Ziyalı kimə deyilir?

  • Post comments:13 rəy
  • Reading time:12 mins read

Digər dillərdə olduğu kimi Azərbaycan dilində də ziyalı sözünün bir neçə mənası var və bu sözün fərqli mənalarda işlənilməsi bəzən qarışıqlıq yaradır. Həmçinin ziyalı sözü müsbət konnotasiyalıdır, hamı özünə o sözün yaraşdırılmasını istəyər, buna görə də digər çoxmənalı sözlərdən fərqli olaraq bu sözün ictimai müzakirələrdə ciddi əhəmiyyəti ortaya çıxır. Bu söz adətən üç mənada işlədilir və onun yanlız sonuncu mənası ictimai müzakirələr üçün əhəmiyyətlidir deyə mən həmin mənanın üzərinə fokuslanacam. Əvvəlcə gəlin ilk iki mənaya baxaq.

1. Savadlı (təhsilli) insan.

Göründüyü kimi gündəlik danışıqda haqqında “savadlı adam” deyə biləcəyimiz şəxslər (1)-dəki mənaya uyğundur. Məsələn, hər adamın qohumları arasında, yaxud da yaxın çevrəsində (məhəllə, kənd, qəsəbə kimi), ən azı bir nəfər belə adam tapmaq olur. Camaat məsləhət lazım olanda gedib ondan soruşur, kiminsə uşağı TQDK-da 450 bal yığanda yaxın çevrədəki belə bir ziyalı adamın yanına gedib soruşurlar ki, “haranı yazmaq məsləhətdir?” Belə adamlar da adətən bəzi, hörmətli məktəb müəllimləri, yaxud da vaxtı ilə Moskva, Sankt-Peterburq kimi yerlərdə təhsil alıb Azərbaycana qayıdan orta yaşlı dayılar olur. Nadir hallarda isə kiminsə ancaq evə qapanıb kitab oxuyan bir tanışı olur ki (1)-dəki tərifə uyğun gəlsin. Gündəlik danışıqda bu növ adamlara Azərbaycan dilində az hallarda ziyalı deyilir. Adətən belələri savadlı adam, oxumuş adam, dünya görüşü olan adam, el ağsaqqalı / ağbirçəyi və s. adlandırılır. Bununla yanaşı yazıçı, aktyor, müğənni (üçü bir yerdə – sənət adamları) və jurnalistlər kimi bəzi ictimai fiqurlar da (1)-dəki mənada ziyalı adlandırıla bilərlər. Hətta yuxarıdakı misallarda təsvir edilmiş şəxslərlə müqayisədə demək olar ki, Azərbaycanda sənət adamları və jurnalistlər arasında savadlı hesab edilənlərə (yəni normal cümlə qura bilənlərə) daha çox hallarda ziyalı deyilir. Məsələn, Faiq Ağayev, Orxan Fikrətoğlu, (erkən) Mirşahin Ağayev, yazıçı Anar və s. Bu şəxslərin adını çəkməkdə məqsədim onların həqiqətən də savadlı insanlar olduğunu təsdiqləmək deyil; sadəcə misal verirəm ki, bizdə adətən bu adamlara ziyalı sözü (1)-dəki mənasında şamil edilir. İndi keçək ikinci mənaya:

2. Akademik fəaliyyətlə məşğul olan, mürəkkəb ideyalar barədə düşünən insan.

Ziyalı sözü bu mənasında əsasən universitet müəllimlərinə, akademik məqalə və kitab yazıb nəşr edən şəxslərə şamil edilir. Hər universitet müəllimi barədə bu söz deyilmir amma. Adətən hər fakültədə bir neçə müəllim olur ki haqqında “yaman savadlı adamdır” deyilir və ziyalı sözü də məhz belələri barədə işlənilir. Məsələn, mən BDU Tarixdə Amerikaşünaslıq üzrə təhsil alaraq 4 ilimi zibilə atmışam, bizim əsas kafedra Amerika və Avropa Xalqları Tarixi adlanırdı, kafedra müdiri də daxil olmaqla oradakı təxmini on müəllimin heç biri rus dilindən başqa gərəkli xarici dil bilmirdi. Polşa tarixi keçən polyakca, Qərbi Avropa və Amerika tarixi keçən alman, ispan, fransızca və ya ingilscə bilmirdi. Aydın Musayev adlı bir müəllimimiz (əvvəllər İctimai kanala çıxıb politoloqluq da edirdi) isə rus dilində yazılmış kitablardan bir qədər oxuduğu üçün digərlərindən seçilirdi və ona “savadlı / ziyalı müəllim” deyirdik. (2)-dəki mənada ziyalı sözü istənilən sahədə akademik fəaliyətlə məşğul olan adama şamil edilə bilər. Öz sahəsini yaxşı bilən tarixçi, fizik, filosof, kimyaçı, bioloq və s. hamısı ziyalı adlandırıla bilərlər. Amma bu da mənim üçün maraqlı deyil çünki (2)-dəki məna ictimai müzakirələrdə elə də istifadə edilmir. Onda keçək üçüncü mənaya:

3. Yuxarıdakı təriflərdən ən azı birinə uyğun gələn (a) ictimai fəal və (b) müəyyən avtoriteti olan adam.

Bu tərifdə o nəzərdə tutulur ki, kimsə (1) və ya (2)-dəki mənada ziyalı olandan sonra həmçinin, (a) və (b) şərtlərinin hər ikisinə cavab verirsə, o, ziyalı adlanır. ABŞ-da belə adamlara “ictimai ziyalı” (“public intellectual”) deyirlər. Səbəbi isə budur ki, 1960-cı illərdə ABŞ-da qaradərililərin bərabər hüquqlar uğrunda hərəkatı və Vyetnam müharibəsi əleyhinə hərəkat var idi. Həmin illərdə də (1) və (2)-dəki mənada ziyalı hesab edilən, ictimaiyyət tərəfindən tanınan adamlar (akademiklər, sənət adamları, jurnalistlər və s.) əksərən bu hərəkatlara qoşulmurdular, aralarında birbaşa və ya dolayı yolla dövləti dəstəkləyənlər də olurdu. Proqressiv ziyalıları, bir növü “xalq adamı” olanları “dövlət adamı” olanlardan ayırmaq üçün birincilərə “ictimai ziyalı” deməyə başladılar. Lakin bizim dildə bu ifadədəki “ictimai” sözü lazımsızdır, çünki (3)-dəki mənada “ictimai fəal” onsuz da ziyalı sözünün tərifinə daxildir. Mən də bu baxımdan “ictimai ziyalı” sözünün işlədilməsini uyğun görmürəm, müəyyən tarixi şəraitdə ABŞ-da formalaşmış bu ifadəni bizim istifadə etməyimizə ehtiyac yoxdur.

İndi tərifi bir qədər izah edək. Hesab edək ki, bir universitet müəllimi (2)-dəki mənada ziyalı hesab edilir. Eyni zamanda isə bu müəllim ictimai problemlərlə bağlı düşünür, fikir yürüdür və ya bu problemlərə həll yolu təklif edir; bütün bunları isə insanların oxumadığı akademik məqalələrdə yazmır, bir yol tapıb fikirlərini insanlara çatdırır. Yəni (a)-da “ictimai fəal” dedikdə bu növ fəaliyyətlə məşğul olan adam nəzərdə tutulur. Tutaq ki, bu müəllim kütləvi informasiya vasitələrindən istifadə edərək, nümayişlərdə kürsüyə çıxaraq, ictimai müzakirələrdə iştirak edərək öz fikirlərini insanlara çatdırırsa, (a)-dakı şərt yerinə yetmiş sayılır. Əgər (a) şərti olmasa, hansısa akademik (3)-dəki mənada ziyalı hesab edilmir. Məsələn, ola bilər kimsə kimya üzrə dünyanın ən məşhur alimlərindəndir, Nobel mükafatı alıb (Aziz Sancar kimi) amma (a)-dakı şərti yerinə yetirmir və ziyalı deyil. Digər tərəfdən, ortabab bir universitet müəllimi (a)-dakı şərti yerinə yetirsə ziyalı sayılacaq. Əsas olan ixtisasın nə olması və ya kiminsə dahiliyi yox, (a) şərtinin yerinə yetirilməsidir.

Bəs, (b) nədir? Yenə eyni misal üzərindən gedək: bu müəllim öz sahəsində hörmətli alimdir və bu səbəbdən də onun epistemik avtoriteti var (yəni sözü alimlər arasında keçir və o, nəsə söz deyəndə, yazanda digər alimlər onun fikrini bəyənməsə də ciddiyə alırlar; akademiyada bu adamın dediklərinin “çəkisi” var). Eyni zamanda, (a)-dakı şərti yerinə yetirdiyi üçün insanlar arasında da onun müəyyən bir hörməti yaranır və insanlar ona haradasa “həyat müəllimi, yol göstərən adam” kimi baxdıqlarından demək olar ki, bu müəllimdə əxlaqi avtoritet də formalaşır. Ən azından cəmiyyətin müəyyən bir hissəsi həmin müəllimə “yol göstərən adam” və ya “vicdanın səsi” kimi baxırsa, bu əxlaqi avtoritet üçün kifayətdir. Mən (b) bəndində sadəcə “avtoritet” yazdım çünki bəzən tək epistemik və ya əxlaqi avtoritetin mövcudluğu kifayət edir ki, (b) şərti yerinə yetmiş hesab edilsin. Bəzən isə (a) yerinə yetəndən sonra həmin müəllimin həm epistemik, həm də əxlaqi avtoriteti yaranır.

Beləliklə, (1) və ya (2)-dəki mənada ziyalı olub həm (a), həm də (b) şərtlərini yerinə yetirən adam ictimai müzakirələrdə bizə maraqlı olan mənada ziyalıdır. Bir insanın (3)-dəki mənada ziyalı olması üçün yanlız yuxarıdakı şərtlər zəruridir.

Ziyalıların nə kimi üstünlükləri olur? Həmişə olmasa da, əksər hallarda ziyalılıq özü ilə birgə imtiyazlar da gətirir. Məsələn, yuxarıda təsvir edilmiş müəllim ziyalıdırsa, o, ictimai məsələlərdən danışanda adətən əmin olur ki, hökuməti tənqid etdiyinə görə universitetdən qovulmayacaq, çünki onun imtiyazı var. Bu imtiyaz təəssüf ki, azərbaycanlı ziyalılarda olmur. Digər bir imtiyaz isə budur ki, ziyalı hökuməti tənqid etdikdə repressiyaya məruz qalsa, insanların əhəmiyyətli bir hissəsi ona dəstək duracaq. Bu da bir imtiyazdır və hər adama nəsib olmur; heç də hər adam repressiyaya, hökumətin təzyiqlərinə məruz qalanda cəmiyyətdən dəstək almır. Başqa bir imtiyaz da budur ki, camaat arasında hörməti olduğundan ziyalı insanların özünü və ya xalqı (adətlərini, vərdişlərini və s.) sərt tənqid edə bilir çünki əmindir ki, camaatın bu sözlər xətrinə dəysə də çox adam utandığından cavab qaytarmayacaq, ya da “müəllim düz deyir” deyib özünü dəyişdirməyə çalışacaq – qısası, müəllim bilir ki, onun əxlaqi avtoriteti var və bu avtoritetin gətirdiyi imtiyazdan da istifadə edir. Burada təsvir etdiyim imtiyaz növlərinin mövcudluğu ziyalılıq üçün zəruri deyil, yəni ola bilər ki, bir ziyalı insan hökumətin təzyiqinə məruz qalanda işindən qovulsun və insanlar da ona dəstək olmasın.

Bütün ziyalıların avtoriteti əsaslıdırmı? Bir növü, bütün ziyalılar sahib olduqları epistemik və / və ya əxlaqi avtoritetə layiqdirlərmi? Bəzən hə, bəzənsə yox. Məsələn, ola bilər ki, ziyalı kimi qəbul edilən bir adam əxlaqsız, pis bir insandır amma özünü camaata yaxşı biri kimi sırıya bilib. Yaxud da ola bilər ki, bu ziyalı müəllim savadsızın biridir amma necəsə (məqalələrini başqalarına yazdırmaqla, digər akademikləri manipulyasiya etməklə və s.) özünü ciddi alim kimi təqdim edə bilib. Bir sözlə, ziyalının epistemik və əxlaqi avtoriteti sorğulana bilər. Əgər müəyyən edilsə ki, o, hazırkı avtoritetinə layiq bir insan deyil, o zaman onun (3)-dəki mənada ziyalılığı da aradan qalxır. Qısası, biz kiminsə haqqında “insanların çoxu onu (3)-dəki mənada ziyalı hesab edir, amma əslində o, ziyalı hesab edilməməlidir” deyə bilər və insanları özümüzün haqqlı olduğuna inandırmağa çalışa bilərik. Özümdən bir misal verim: İlber Ortaylını çox adam ziyalı kimi qəbul edir amma məncə, o, ziyalı deyil.

İctimai müzakirələrdə əhəmiyyətli olduğu üçün bizə (3)-dəki mənada ziyalılar maraqlıdır. Görəsən, belə ziyalıların cəmiyyət və bəşəriyyət qarşısında nə kimi əxlaqi öhdəlikləri var? Və Azərbaycanda belə ziyalılardan kimlərin adını çəkmək olar?

Qeyd: Dəyərli rəylərinə görə Anar Cəfərov və Tinay Muşdiyevaya minnətdaram.

Müəllif(lər)

+ Digər yazıları

Milan Universitetində siyasi fəlsəfə üzrə doktorantura tələbəsi, Bakı Araşdırmalar İnstitutunun əməkdaşı, Mərkəzi Avropa və Haydelberq universitetlərinin məzunu.

This Post Has 13 Comments

  1. Səid

    Müəllif Azərbaycanda kimi bu kateqoriyaların hamısına uyğun gələn ziyalı hesab edir?

    1. İlkin Hüseynli

      Konkret misal versəniz daha rahat cavab verə bilərəm. Çünki buradakı şərtlər “ziyalı” sözünün linqivistik təhlili əsasında müəyyən edilib. Azərbaycan dilində danışan insanlar ziyalı sözünü bu üç mənada istifadə edirlər. Bu baxımdan da kiminsə “məncə, ziyalı buradakı şərtləri təmin edən adam yox, fərqli bir x, y, z şərtlərini təmin edən adama deyilməlidir” tipli bir iddiası irrelevantdır. Çünki mən burada “ziyalı” deyəndə özümdən termin yaradıb ona tərif vermirəm, mövcud linqivistik intuisiyalar əsasında “ziyalı” sözünün mənasını aşkara çıxarıram. Azərbaycan dilini bilən istənilən adam bunu edə bilər prinsip etibari ilə.

      Sizin suala gəldikdə isə deyə bilərəm ki, mən “ziyalı” sözünün Azərbaycan dilində istifadə edildiyi mənası ilə razıyam, bunu doğru hesab edirəm və nəyisə dəyişdirməyi lazım bilmirəm. Təbii ki, hansısa bir X şəxsinin buradakı şərtlərə uyğun gəlib-gəlməməsini müzakirə edə bilərik. Ona görə də sizin suala “hə” deyirəm amma kimdir o şəxslər? Bu, açıq sualdır. Konkret şəxs adı versəniz, o şəxsin buradakı şərtlərə uyğunluğunu təfsir edə bilərik.

  2. Səid

    Məsələn, mən bu yazını oxuyandan sonra bir neçə şəxs ağlıma gəldi. Qubad İbadoğlu, Rövşən Ağayev, Şahin Cəfərli, Altay Göyüşov. Mən bu şəxsləri kateqoriyalara uyğunlaşdıra bildim. Bəs siz adıçəkilən şəxslər barədə hansı fikirdəsiniz?

    1. İlkin Hüseynli

      Məncə də hamısı (3)-ə uyğundur. Qubad bəyi elə də yaxından izləmirəm, amma izlədiyim qədəri ilə (3)-ə uyğundur.

  3. Səid

    Bu şəxslər sənət adamları deyillər. İqtisadçı, tarixçi və politoloqlardı. Bəs, Rasim Qaraca necə? Onu yazının kontekastinə uyğun ziyalı hesab edirsiniz?

    1. İlkin Hüseynli

      Rasim Qaracanı ümumiyyətlə (1)-dəki mənada ziyalı hesab etmirəm. Yəni məncə, o, “savadlı adam” deyil. (2)-dəki mənada aydındır ki, ziyalı deyil. Bu ikisindən birinə görə ziyalı hesab edilməyən adam avtomatik olaraq (3)-ə görə ziyalı hesab edilə bilməz. (1)-dəki mənada ziyalı deyil çünki yazıçı olaraq yaxşı-pis olmasından asılı olmayaraq Rasim bəy millətçi (hətta türkçü) və bir az da seksistdir (bunu lap qoyaq bir kənara). Millətçilik nəzəriyyələrindən bixəbərdir (millətçi xəbərdar olmalıdır). Yəni adam gərək danışdığı, müdafiə etdiyi mövzudan xəbərdar olsun (bu baxımdan da mənim millətçilərə olan antipatiyamı kənara qoysaq belə, mövzudan xəbərsiz – primitiv şəkildə millətçilik edən adam “savadlı adam” hesab edilə bilməz). Rasim bəy heç bir mənada ziyalı deyil.

      1. İlkin Hüseynli

        Yanılmışam. Azərbaycanda ziyalı yoxdur. Yuxarıdakı adlarını çəkdiklərim də ziyalı deyillər. Bir nəfər də olsun ziyalı tanımıram ölkədə.

        1. Toğrul

          Nədən sonra bu qərara gəldiz ? Səid bəyin yazdığı rəydəki insanları 3-ə daxil etmişdiz. Nə baş verdi ki fikriniz dəyişdi ?

          1. Toğrul

            Yəqin ki Qarabağ hadisələridir. Yazılma vaxtına fikir verməmişdim.

  4. Belə çıxır ki,ziyalı həm də gündəmdə olan ideologiyalardan xəbərdar olmalıdır.İnanmırıam ki,bizim Azərbaycanda kitab biliklərindən başqa yeni axımlardan xəbəri olan insanlar olsun.Sizin yazdığınız kriteriyelara bizdə Flora Kərimova uyğundur bir az

    1. İlkin Hüseynli

      Sosial-siyasi məsələlərlə bağlı şərh verəcəyi üçün bəli, xəbərdar olmalıdır qismən də olsa. Kərimovanın ictimai fəaliyyəti nədən ibarətdir ki? Onun ictimai fəaliyyətini izləməmişəm, ona görə bir şey deyə bilməyəcəm. Hazırda bildiyim qədəri ilə ictimai fəal deyil – ziyalı deyil. Onun (1)-dəki mənada belə nə vaxtsa ziyalı olduğunu zənn etmirəm. Hər ictimai fəal ziyalı deyil, sonuncunun şərtləri daha çox və ağırdır.

      1. Düz deyirsiz. Əvvəllər xüsusilə də Qarabağ məsələləri haqda danışanda reaksiya verərdi.Yəqin müxalifətçi olduğunu,dövlətin dediyini həmişə doğru saymadığından dolayı bir də sənəti olduğundan dolayı mən onu ziyalı hesab etmişəm.Ümumiyyətlə,ziyalı deyəndə ağlıma həmişə 1-ci bənd gəlirdi.2 və 3ü bu məqalədən sonra öyrəndim çox sağ olun

  5. Mahir

    Qısa və konkret: “Ziya – işıq, nur deməkdir”. Məncə ziyalı insan öz elmi, savadı, zəkası, ağlı, dünya görüşü ilə qaranlıqda olan insanların yolunu işıqlandıra bilməlidir. İnsanlara doğru yol göstərə bilməlidir. Hər zaman doğrunun, haqqın yanında olmalıdır. Əgər bir insan başqalarının yoluna işıq tuta bilmirsə, neçə universitet bitirsə də ziyalı olmaz.

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.