmin olmaq üçün daha çox iş görə bilərlər. Burada boşluğu doldurmaq üçün təhsil islahatı və kənd yerlərinin inkişafı zəruridir.

Və bu, sosializm deyil – bu, kapitalizmi təkmilləşdirmək, bugünün və sabahın işçilərindən daha yaxşı istifadə etməkdir.

 

Qeyd: Bu, Allison Şragerin Foreign Policy üçün yazdığı Why Socialism Won’t Work məqaləsinin tərcüməsidir.

Müəllif(lər)

Vebsayt | + Digər yazıları

Siyasi filosof. Pavia Universitetinin tədqiqatçısı.

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.