Respublikaçılar azadlığı status və qeyri-hökmranlıq kimi başa düşür və onlar insanın azadlığına, yəni “azad adam”a fokuslanıb insanların xüsusi məsələlərdəki seçim azadlıqlarını müzakirə etmirlər. Seçim azadlığını məhdudlaşdıran amillər insanın azadlığını da məhdudlaşdırır. Bəs bunun üçün nə məhdudlaşdırılmalıdır və hansı növ maneələr seçim azadlığını məhdudlaşdırır? Ən əsası isə respublikaçılara görə (erkən Skinner istisna) azadlığın məhdudlaşması üçün müdaxilə nə zəruridir, nə də kifayət.
Azad seçim üçün bizə şəxsi (mental və fiziki), təbii (ətraf-mühit, hava şəraiti) və sosial (dil, texnologiya, infrastruktur) resurslar lazımdır. Əgər bu resurslara çıxışda başqasının xoş niyyətindən asılıyıqsa, onda biz azad deyilik.
Maneələrin növləri:
• Xüsusi maneələr (spesific hinderances – invaders): fərdin (real və ya hipotetik) xüsusi / müəyyən iradəsinə uyğun davranmaq üçün öz resurslarının istifadəsinə yönəlmiş maneələr.
• Ümumi maneələr (generic hinderances – vitiators): fərdin ümumiyyətlə iradəsinə uyğun davranmaq üçün öz resurslarının istifadəsinə yönəlmiş maneələr.
Ümumi maneələr fərdin öz iradəsinə uyğun davranmaq üçün əlindəki resurslardan istifadə edib-etməməsindən asılı olaraq mövcud olur. Yəni ümumi maneələr fərdin istəyi və ya meylinə qarşı reaksya kimi çıxış etmir. Xüsusi maneələr isə məhz fərdin (real və ya hipotetik) müəyyən hərəkətinə və ya meylinə reaksiya kimi çıxış edir. Ona görə də xüsusi maneələr və ya qəsbkar maneələr mahiyyəti etibarilə azadlıq üçün təhlükəlidir.
Qəsbkar maneələr o zaman baş verir ki, kənar şəxs öz iradəsini sizə yeridərək sizin seçimlərinizi diktə edir və ya öz iradələrinə uyğun olaraq məhdudlaşdırır. Bir növü kənar şəxs sizin seçimlərinizdə sizin iradəniz ilə öz iradəsini yarışdırıb sonuncunu birinci ilə əvəzləməyə çalışır, yaxud da sizin etdiyiniz seçimdə pay sahibi olmağa cəhd edir. Lakin qəsbkar maneə həmişə bilərəkdən və ya qəsdən edilmir, bu növ maneə xoş niyyətdən, bilmədən və hətta istəmədən də yarana bilər.
Pozucu maneələr onlardır ki, sizin iradənizə uyğun olaraq öz resurslarınızdan istifadə etməyinizə maneə yaratsa belə başqasının iradəsini sizin iradənizlə əvəz etmir, kənar iradəni sizə yeritmir. Bir növü neqativ azadlıqdakı “kənar müdaxilə” respublikaçı azadlıqda “kənar iradənin müdaxiləsi” kimi başa düşülür. Bu növ maneələr başqası tərəfindən yaradılarkən onları qeyri-könüllü hesab etmək olar – məsələn, siz sağ qalmaq üçün çalışarkən mənim seçimlərinə əngəl yaradırsızsa (ehtiyacdan yaranan əngəl), bu, pozucu maneədir, qəsbkar yox.
Müdaxilə nədir?
A B-nin seçimlərinə o zaman müdaxilə etmiş hesab edilir ki, A-nın B-nin seçimlərinə müdaxilə edib-etməməklə bağlı seçimi olsun. Yəni zərurətdən yaranan müdaxilə “müdaxilə” hesab edilmir.
Hökmranlıq nədir?
Hökmranlıq ixtiyari müdaxilə nəticəsində yaranır. İxtiyari müdaxilə odur ki, müdaxiləni edən tərəf öz kefindən (və ya iradəsindən) asılı olaraq müdaxilə edə bilər (1), müdaxilə edən tərəfi (ciddi) cəza və ya yayındırıcı güc gözləmir (2) və bu müdaxilə müəyyən seçimlərə edilir (3).
Qeyri-ixtiyari müdaxilə isə odur ki, müdaxilə edən tərəf öz iradəsini müdaxilə etdiyi tərəfə yeritmir və o, müdaxilə edilən tərəfin maraqlarını, fikirlərini nəzərə almaq məcburiyyətində qalır.
Həmçinin, dördüncü, qismən zəif, şərt isə budur ki, hökmranlığın mövcudluğu tərəflərə və/və ya cəmiyyətdəki insanlara məlum olmalıdır – ümumi bilik. Pettit hesab edir ki, hökmranlığın olduğu əksər hallarda (manipulyasiyalar istisna) ümumi bilik mövcud olur.
Bunları iki cür şərh etmək olar:
1. Nəzarətdə saxlanılmayan müdaxilə: A müəyyən bir X seçimində B-nin hökmranlığı altına o zaman düşür ki, B-nin A-nın X seçiminə müdaxilə etmək gücü olsun və A həmin müdaxiləni nəzarətdə saxlaya bilməsin. B müdaxiləni edə və ya etməyə bilər. Əsas budur ki, B-nin müdaxilə etməyə gücü çatır, A-nın isə həmin müdaxilənin qarşısını almağa gücü çatmır, yaxud da, həmin müdaxilə A-nın irəli sürdüyü şərtlər çərçivəsində baş tutmur (Pettit 2012).
2. Maraqları nəzərə almayan müdaxilə: A müəyyən bir X seçimində B-nin hökmranlığı altına o zaman düşür ki, B A-nın X seçiminə ixtiyari müdaxilə etmək gücündə olsun. Müdaxiləyə bədənin və iradənin məcbur edilməsi, həmçinin manipulyasiya da daxildir.
Maraqlar necə nəzərə alına bilər?
• Obyektiv, normativ olaraq haqq qazandırıla bilər maraqlar.
• Subyektiv arzu və istəklər.
• Müəyyən məşvərətçi prosedurlar nəticəsində ifadə edilən maraqlar.
3. Prosedural yanaşma: Hökmranlıq üçün bu üç şərtin birlikdə mövcud olması kifayətdir: qeyri-bərabər güc, yüksək dərəcəli asılılıq və prosedural ixtiyarilik. İxtiyari müdaxilə o zaman baş verir ki, onun icrası hamıya məlum olan qaydalar, prosedurlar və məqsədlər əsasında effektiv olaraq kənardan məhdudlaşdırılmır.
Ədəbiyyat:
1. Skinner, Quentin. Liberty before Liberalism. Cambridge University Press, 1998.
2. Pettit, Philip. On the People’s Terms: A Republican Theory and Model of Democracy. Cambridge University Press, 2012.
Müəllif(lər)
Siyasi filosof. Pavia Universitetinin tədqiqatçısı.