Siyasi bilik üçün ədəbiyyat

  • Post comments:3 rəy
  • Reading time:10 mins read

Siyasət həyatımıza qarışır. Onunla bağlı fikir sahibi olmaq üçün siyasi cəhətdən bilikli olmalıyıq – siyasi elmlər, əxlaq fəlsəfəsi, siyasi fikir tarixi, siyasi iqtisadiyyatdan minimal biliyimiz olmalıdır. Adı çəkilən mövzularda faydalı hesab etdiyim kitabları mütəmadi olaraq buradakı qovluğa yığıram və aşağıda da siyasi biliyi artırmaq üçün sizə bəzi kitabları məsləhət görəcəm. Kitabların çoxu ingilis dilində, bir qismi isə türk dilindədir. Sizin də bu qovluğa əlavə etməyimi istədiyiniz kitab olsa (yaxud da buradakı kitablardan hansınınsa türk və ya rus dilində tərcüməsini tapsanız), şərh bölməsində yazın, uyğun olanları siyahıya əlavə edim.

Siyasi bilik nəyə gərəkdir? Biz siyasi cahil olsaq onda dövlətdən konkret olaraq nə tələb etdiyimizi ardıcıl şəkildə müəyyən edə bilməyəcəyik. Bu gün bir şey istəyəcəyik, sabah başqa bir şey. Həmçinin, dövlətə yönəltdiyimiz iki tələb bəzən bir-biri ilə uyğun gəlməyəcək amma biz bunun fərqində olmayacağıq. Nə istədiyimizi dəqiqləşdirmək və tələblərimizin ardıcıllığını təmin etmək üçün bizə siyasi bilik lazımdır. Siyasi bilikli insan odur ki, onun müəyyən siyasi ideologiyası – iyerarxiyalaşmış siyasi dəyərlər sistemi var (azadlıq, bərabərlik, ədalət, hüququn aliliyi, tolerantlıq kimi dəyərlər siyasi dəyər hesab edilir, mətn boyu dəyər dedikdə siyasi dəyər nəzərdə tutacam). İdeologiyaların əhəmiyyəti ilə bağlı əvvəl danışmışıq amma təkrar edək, ideologiya nəyə lazımdır? Siyasi mövzuların müzakirəsində adətən çox insan siyasi cahil olduğundan qarşı tərəfinin ideologiyasının olduğunu öyrənəndə müzakirədən soyuyur çünki onun qərəzli olduğunu düşünür. Sanki hesab edirlər ki, sən siyasi mövzuları müzakirə etdiyin zaman əvvəlcədən iyerarxiyalaşmış dəyərlər sistemin olmamalıdır, sənin başın bir növü “ağ kağız” olmalıdır və siyasi mövzunun müzakirəsi zamanı sən öz dəyərlərini iyerarxiyalaşdırmalısan.

Bu isə absurd və qeyri-real yanaşmadır. Belə ki, hər birimizin müəyyən dəyərlər sistemi var – daha dəqiq desək, biz öz dəyərlərimizi müəyyən bir iyerarxiya əsasında sistemləşdiririk. Siyasi mövzuların müzakirəsində “ağ kağız”a yox, dəyərlər sistemimiz əsasında mövzuya girir və fikrimizi formalaşdırırıq. Buna görə də kimdənsə siyasi məsələlərin müzakirəsi zamanı əvvəlcədən iyerarxiyalaşdırdığı dəyərlər sisteminə əsaslanmamasını gözləmək absurddur. Biz hamımız hansısa dəyərlər sisteminə əsaslanırıq.

Bəs bu dəyərlər sistemi hamımızda ardıcıl olurmu? Hər insan özünün dəyərlər sisteminin, onun üçün hansı dəyərin digərindən üstün olmasının fərqində olurmu? Əlbəttə yox. Bizim dəyərlərimiz qarışıqdır. Bu dəyərləri səliqəyə salmaq üçün əziyyət çəkməli – həmin dəyərlər barədə düşünməli, əxlaq və siyasi fəlsəfədə müvafiq mövzularla bağlı mütaliə etməliyik. Qarışıq olan dəyərlərimizin səliqəyə salınması uzun, çətin və davamlı gedən bir prosesdir. Yeni öyrəndiyimiz məlumatlar əsasında biz mütəmadi olaraq öz dəyərlərimizi yeniləməli – onları “update” etməli ola bilərik.  Dəyərlərimizin iyerarxiyasını müəyyən etmək üçün əziyyət çəkirik və sonda riyazi dəqiqliklə olmasa belə, təxmini sərhədləri bəlli olan dəyərlər sisteminini özümüz üçün müəyyən edirik. Bu dəyərlər sisteminə də ideologiya deyirik. Beləliklə, ideologiya ona görə lazımdır ki, dəyərlərimizi səliqəyə salaq və müdafiə etdiyimiz siyasi mövqedə məntiqi ardıcıllığı qoruyaq. Yəni ideologiya bizə imkan verir ki, dəyərlərimizin nələr olduğunu və onların iyerarxiyasını müəyyən edə bilək.

Bəs ideologiya bizi doqmatik etmirmi? Hə və yox. Belə ki, əgər biz ideologiyaya sadiqlik adı altında özümüz üçün bir neçə əsas müəllif müəyyən edib onların dediklərinə kənara çıxmasaq, bu, doqmatizmə gətirib çıxara bilər. Lakin əgər müəyyən özək dəyərlər əsasında ideologiyamızın olduğunu müəyyənləşdirsək və hansısasa müəllifi həmin mövzuda yekun avtoritet hesab etməsək, bu zaman doqmatizmə yuvarlanmaq ehtimalımız azalar. Əlbəttə ideologiyaları kefimiz istəyən kimi təsnifatlandıra bilmərik və hər bir ideologiyanın müəyyən tərifi və özünəməxsus dəyərlər iyerarxiyası var. Lakin ideologiyalar kimlərində monopoliyasında deyil. Eyni əsas dəyərləri qəbul edərək biz digər şəxsdən bir qədər fərqli nəticəyə gələ bilərik.

Məsələn, liberalizm ənənəsində hazırda dörd qrupu müəyyən edə bilərik: klassik liberallar, libertarianlar, “yüksək” liberallar və neoklassik liberallar. Bu dörd qrupa məxsus olan insanlar eyni ənənənin davamçılarıdırlar və onların hamısının bəzi ortaq dəyərlər sistemi var. Lakin hansı dəyərin nə dərəcədə əhəmiyyətli olması və həmin dəyərin əhatə etdiyi sahənin sərhədləri mövzusunda fikir ayrılığındadırlar. Buna görə də hər öz daxillərində fərqləndirmə aparmaq üçün fərqli adları şərti olaraq istifadə edirlər. Beləliklə, eyni dəyəri müxtəlif dərəcəli şiddətlə müdafiə edən insanlar bəzi məsələlərdə eyni, bəzi məsələlərdə isə fərqli nəticələrə gəlirlər. Amma hamısı “liberal” başlığı altında birləşir. Öz daxildəki fərqliliklərinə baxmayaraq, məsələn, onların hamısı istehsal vasitələri üzərindəki özəl mülkiyyəti və dövlətin zəruriliyini qəbul edirlər və bu da onları müvafiq olaraq sosialistlərdən və anarxistlərdən fərqləndirir.

Yəni ideologiyaların sərhədləri riyazi dəqiqlik ilə müəyyən edilə bilinməsə də və o ideologiyaların tərifləri heç kimin monopoliyasında olmasa da, biz ideologiyalara kefimiz istəyən kimi tərif verə bilmərik. Bu da o deməkdir ki, bizim ideologiya daxilindı müəyyən “hərəkət imkanımız” var, eyni ideologiyadan olan adamlar hər məsələdə eyni cür düşünmək və eyni nəticəyə gəlmək məcburiyyətində deyil. Ona görə də ideologiyanı qəbul edərkən biz mütləq sürətdə doqmatik olmaq məcburiyətində deyilik, öz tənqidi təfəkkürümüzü saxlayaraq özümüzü hansısa idelogiyaya mənsub hesab edə bilərik.

İdeologiya necə seçilir? Ya siz öz dəyərləriniz üzərində düşünürsüz və həmin dəyərlərin hansısa X ideologiyasına oxşar olduğunu görüb X haqqında oxuyur və müəyyən “yontma” prosesindən sonra öz ideologiyanızın X olduğunu deyirsiz. Ya da müxtəlif ideologiyalar haqqında oxuyub onların əsaslandıqları dəyərləri və gəldikləri nəticələri müqayisə edib xoşunuza gələni seçirsiz. Hər iki yol da mümkündür və ağlabatandır. Doqmatizmə düşməmək üçün tənqidi düşüncənizi qoruyub saxlayın və siyasi müzakirələrə girmək istəyirsizsə, dəyərlərinizi iyerarxiyalaşdırın – ideologiya seçin.

İdeologiyalarla bağlı giriş üçün aşağıdakı kitabları elə bu ardıcıllıqla oxuya bilərsiz:

  1. Andrew Heywood – Political Ideologies (Introduction)
  2. Hix and Whiting – Political Science (Introduction)
  3. Jason Brennan – Political Philosophy (Introduction)
  4. Sargent – Contemporary Political Ideologies
  5. Oxford / David Miller – Political Philosophy – A Very Short Introduction
  6. Oxford / Simon Blackburn – Ethics – A Very Short Introduction

Türk dilində isə aşağıdakı kitabları oxuya bilərsiz:

  1. Andrew Heywood – Siyasi İdeolojiler (Giriş)
  2. Andrew Heywood – Siyaset Teorisi (Giriş)
  3. Hayek – Kölelik Yolu
  4. Rothbard – Özgürlüğün Etiği
  5. Robert Nozick – Anarşi, Devlet ve Ütopya

Bunlar mövzuya giriş xarakteri daşıyır, qovluqda mövzu ilə bağlı daha konkret və mürəkkəb məsələləri müzakirə edən kitabları da tapa bilərsiz. Məsələn, azadlıq anlayışı ilə bağlı aşağıdakı kitablar məsləhətdir:

  1. Hillel Steiner – An Essay on Rights
  2. Ian Carter – A Measure of Freedom
  3. Matthew Kramer – The Quality of Freedom
  4. Philip Pettit – On the People’s Terms
  5. Quentin Skinner – Hobbes and Republican Liberty

Müəllif(lər)

+ Digər yazıları

Milan Universitetində siyasi fəlsəfə üzrə doktorantura tələbəsi, Bakı Araşdırmalar İnstitutunun əməkdaşı, Mərkəzi Avropa və Haydelberq universitetlərinin məzunu.

This Post Has 3 Comments

    1. İlkin Hüseynli

      Şərhinizi görə bilirik. Sualınız və ya tənqidiniz olsa yazın.

  1. Ehram Quliyev

    Təşəkkür edirəm.

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.