Müharibə istəməyənlər nə istəyirlər?

  • Post comments:0 Comments
  • Reading time:8 mins read

Kaliforniya və Belçikada erməni əsilli şəxslərlə əslən Azərbaycandan olanlar arasında baş vermiş davadan – sayca daha çox olan birincilərin  sayca daha az olan sonuncuları döyməsindən sonra Moskva və Kiyev başda olmaqla bir sıra əcnəbi şəhərlərdə də iki etnik qrup arasında davaların olduğu xəbərləri gəlməyə başladı. Belə bir vəziyyətdə sosial şəbəkələrdə bütün ermənilər düşmən adlandırılır, bəzi insanlar qisas çağırışı edib siz də erməniləri tapıb döyün deyir, bəziləri isə ümumiyyətlə müharibə tələb edirlər. Hətta ilin-günün bu vaxtı Bakıdakı 30 min ermənini tapıb döyün tipli mesaj verən sosial şəbəkə istifadəçisi də görmək bizə nəsib oldu. Bir qrup insan isə bu çağırışlara qarşı çıxır və sülh istəyirdi. Bəs xainlikdə ittiham edilən, əslində isə sadəcə qisas və müharibə əleyhinə olan insanlar nə istəyirlər?

Birincisi, qisas və müharibə əleyhdarları xaricdə azərbaycanlılara qarşı zorakılıq etmiş erməniləri bağışlayaq demirlər. Bunun əvəzinə onlar zorakılıq etmiş erməniləri, yaxud da hansısa başqa bir ermənini döyməyək, yalnız və yalnız zorakılıq edənləri polisə şikayət edək, onları hüquqi yolla cəzalandıraq deyirlər. Çünki zorakılığa məruz qalmış azərbaycanlılar həmin erməniləri və ya – çoxlarının istədiyi kimi – elə küçədən keçən hansısa bir ermənini tutub döysələr, mövcud vəziyyət daha da pisləşəcək və etnik zəmində tərəflərin bir-birinə, ən əsası isə günahsız ermənilərə və azərbaycanlılara qarşı zorakılığı davam edəcək. Günahsız insana qarşı zorakılıq isə hüquqi cəhət bir yana dursun, əxlaqi cəhətdən də düzgün deyil:– günahsız insana qarşı zorakılıq  – əxlaqsızlıqdır. Etnik qrupun bir nümayəndəsinin günahını digərindən çıxmaq isə mümkün deyil; hər bir insan ayrıca bir fərddir və “erməni” və ya “azərbaycanlı” deyə bir “bədən” yoxdur ki, onun bir hissəsinə zərər verə bilməyəndə digər hissəsinə zərər verib özünü müdafiə edəsən. Qısası, qisas və müharibə əleyhdarları sizi döyəni bağışlayın yox, sizi döyəni hüquqi yolla cəzalandırın deyir.

İkincisi, qisas və müharibə əleyhdarları gəlin Qarabağ məsələsini unudaq, olan olub, keçən keçib demirlər. Əksinə, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağa olan iddiasını doğru hesab edirlər. Lakin onlar deyirlər ki, hazırda Azərbaycan Respublikası (AR) demokratik ölkə deyil, AR vətəndaşları olaraq azadlığımız məhdudlaşdırılır, müharibə, yaxud müharibə şəraiti isə azadlığımızın məhdudlaşdırılması üçün hökumətin əlinə daha çox bəhanə verəcək. Bir sözlə, qisas və müharibə əleyhdarları iddia edirlər ki, Azərbaycan və Ermənistan arasında indi baş verə biləcək müharibə hər iki ölkədə, ələlxüsus da Azərbaycanda hökumətin əlinə oynayacaq; müharibə baş verməsə belə, bu müharibə ritorikasından hökumət istifadə edib azadlığımızı daha da məhdudlaşdıracaq. Yəni, qisas və müharibə əleyhdarları mütləq şəkildə pasifist deyillər (təbii ki, istisnalar yox deyil) və heç də gəlin Qarabağı unudaq demirlər. (Qarabağın işğalı nəticəsində yüz minlərlə insanın mülkiyyəti qəsb edilib, yaxınları öldürülüb və sağ qalanların da hüquqları tapdalanıb; heç kəs belə bir vəziyyətdə Qarabağı unudaq deməz.)

Üçüncüsü, qisas və müharibə əleyhdarları deyirlər ki, xarici ölkələrdə dava-dalaş nə Azərbaycanın, nə də azərbaycanlıların hörmətini artırır. Tam tərsinə, orta statistik bir qərbli bu hadisələri görəndə ermənilərlə azərbaycanlılar ikisi də vəhşidir, bunları bizim ölkəyə buraxmaq lazım deyil deyə düşünür. Məsələn, Londondakı davadan sonra bəzi britaniyalılar sosial şəbəkələrdə bunlar gəldi, şəhərin zibili çıxdı yazırdılar. Mən həmin qərblilərin doğru dediyinə eyham vurmuram, sadəcə demək istəyirəm ki, məqsəd Qarabağ məsələsini gündəmə gətirmək və Azərbaycana “müttəfiq” qazandırmaq, əcnəbilərdə Ermənistan Azərbaycan torpağını işğal edib, oradan çıxmalıdır fikrini yaratmaqdırsa, onların öz ölkəsində ermənilərlə əlbəyaxaya çıxmaq bu məqsədə xidmət etməyəcək. Azərbaycanlıların zorakılığa çağırış videolarını isə erməni sosial şəbəkə istifadəçiləri paylaşaraq bunlar öz dövlətlərinə arxalanırlar, bu çağırışlar şəxsi təşəbbüsləri deyil, haradansa əmr alırlar tipli mesajlar verirlər və bu da yuxarıdakı məqsədə çatmaq üçün Azərbaycana və azərbaycanlılara kömək etmir.

Məsələ təkcə prestij və mübarizədə düzgün metod seçmək də deyil; məsələ daha da ciddidir. Rusiyada çox sayda azərbaycanlı yaşayır, işləyir və orada qazandığı pulu Azərbaycandakı ailəsinə göndərir. Azərbaycanda on minlərlə, bəlkə də yüz minlərlə insan bu növ pul köçürmələrindən asılıdır. Belə bir vəziyyətdə Rusiyada azərbaycanlıları ermənilərə qarşı zorakılığa çağırmaq onların yerli əhali arasında hörmətini aşağı sala bilər; bu həmçinin onların işlərini itirməsi, həbsi, deportasiya edilməsi və nəticədə Azərbaycanda bir çox insanın gəlir mənbəyinin kəsilməsi ilə nəticələnə bilər. Mən inanmıram ki, kimsə belə vəziyyətin yaranması istəyər. Lakin müharibə ritorikası, zorakılığa açıq çağırışlar çox güman məhz belə nəticələr hasil edəcək.

Bəs qisas və müharibə əleyhdarları nə təklif edirlər? Elə azərbaycanlılar oturub bağırlarına daş bassınlar? Yox. İnformasiya müharibəsi (mən bunu mənasız hesab edirəm (bu barədə daha sonra danışacağıq)) adı altında azərbaycanlılar müharibə üçün ölkədə yürüş edir, sosial şəbəkələrdə erməniləri bir xalq olaraq düşmən adlandırır, Kim Kardaşyanı söyür, uzağı xarici ölkələrdə etiraz aksiyaları keçirirlər. Bütün bu aktlar nəticəsində AR vətəndaşı olaraq azadlığımız daha da məhdudlaşdırılır, “dövlət-vətəndaş birliyi” adı altında insanlardan onların hüquqlarını pozan hökumətə dəstək vermələri tələb edilir. Müharibə əleyhdarları isə təklif edirlər ki, biz əvvəlcə özümüzün vətəndaş olaraq hüquqlarımızı bərpa edək, ölkəmizin işğal edilməmiş 86 faizində (işğal edilmiş torpaqlar ölkə ərazisinin 20 yox, 14 faizini təşkil edir) özümüzə gün ağlayaq, azad insan olaq, ondan sonra isə Qarabağın işğaldan azad edilməsi üçün çalışaq. Yəni, necə deyərlər, əvvəlcə əlimizdə olan torpaqlarda vətəndaş olaq, sonra 14 faizi geri qaytararıq. Eyni zamanda, qisas və müharibə əleyhdarları deyirlər ki, nə Ermənistan, nə də ermənilər yoxa çıxacaq və biz iki xalq və iki ölkə olaraq gələcəkdə də qonşu olacağıq. Ona görə də bütün erməniləri düşmən adlandırmağımız özü-özlüyündə səhv olmaqla yanaşı (çünki bütün ermənilər düşmən deyil), strateji olaraq da yanlışdır. Xalqların düşmənliyini istəmək və ya bunun belə olduğunu iddia etmək həm səhv, həm də axmaqlıqdır. Birgə, sülh içində yaşamağı öyrənməli, buna alışmalıyıq; başqa yolumuz yoxdur. Nə vaxtsa müharibə istəmək olarmı? Bilmirəm. Amma burası dəqiqdir ki, hazırkı vəziyətdə müharibə istəmək Azərbaycan vətəndaşları olaraq bizim maraqlarımıza qətiyyən xidmət etmir.

Müəllif(lər)

Vebsayt | + Digər yazıları

Siyasi filosof. Pavia Universitetinin tədqiqatçısı.

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.