Azərbaycanda dövlət Mədəniyyət Nazirliyi və Mədəniyyət Fondu kimi qurumlar vasitəsilə mədəniyyətə müdaxilə edir. Məsələn, dövlət müxtəlif mədəni sahələrə pul ayırır, onları tənzimləyir, mədəniyyət tədbirlərini birbaşa özü keçirdir və ya onların keçirilməsinə nəzarət edir, bəzi mövzuları önə çəkərək digərlərini arxa plana atır. Biz iddia edirik ki, dövlət mədəniyyətə müdaxilə etməməlidir və Mədəniyyət Nazirliyi başda olmaqla mədəniyyətə müdaxilə edən dövlət qurumları ləğv edilməlidir. Çünki dövlət müdaxiləsi mənfi nəticələr hasil edir, səmərəsizdir və bu müdaxilə nəticəsində bütün vətəndaşların azadlığı məhdudlaşdırılır. Həmçinin, mədəniyyət dövlətin legitim müdaxilə sahəsi deyil və buna görə də nəticəsindən asılı olmayaraq belə bir müdaxilə dövlətin öz səlahiyyətlərini aşmasıdır.
Dövlətin hansısa bir sahəyə müdaxiləsinin nəticələrini müzakirə etmək əhəmiyyətli olsa da, müdaxilənin legitimliyini öyrənmək üçün əvvəlcə soruşmalıyıq ki, bu sahə dövlətin səlahiyyətləri çərçivəsindədirmi? Dövlət ucdantutma hər sahəyə müdaxilə edə bilməz, onun müdaxiləsinin legitim olduğu sahələr məhduddur. Məsələn, dövlət insanları evlənməyə məcbur edə bilməz – ona görə yox ki, həmin adamlar evlənsələr xoşbəxt olmayacaqlar; ona görə ki, fərdin evlənəcəyi şəxsi seçməsi prosesində dövlətin rolu olmamalıdır, yəni dövlətin həmin prosesə müdaxiləsi illegitimdir – nəticənin nə olmasının buna dəxli yoxdur. İndi mövzuya gələk – dövlətin mədəniyyət sahəsinə müdaxiləsi legitimdirmi? Qətiyyən yox. Mədəniyyət sahəsi dövlətin səlahiyyətlərindən kənardadır. Dövlətin tarixi və nəzəri əsaslandırılması onun anarxiyanın qarşısını almaq üçün alət olmasıdır. İddia edilir ki, dövlət – yəni müəyyən bir ərazidə legitim zorakılığın özünə məxsus olduğunu iddia edən bir qurum olmasa insanlar bir-birini öldürər, talayar və hər kəs hər an öldürülmək, malına və canına təcavüz edilmək qorxusu ilə yaşayar. Bu iddiaya görə dövlət ona görə var ki, əmniyyəti – yəni insanların canını və mülkünü qoruyub haqq pozuntularını sülh yolu ilə (ədliyyə) həll etsin. Başqa sözlə desək, dövlətin ordusu olmalıdır ki, özünün ərazisi hesab etdiyi yerdə insanları xarici hücumlardan qorusun; dövlətin polisi olmalıdır ki, asayişi təmin etsin və qaydalara riayət edən vətəndaşları qaydaları pozanlardan qorusun; nəhayət dövlətin məhkəmələri, yəni ədliyyə sistemi olmalıdır ki, yaranan problemləri, haqq pozuntularını əvvəlcədən müəyyən edilmiş prosedurlar vasitəsilə sülh yolu ilə həll etsin. Bunlardan başqa iş görən dövlət öz orijinal səlahiyyətlərini aşır. Mədəniyyət sahəsi dövlətin legitim müdaxilə edə biləcəyi bir sahə deyil. Dövlətin insanları məcburi şəkildə evləndirməyə nə qədər haqqı varsa, mədəniyyətə müdaxilə etməyə də o qədər haqqı var.
Mədəniyyəti inkişaf etdirmək üçün dövlət büdcədən pul xərcləyir, büdcə isə əsasən təbii sərvətlərdən yığılmış pul və insanlardan alınmış vergi hesabına formalaşır. Yəni dövlət azərbaycanlılardan məcburi şəkildə aldığı pulları mədəniyyəti inkişaf etdirmək adı ilə xərcləyir. Lakin mədəniyyət sahəsi niyə digər sahələrdən fərqləndirilməlidir axı? Digər sahələrdə çalışan insanlar bazar münasibətləri çərçivəsində öz istehsal etdikləri məhsulu satmağa çalışırlar, yəni əziyyət çəkib pul qazanırlar və rəqabətə girirlər. Mədəniyyət sahəsi bazardakı digər sahələrdən mahiyyət etibarilə fərqli deyil, tutaq ki, onun əhəmiyyətli olması onu bazardakı digər əmtəələrdən mahiyyət etibarilə fərqləndirmir. Nəticədə mədəniyyətin istehsal etdiyi şeylər də alınıb-satıla bilir, mədəniyyət sahələrindən də insanlar (sənət adamları) pul qazanırlar. Belə olan halda həmin sahələri müqəddəsləşdirib onlara dövlət yardımı ayırmaq illegitimdir. Sənət adamları “biz göylərdə uçuruq, bizi para-pul kimi məişət işləri ilə məşğul etməyin. Evimi dövlət versin, maaşımı dövlət versin, mən sənət yaradım” deyə bilməz. Buna haqları yoxdur. Hamı kimi onlar da dövlətdən asılı olmadan, öz məhsullarını satıb pul qazanmağı bacarmalıdırlar. Onsuz da həm Azərbaycanda, həm də dünyada uğurlu sənətçilər dövlətdən asılı olmadan öz işini görə bilənlərdir.
Nəzərə alın ki, dövlət müdaxiləsi həm mədəniyyət sahəsindəki fərqli qruplar arasında, həm də sənət adamları ilə digər vətəndaşlar arasında haqsız rəqabətə səbəb olur. Belə ki, dövlət müəyyən sahələrə, məsələn, muğama pul ayırırsa, muğamın məşhurlaşmasına şərait yaradır və pul ayırmadığı digər sahələrin isə geridə qalmasına səbəb olur. Bir növ dövətin mədəniyyətə müdaxiləsi nəticəsində məşhur sahə daha da məşhurlaşır, marjinal sahə isə daha da marjinallaşır. Çünki dövlət öz müdaxiləsinin legitimliyini göstərmək üçün xalqın sevdiyi məşhur sahələrə (muğama) pul ayırır, amma çox az adamın qulaq asdığı sahələrə (məsələn, trash metal) pul ayırmır. Beləcə, dövlət müdaxiləsi nəticəsində müxtəlif sənət sahələri arasında haqsız rəqabət yaranır. Əlavə olaraq, digər sahələri təmsil edən insanlar əziyyət çəkərək pul qazandıqları, öz məhsullarını dövlət köməyi olmadan bazarda satdıqları halda, sənət adamları dövlətdən pul yeyir. Yəni dövlət müdaxiləsi sənət adamları ilə digər vətəndaşlar arasında da haqsız rəqabətə səbəb olur.
Digər məsələ isə budur ki, bütün sənət adamları dövlətdən pul yeyə bilmək üçün dövlətin dəstək verdiyi sahələrə fokuslanırlar, yaxud da öz sahələrini tərk etməli olurlar. Belə olduqda isə mədəniyyət sahəsində çeşidlilik azalır. Məsələn, film sahəsində biz eyni mövzuların işləndiyi filmlərlə rastlaşırıq, yaxud da hər yanda eyni növ musiqi eşidirik. Çeşidliliyin azalması isə ona gətirib çıxarır ki, vətəndaşların fərqli sənət sahələrinə çıxışı çətinləşir. Dövlət müdaxiləsi olmadığı hallarda insanlar daha çox mədəniyyət sahəsinə çıxış əldə edə bilərdilərsə, dövlət müdaxiləsi nəticəsində çeşidlilik azalır və insanlar daha az mədəniyyət sahəsinə çıxış əldə edirlər. Seçim imkanının azalması və ya çətinləşməsi isə vətəndaşların ümumi azadlığını azaldır.
Mədəniyyət sahələri də digər sahələr kimi bazarda yarışmalı, öz müştərisini tapmalı, təlabat olmadığı halda təlabat yaratmalıdır ki sağ qalsın. Əgər ona təlabat yoxdursa, insanlardan məcburi şəkildə yığılmış pul hesabına onları həyatda saxlamaq düzgün deyil. Biz inanmırıq ki, məsələn, operaya pul ayrılmasa Azərbaycanda opera olmayacaq, amma hətta bilsək ki, dövlət pul ayırmasa opera olmayacaq, yenə də deməliyik ki, dövlətin bu sahəyə müdaxiləsi illegitimdir. Məsələn, deyək ki, indiki kimi dövlət heç kimi evlənməyə məcbur etmir və bəzi insanlar evlənmədiyi üçün bədbəxt olurlar. İndi bizim “dövlət insanları evlənməyə məcbur etməlidir” deməyə haqqımız varmı? Dövlət “mən qarışmasam evlənən zibil deyilsiz, evlənməyəndə də bədbəxt olursunuz” deyərək insanları məcburi şəkildə evləndirə bilərmi? Təbii ki yox. Eləcə də dövlət “mən olmasam siz operaya gedən deyilsiniz” deyərək opera sahəsinə pul ayıra – yəni mədəniyyətə müdaxilə edə bilməz.
Dövlət mədəniyyətə onu inkişaf etdirmək üçün müdaxilə etdiyini iddia edir. Bir sahəni inkişaf etdirmək üçün ona o zaman müdaxilə edirlər ki, müdaxilə olmadan həmin sahənin inkişaf edəcəyinə inanmırlar. Yəni dövlət hesab edir ki, o, mədəniyyətə müdaxilə etməsə, tutaq ki, opera, balet, teatr, muğam, rəssamlıq, heykəltəraşlıq və s. kimi sahələr inkişafdan geri qalacaq. Bu gümanın doğru olduğuna inanmırıq. Amma hətta arqument xatirinə bu gümanı doğru kimi qəbul etsək belə, dövlətin müdaxiləsi illegitimdir; çünki mədəniyyətə müdaxilə dövlətin səlahiyyətlərini aşmasıdır. Lakin indi bu müdaxilənin illegitim olmasını digər bir faktorla əsaslandırmağa çalışaq. Belə ki, dövlətin mədəniyyəti inkişaf etdirmək adı ilə ona müdaxilə etməsi paternalizmdir. Bəs dövlətin niyyətinin senzura tətbiq etmək yox, həqiqətən mədəniyyəti inkişaf etdirmək olduğunu güman etsək, bu müdaxilə necə əsaslandıra bilər?
Birincisi, dövlət hesab edə bilər ki, mədəniyyət sahələri çox vacibdir və onların mövcudluğunu bazarın ümidinə buraxmaq olmaz. Yəni, loru dildə desək, dövlət deyər ki, “ay qara camaat, siz nə bilirsiniz mədəniyyət nədir, teatr nədir, opera nədir. Sizin ümidinizə qalsa hamısı məhv olar. Sizin kimi barbarların pulunu alıb belə mədəni nümunələri qorumaq lazımdır.” Bu, dövlət paternalizmidir. Çünki dövlət öz vətəndaşına, daha dəqiq desək, yetkin insanlara yetkin kimi yox, uşaq kimi yanaşır. Dövlət hesab edir ki, adı çəkilən sahələr insanlar üçün lazımdır amma insanlar bunu başa düşmür. Məsələn, uşağa məktəbə getmək lazımdır amma uşaqlar məktəbə getmək istəmirlər, çünki məktəbin faydasını başa düşmürlər. Valideynlər və dövlət uşaqları məcburi şəkildə məktəbə aparır, onların evdə qalmaq istəyinə hörmət etmir. Eləcə də mədəniyyətə müdaxilə etməklə – yəni insanların pulunu mədəniyyətə sərf etməklə dövlət insanlarla da uşaq kimi rəftar edir, onlara hörmət etmir, onları öz maraqlarını dərk edə bilməyən varlıq hesab edir. Bu, əxlaqi baxımdan doğru deyil.
İkincisi, dövlət deyə bilər ki, mədəniyyət sahələri hamı üçün deyil. Müəyyən bir elit kütlə var və opera, teatr, balet kimi sahələr həmin elit kütlə üçündür. Amma həmin elitlərin sayı azdır və bazarın ümidinə qalsa bu sahələr məhv olacaq. Ona görə də, elitin zövqünə uyğun gələn bəzi mədəniyyət sahələrinə büdcədən pul ayrılmalıdır. Bəs bu əsaslandırma məqbuldurmu? Təbii ki, yox. Çünki insanları nə özlərinin, nə də başqalarının, xüsusən də az bir qrup insanın (mədəni elitin, intellektualların və s.) yaxşılığı üçün nəyəsə məcbur etməyə, onların pulunu almağa dövlətin və ya başqa bir qurumun haqqı yoxdur. Dövlət insanların pulunu alıb kiçik bir qrupun zövqü üçün xərcləyə bilməz. Necə ki, hansısa bahalı zövqü olan bir insanın bahalı bir yerdə toy etməsi üçün dövlət camaatın pulunu ala bilməz, eləcə də kiçik bir qrupun zövqü naminə büdcədən pul xərclənə bilməz.
Digər tərəfdən, Mədəniyyət Nazirliyi mədəniyyət və incəsənətin inkişafına xeyirdən çox zərər vurur. Belə ki, Nazirliyə ayrılan pulların xərclənməsi barədə şəffaflıq yoxdur. Bu da Mədəniyyətə dəstək adı ilə ayrılan pulların göyə saçılmasından fərqsizdir. Məsələn, bu yaxınlarda Hesablama Palatası Mədəniyyət Nazirliyində büdcə vəsaitlərindən istifadənin vəziyyətini araşdırıb. Araşdırma 2017-2018-ci illəri əhatə edir. Kofe-çay fasilələri, mənzil kirayələri, heç kimin getməyəcəyi aşıq muzeyləri yaratmaq adıyla büdcədən nə qədər pul boş yerə axıdılıb və biz bunu ancaq keçmiş nazirin işdən çıxarılmasından sonra öyrənirik.
Bundan əlavə Mədəniyyət Nazirliyi ölkədəki incəsənət azadlığına bilavasitə müdaxilə edir və sənətkarların azad ifadəsinə mane olur. Əlimizdə bir neçə nümunə var. Məsələn, Kuklalar filmində sonda əsgərin ağlaması səhnəsinə “Azərbaycan əsgəri ağlamaz” deyə müdaxilə edilib, həmin hissə filmdən çıxarılıb. Türkan Hüseynovanın dediyinə görə, o, qalib gəldiyi müsabiqədə yazdığı ssenarisini təqdim edərkən keçmiş nazir Əbülfəz Qarayev ona şəxsən deyib ki, “dövlət sənə pul verir ki, filmdə rüşvət alan polis obrazı göstərəsən?” Bundan əlavə bir neçə filmdəki öpüşmə səhnələri senzura edilib, filmlərdən qazanılan gəlirlərin yüksək faizi dövlətə ötürülüb. Təəssüf ki, bu cür müdaxilələr təkcə rejissorlar arasında müzakirə edilir və bu çərçivədən kənara çıxmır.
Bəs alternativ nə ola bilər? Mədəniyyət nazirliyinin əlini bu sahədən mümkün olduğunca çəkməsi və müdaxilə etməməsi. Məsələn, şəhər və regionlardakı muzeylərin saxlanması, bərpası, idarəsi və təhlükəsizlik işləri yerli və xarici özəl şirkətlərə verilə bilər. Artıq Niderland və Tayvan kimi dövlət-özəl ortaq əməkdaşlığına gedilsə və tədricən özəlləşdirilsə muzeylər həm marketinq barədə daha çox çalışmalı olacaqlar – yəni istər-istəməz “ölkəmizin mədəniyyətini” təbliğ edəcəklər, həm keyfiyyət üzərində işləməli olacaqlar, həm də ziyarətçi sayını artırmaq üçün bir neçə addım atmalı olacaqlar. Muzeylərə azad rəqabət imkanı yaratmaq hər bir halda heç kimin getməyəcəyi “Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi” yaratmaqdan daha məntiqli və ağlabatan olacaq. Azad bazar mühitində sənətkarlar da öz işlərini öz istədikləri qiymətə satıb yaradıcılıqlarına davam edə biləcəklər.
Qısası, dövlətin səlahiyyətlərini aşmasının və paternalist müdaxiləsinin qarşısını almaq, mədəniyyət sahələrini bazar münasibətlərindən kənar görüb onları ilahiləşdirmək, dövlətə zövq və banallığın tərifi üzərində monopoliya qurmaq imkanı verməmək və mədəniyyət sahəsində yeniliklərin, çeşidliliyin artmasını təmin etmək üçün dövlətin mədəniyyətə müdaxiləsinə qarşı çıxmalıyıq.
Müəllif(lər)
Siyasi filosof. Pavia Universitetinin tədqiqatçısı.
Yazar, sosial media müşahidəçisi. BBC Azərbaycanca, Abzas.org, Kultura.az, Azadlıq Radiosu, OC Media və bir çox saytda yazıları mütəmadi olaraq yayımlanır. Rasional.org saytının təsisçisidir.
Bayaq bir dənə yazı yazmışdım,deyəsən,gəlməyib. Dünən yazmışdınız ki,əsaslandırılmış cvb yazın mən də ona görə cavab yaza bilmədim.Öz mövqeyimi bildirmək istərdim.
Dövlət dəstək olmasa da bəzi sənət növləri inkişaf edər.Məs,Hilal Baydarovun filminə dövlət dəstək olmayıb.Lakin ta Venesiyaya qədər gedib çıxıb))Estrada toylar sayəsində ayaqdadır.Rep ayrı-ayrı sponsorlar sayəsində.Lakin bu,hər janr üçün keçərli deyil.Məs,baletə mən inanmıram ki,kimsə pul xərcləsin. Balet Azərbaycanda o qədər də məşhur deyil ,nə də ki,bizim orada işləyənlər inanmıram ki,nəsə layihə eləsinlər ki,kimsə onlara pul xərcləsin.Dövlətin dəstəyi ən azından onlar üçün ilham olar.Teatrlar da həmçinin,kinonun aktual olduğu vaxtda çox az adam teatra gedir.Azərbaycandakı tamaşaçıların maddi vəziyyəti imkan verməz hansısa teatrı dolandırmağa.Dövlət tərəfindən maddi dəstək olarsa teatrlar heç olmasa dirçələr.
İkincisi,pul ayıran sponsor tutacağını düşündüyü işə pul ayırar.”xalq bunu tələb edir”düşüncəsiylə hərəkət edər.Bu halda da ən çox pul ayrılan sahə yəqin ki”Bozbaş” olar.
Üçüncü,pul ayıran sponsor sağlamlığa zərər verən bir məhsul ola bilər.Çox vaxt yerli-yersiz layihənin ortasında sponsorun tərifi gedir.Bu da ki,hərdən abu-havanı öldürür.
Bizdə dövlətin ağlına muğam və gimnastikadan başqa heç nə gəlmir.Əgər daha gənc kadrlar bu işlərə baxsalar bəlkə fərqli, maraqlı şeylərə pul xərcləyə bilərlər.Özü də Az kimi əhalisi az olan və xalqın hansısa sənət növünü ayaqda tutmaq imkanı olmayan bir ölkədə dövlətin dəstəyi vacibdir.
“Pul ayrılmasa filan sahə ölər və ya keyfiyyəti düşər” iddiası paternalizmdir. Paternalizm isə əxlaqsızlıqdır. Məqalədə bu barədə yazmışıq. Həmin hissələrə bir də baxın. İnsanların sevmədiyi işi sağ saxlamaq üçün insanların pulunu məcbur alıb həmin sahəyə xərcləmək əxlaqsızlıqdır.