İstər siyasi fəlsəfədə, istərsə də siyasi ritorikada yəqin ki, ən çox istifadə edilən anlayışlardan biri azadlıqdır. Cəmiyyətdə bu anlayışla bağlı çoxsaylı fikirlərlə rastlaşırıq ki, onları təhlil etdikdə bir çoxlarının ardıcıl olmadığını, bəzən isə bir-biri ilə ziddiyyət təşkil etdiyini görürük. Fəlsəfədə istifadə edilən əksər terminlər kimi, azadlıq da danışıq dilindən götürülüb və bu terminin adi dildən bizə tanış olmasının müsbət tərəfi budur ki, gündəlik təcrübəmizdə bu sözü müxtəlif kontekstlərdə işlədərək təxmini də olsa, azadlıq deyəndə nəyi nəzərdə tutduğumuzu müəyyənləşdiririk. Digər tərəfdən, sözün danışıq dilindən bizə tanış olmasının mənfi tərəfi də var; belə ki, başqa dillərdə olduğu kimi, bizim də danışıq dilimiz sözlərin məna çərçivələrini fəlsəfənin tələb etdiyi qədər dəqiqliklə müəyyənləşdirmir. Müxtəlif kontekstlərdə azadlıq sözünü bir-birinə uyuşmayan şəkildə, necə gəldi istifadə edirik və bu, həmin sözü fəlsəfi kontekstlərdə istifadə edəndə bizi çaşdıra bilər. Bu baxımdan azadlıq anlayışı ilə bağlı müasir siyasi fəlsəfədəki debat bizim fərd olaraq öz fikirlərimizi aydınlaşdırmağımıza yardımçı ola bilər.
Tomas Hobsa görə azadlıq hərəkətə xarici maneələrin olmamasıdır (freedom is the absence of external impediments to motion). Hobsun neqativ azadlıq anlayışının iki tərkib hissəsi var:
1. Fərdin azad ola bilməsi üçün onun istədiyi hərəkəti icra etməyə gücü (power) olmalıdır
2. Kənar şəxs (agent) tərəfindən fərdin həmin gücündən istifadəsinə müdaxilə (interference) edilməməlidir.
Güc nə deməkdir?
• İnsanın gücü gələcəkdə Yaxşı (Good) hesab etdiyi şeyi əldə etmək üçün hazırda əlində olan imkanlarıdır.
Müdaxilə nə deməkdir?
• Kənar şəxslər o zaman müdaxilə etmiş hesab edilir ki, onlar fərdin bədənində qarşı elə hərəkət icra edirlər ki, fərdin gücü daxilindəki hərəkətlərin icrasının qarşısı alınır (prevented) və nəticədə fərdin həmin aktı icra etməsi fiziki olaraq qeyri-mümkün olur.
Yəni, fərdin GÜCü olmalıdır və onun BƏDƏNinə MÜDAXİLƏ edilməməlidir.
Könüllü əsaslarla Leviathan (dövlət, süni şəxs) yaradıldıqdan və onun nümayəndəsi olan Suveren (təbii şəxs) təyin edildikdən sonra, biz təbii azadlıqdan (natural freedom) yox, vətəndaş azadlığından (liberty of subjects, civil law) danışa bilərik. Vətəndaş olaraq bizim azadlığımız yuxarıdakı iki şərtdən başqa üçüncü bir şərt də tələb edilir:
3. Fərdin azadlığı o zaman məhdudlaşmır ki, o, istəmədiyi hərəkəti icra etməyə vadar edilmir (compelled). O, tələb edilən hərəkəti icra etməkdən imtina edə bilmir.
Yəni, vətəndaşın GÜCü olmalıdır, onun BƏDƏNinə MÜDAXİLƏ edilməməlidir və o, istəmədiyi hərəkəti icra etməyə VADAR edilməməlidir.
Hərəkətin qarşısının alınması nə deməkdir?
• Kənar müdaxilə olmadığı halda fərd həmin hərəkəti icra edə biləcəkdisə, deməli müdaxilə nəticəsində fərdin hərəkətinin qarşısı alınıb.
Vadar edilmək nə deməkdir?
• Fərd kənar şəxs tərəfindən tələb edilən hərəkəti icra etməkdən imtina edə bilmirsə (onun üzərinə həmin hərəkəti icra etmək öhdəliyi qoyulursa), deməli fərd həmin hərəkəti etməyə vadar edilib.
Yəni, eyni hərəkətin icası baxımından vətəndaş eyni zamanda həm azad, həm də öhdəlik altında ola bilməz (normativ və qeyri-normativ azadlığın qarışdırılması).
Beləliklə, vətəndaş üçün QEYRİ-AZADLIQ iki yolla yarana bilər: (1) kənar müdaxilə nəticəsində fərdin gücü daxilindəki bir hərəkəti icra etməsi qeyri-mümkün olanda və (2) kənar müdaxilə nəticəsində fərd bir hərəkətin icrasından imtina edə bilməyəndə.
Skinnerin şərhinə əsasən Hobs üçün bu iki cümlə bir-birinə bərabərdir
• X-ı etmək baxımından azad olmaq
• Kənar müdaxilə / maneə tərəfindən X-ı etmək baxımından qarşısı alınmamaq
Halbuki, bunları eyniləşdirmək olmaz çünki, məsələn, bir yataq xəstəsi gücü olmadığına görə ayağa qalxa bilimrsə, ona kənar təsirin olub-olmaması irrelevantdır. Gücü olmayan adama “azaddır” deyə bilmərik.
AZAD ADAM (Freeman) o fərddir ki, o, istədiyi hərəkəti kənar şəxsin müdaxiləsi olmadan icra edə bilir.
Lakin “Azad Adam” və “Azad Olmaq” bir-birinə bərabər deyil çünki “Azad Adam” anlayışı imkan əsaslıdır (capacity-dependent), “Azad Olmaq” isə imkan əsaslı deyil – Hobs azadlığa (azad olmağa) tərif verəndə heç bir imkana müraciət etmədən sadəcə qeyd edir ki, azadlıq hərəkətə xarici maneələrin olmamasıdır. “Azad Adam” dedikdə isə Hobsun nəzərdə tutduğu budur: X-ı etməyə gücü olan bir adamın Azad Adam olması üçün nə gərəkdir? Cavab – onun hərəkətinə kənar müdaxilənin olmaması.
Ədəbiyyat:
1. Hobbes, Thomas. Leviathan. Wordsworth Editions Ltd, 2014, chp. 20-22.
2. Skinner, Quentin. Hobbes and Civil Science. Cambridge University Press, 2002, chp. 7.
Müəllif(lər)
Siyasi filosof. Pavia Universitetinin tədqiqatçısı.