“Klassik liberalizm” özəl mülkiyyəti, maneəsiz bazar iqtisadiyyatını, hüququn aliliyini, din və mətbuat azadlığının konstitusional qarantiyalarını, eləcə də azad bazara əsaslanan beynəlxalq sülhü dəstəkləyən ideologiyanı təyin etmək üçün istifadə edilən termindir. Bu ideologiya XX əsrə qədər sadəcə liberalizm adlandırılırdı. “Klassik” sifəti indiki dövrdə, ən azından ingilisdilli ölkələrdə (məsələn, Fransada belə bir zərurət yoxdur) zəruri hal alıb, çünki liberalizm artıq eqalitarian hədəflər uğrunda özəl mülkiyyət və bazara geniş müdaxilələr ilə əlaqələndirilir. Liberalizmin bu versiyası, əgər onu hələ də bu cür adlandırmaq olursa, bəzən “sosial,” yaxud (yanlış şəkildə) “müasir,” yaxud da “yeni” liberalizm adlanır. Burada liberalizm dedikdə onun klassik variantını nəzərdə tutulacaq.
Əsas iddiaları universal olsa da liberalizm ilk öncə xüsusi mədəniyyətdən və müəyyən tarixi şərtlərdən törəmiş bir doktrina və hərəkat olaraq dərk edilməlidir. Bu mədəniyyət, Lord Aktonun qeyd etdiyi kimi, Qərb, Roma papası ilə ittifaq içində olan və ya olmuş Avropa idi. Başqa sözlə desək, onun özəyində (E.L. Consun ifadəsi ilə) “Avropa möcüzəsi”nə çevrilən müəyyən insan cəmiyyəti var idi. Tarixi şərtlər orta əsrlərdən gələn azad təsisatlar və dəyərlər ilə XVI–XVII əsrlərin mütləqiyyətçi dövlətlərinin tələblərinin qarşıdurması idi.
Hollandların İspaniya Habsburqlarının mütləqiyyətçiliyi ilə olan mübarizəsindən fundamental liberal xüsusiyyətləri – xüsusilə də mülkiyyət hüquqlarını əhatə edən hüququn aliliyini, de-fakto dini tolerantlığı, əhəmiyyətli dərəcədə ifadə azadlığını və olduqca məhdud gücə malik mərkəzi dövləti özündə əks etdirən bir dövlət quruluşu yaranıb. Holland təcrübəsinin heyrətləndirici uğuru Avropanın sosial təfəkküründə və tədricən siyasi praktikasında “nümunə effekti” yaratdı. Bu, daha sonra baş verən İngiltərə nümunəsi üçün daha da doğrudur. Nəzəriyyə və sosial reallıq liberalizm tarixi boyunca bir-birinə təsir göstərib. Nəzəriyyə praktikanın müşahidəsi üsulu ilə stimullaşdırılıb və təkmilləşdirilib, praktikanı islah etmək cəhdləri isə daha dəqiq nəzəriyyəyə istinad ilə həyata keçirilib.
XVII əsr İngiltərəsindəki konstitusional mübarizələrində bir sıra fərdlər və qruplar əlamətdar liberal xüsusiyyətlə nümayiş etdirib. Buna baxmayaraq, onlardan biri – levellerlər [bərabərçilər] Avropa tarixində ilk tanınan liberal partiya kimi diqqət cəlb edir. Con Lilbern və Riçard Overton rəhbərliyindəki orta təbəqə radikallarından ibarət bu hərəkat ticarət azadlığının təmin edilməsini, dövlət inhisarına son qoyulmasını, kilsə ilə dövlətin ayrılmasını, xalqın təmsil edilməsini və hətta parlament səlahiyyətlilərinə sərt məhdudiyyətlərin qoyulmasını tələb edirdi. Levellerlərin mülkiyyəti – fərdin özünə sahib olması başda olmaqla – vurğulamalarını və dövlət gücünə qarşı düşmənçilikləri onların presosialist diggerlər [yerqazanlar] ilə müqayisə edilməsinin sadəcə düşmən propaqandası olduğunu göstərir.
Levellərlər həmin dövrdə yaşadıqları uğursuzlara baxmayaraq o vaxtdan bəri ingilisdilli xalqların siyasətinin bir xüsusiyyəti olan orta təbəqə radikal liberalizminin prototipini yaratdılar. Con Lokk həmin əsrin sonrakı illərində kollektiv olaraq “mülkiyyət” adlandırdığı həyat, azadlıq və mülkiyyət təbii haqları doktrinasını XVIII əsrin Həqiqi Viqləri vasitəsilə Amerika inqilabı nəslinə ötürüləcək şəkildə yaradıb.
Amerika model liberal ölkəyə və İngiltərədən sonra liberalizmin dünya üçün nümunəsinə çevrildi. Avropalı müşahidəçilərin qorxu ilə qeyd etdikləri kimi, ABŞ cəmiyyəti XIX əsrin böyük bir qismi boyunca bir çox baxımdan dövlətin demək olar mövcud olmadığı bir cəmiyyət idi. Ceffersonçular, Ceksonçular, abolisionistlər və XIX əsrin sonlarında mövcud olmuş imperializm əleyhdarları radikal liberal ideyalar səsləndirib tətbiq edirdilər.
Lakin XX əsrin əvvəllərinə qədər ən əhəmiyyətli liberal nəzəriyyə Avropada inkişaf etməyə davam etdi. Bu məsələdə XVIII əsr xüsusilə seçilirdi. Şotland Maarifçilik dövrünün Devid Yum, Adam Smit, Adam Ferquson və Duqald Stüard kimi mütəfəkkirlərinin əsərləri əhəmiyyətli hadisələr idi. Onlar, Ronald Hamovinin xülasəsi ilə, “istiqamətverici zəkanı təyin etməyə zərurət qalmadan mürəkkəb sosial strukturların əslini” izah edən analiz formalaşdırdılar. Şotlandların spontan nizam nəzəriyyəsi əsas etibarilə öz-özünə əmələ gələn və öz-özünü qaydaya salan vətəndaş cəmiyyəti modelinə mühüm töhfə idi. Bu modelə görə sadəcə fərdin hüquq ilə qorunan sferasına zorakı yollarla müdaxilə edildiyi hallarda dövlət müdaxiləsinə ehtiyac var idi. Duqald Stüard Adam Smitin bioqrafik memuarı (1811) əsərində qeyd etdiyi kimi, “bir ölkəni ən alçaq barbarlıq səviyyəsindən ən yüksək zənginlik səviyyəsinə qaldırmaq üçün sülh, yüngül vergilər və ədalətin qənaətbəxş şəkildə idarə edilməsindən başqa nəyəsə demək olar ehtiyac yoxdur. Digər şeylər təbii gedişat ilə yaranır.” Fiziokratik formul – laissez-faire, laissez-passer, le monde va de lui-même (“dünya öz-özünə işləyir”) – həm liberal proqramı, həm də onun əsaslandığı sosial fəlsəfəni təklif edir. Spontan nizam nəzəriyyəsi növbəti dövrlərdə yaşamış liberal mütəfəkkirlər, xüsusilə də XIX əsrdə yaşamış Herbert Spenser və Karl Menger, o cümlədən XX əsrdə yaşamış F. A. Hayek və Maykl Polani tərəfindən inkişaf etdirilib.
Liberallarla bəzi əhəmiyyətli mövzularda liberallara yaxın olan Börkçülər və digər mühafizəkarlar arasındakı arqumentlərdən biri bu mərkəzi liberal anlayış ilə bağlıdır. Liberallar tipik olaraq ən geniş mənada bazarın – könüllü mübadilələr şəbəkəsinin – onun davamlılığına xeyir verən təsisatlar və normalar yaratmasını gözləyir, mühafizəkarlar isə dövlətdən həyat, azadlıq və mülkiyyət haqlarının qorunmasından savayı vacib məsələlərə, xüsusilə də dinə dəstək tələb edir.
Sənayeləşmənin başlaması ilə liberalizm ilə mühafizəkarlıq arasında əsas münaqişə sahəsi meydana gəldi. Xüsusilə Böyük Britaniyada mühafizəkar elitlər ilə onların nümayəndələri orta sinif və nonkonformist rəqiblərinin liberal adını ləkələmək üçün erkən sənayeləşmə şəraitini tez-tez istismar edirdi. Tarixi nöqteyi-nəzərdən məlumdur ki, sənaye inqilabı olaraq bilinən şey Avropanın (və Amerikanın) əhali artımı probleminə həll tapmaq üsulu idi. Bəzi mühafizəkarlar bazar nizamını materializm, ruhsuzluq və anarxiyada ittiham edərək tənqid edirdilər.
Liberalların mühafizəkarlığı militarizm və imperializm ilə əlaqələndirməsi nəticəsində başqa bir münaqişə mənbəyi yarandı. Viqçi liberalizmin bir qolu liberal hədəflərə çatmaq üçün müharibəyə qarşı olmamasına və milli birlik uğrunda aparılan müharibələrin əhəmiyyətli istisna təşkil etməsinə baxmayaraq ümumiyyətlə liberalizm sülh ilə əlaqələndirilirdi. Müharibə və imperializm əleyhdarı liberalizmin ideal növü Mançester məktəbi və onun rəhbərləri olan Riçard Kobden ilə Con Brayt tərəfindən formalaşdırılıb. Kobden dövlətin müharibəyə səbəb olan motivlərinin və fırıldaqlarının mürəkkəb analizini aparırdı. Mançester məktəbinin nümayəndələri tərəfindən təklif edilən həll yolu beynəlxalq azad bazar idi. Bu fikirləri inkişaf etdirən Frederik Bastia Avropada və sonradan da ABŞ-da müəyyən dəstək görən xalis liberal doktrina növü təklif edirdi.
Liberalizmin tərəfdarları həmişə ardıcıl deyildilər. Bəzən öz dəyərlərini təbliğ etmək üçün dövlətə üz tuturdular. Məsələn, Fransadakı liberallar direktoriya dövründə sekulyarizmi təbliğ etmək üçün dövlət tərəfindən maliyyələşdirilən məktəb və təsisatlardan istifadə edib, Üçüncü Respublika dövründə isə ruhanilər əleyhinə olan qanunları dəstəkləyiblər. Həmçinin, liberallar Bismark Almaniyasında katolik kilsəsinə qarşı kulturkampf [yəni mədəniyyət uğrunda mübarizəyə] başladılar. Lakin bu səylər liberal prinsiplərinə xəyanət kimi qiymətləndirilə bilər, əslində liberalizmə ardıcıl yanaşanlar belə addımlardan çəkiniblər.
Liberalizm ilə anti-statist [böyük dövlət əleyhdarı] mühafizəkarlar arasında mümkün uzlaşmanın əsası Fransa inqilabı və Napoleon təcrübəsindən sonra meydana gəldi. Bunun ən yaxşı nümunəsi Benyamin Konstant idi. Onu yetkin liberalizmin nümayəndəsi kimi qiymətləndirmək olar. Demokratik kütlələrin manipulyasiyaya əsaslanan qeyri-məhdud dövlət gücünün yaratdığı yeni təhlükələr ilə üz-üzə duran Konstant hər yerdə sosial buferlər və ideoloji müttəfiqlər axtarırdı. Dini inanc, lokalizm [yerliçilik] və insanların könüllü ənənələri dövlətə qarşı olan gücün mənbələri kimi qiymətləndirilirdi. Aleksis de Tokvil növbəti nəsildə bu konstantçı yanaşmanı təkmilləşdirərək getdikcə hər yerdə mövcud olan, böyüyən bürokratik dövlətin böyük analitiki və müxalifinə çevrildi.
İngilisdilli ölkələrdə anti-dövlətçi mühafizəkarların düşmənçiliyi liberalizm tarixində Bentamın və fəlsəfi radikalların rolunun ifrat şəkildə nəzərə çatdırılması ilə daha da kəskinləşdi. C.S. Mill tərəfindən yazılmış “Azadlıq haqqında” (1859) əsəri əslində, fərdi və fərdin azadlığını dövlətlə olduğu qədər “cəmiyyət” ilə də tarazlayaraq liberal təfəkkürün mərkəzi xəttindən kənara çıxırdı. Bundan əvvəl mövcud olmuş Vilhelm fon Humboldt və Konstant liberalizminin könüllü vasitəçi orqanları fərdi hərəkətin təbii nəticəsi olaraq görməsinə və dövlətin böyüməsinin qarşısına qoyulan maneələr kimi qarşılamasına baxmayaraq, məsələn, “Azadlıq haqqında” əsərində bir yezuitin [İusus cəmiyyətinin üzvü] öz ordeninin “kölə”si olduğunu qeyd edən ifadəsindəki kimi, Mill fərdi spontan törəyən sosial ənənəyə və azadcasına qəbul edilən hakimiyyətə olan hər hansısa bir əlaqədən qurtarmağı hədəfləyirdi.
Klassik liberalizmin ən kəskin qarşı çıxdığı şey sosialist dövlətdir. Məsələn, Avstriya əsilli amerikan iqtisadçı Lüdviq fon Mizes rasional mərkəzi planlamanın qeyri-mümkünlüyünü göstərib. Əlli ildən çox yazıb-pozan Mizes liberal sosial nəzəriyyəni onun tənəzzülündən on illər sonra dirçəltdi və liberal ideologiyanın XX əsrdəki ən tanınmış nümayəndəsi oldu. Mizesin əhəmiyyətli dərəcədə təsir göstərdiyi tələbələrindən biri də Mürrey N. Rozbarddır. Rozbard Avstriya iqtisadi nəzəriyyəsini təbii haqlar doktrinası ilə birləşdirərək fərdiyyətçi anarxizmin bir növünü – bir başqa sözlə “anarxo-kapitalizm”i yaratdı. Vətəndaş cəmiyyətinin sahəsini dövlətin ləğvi nöqtəsinəcən genişləndirməklə Rozbardın yanaşması həqiqi liberalizmə yeni məna qatdı.
Klassik liberalizm adətən təqribən 1900-cü illərdə klassik versiyadan törədiyi güman edilən “yeni sosial liberalizm” ilə qarşılaşdırılır. Lakin sosial liberalizm nəzəriyyəsi cəmiyyətin öz-özünü nizamlayan bacarığını inkar etdiyindən adaşından fundamental olaraq fərqlənir. Sosial liberalizm dövləti sosial qeyri-bərabərliyi getdikcə şaxələnən yollarla aradan qaldırmağa çağırır. Sosial liberalizm vasitələri dəyişərək məqsədi yəni fərdi azadlığı qorumağa çalışdığını iddia edir, lakin bu, klassik liberallar üçün qəbuledilməzdir, belə ki, sosializmin bir çox növü də bu iddia ilə çıxış edir. Əslində, sosial liberalizmi nəzəri və tətbiqi baxımdan revizionist sosializmdən demək olar ayırd etmək olmur. Bundan başqa, iddia edilə bilər ki, bu düşüncə məktəbi heç də XIX əsrin sonu, XX əsrin əvvəllərində (məsələn, əmək bazarında müqavilə azadlığının guya saxtakarlıq olması aşkarlandığı zaman) klassik liberalizmdən törəməyib. Sosial liberalizm ən azından Sismondinin vaxtından bəri tam olaraq mövcud idi və onun elementlərini (rifahçılıq) Kondorse ilə Tomas Peyn kimi böyük klassik liberal yazıçıların əsərlərində də tapmaq mümkündür.
Klassik-sosialist layihənin sona çatması ilə klassik liberallar və anti-statist mühafizəkarlar artıq razılaşa bilərlər ki, bu gün vətəndaş cəmiyyətinin əsas qənimi müasir sosial liberalizmdir. Klassik liberalların siyasi məşğuliyyəti dünyanı Konstant, Tokvil və Herbert Spenser qədər Börkü də vahimələndirən bir kabusa – Makoleyin “hər şeyi dağıdan dövlət” dediyi şeyə doğru irəliləyən axına qarşı mübarizə aparmaqdır. Köhnə mübahisələr getdikcə mənasızlaşdıqca liberallar və anti-statist mühafizəkarlar bir-birləri ilə sələflərinin dərk etdiklərindən daha çox ortaq nöqtələrinin olduğunu kəşf edə bilərlər.
Müəllif(lər)
Yazar, tərcüməçi, Vikipediyaçı. 2019–2020-ci illərdə "Geekon.az", 2020-ci ildən isə "Aze Voice" platformasında redaktor.
- This author does not have any more posts.