Koronavirus öldürür, karantin də həmçinin

  • Post comments:2 Comments
  • Reading time:6 mins read

Öldürücülük faizi barədə fərqli mülahizələr irəli sürülsə də dəqiq olan bir şey var: koronavirus öldürür. Lakin bu müzakirələrdə az qala bir bütün olaraq gözdən qaçırılan bir nüans daha var karantin də yetəri qədər öldürücülük potensialına sahibdir. Təbii ki, karantin tədbirlərinin nəticələrindən söhbət gedir. Karantinin ilk günlərindən bəri dəfələrlə qeyd etdiyim bir məqam var idi:  Heç də deyildiyi kimi karantin tədbirlərini iqtisadi sağlamlıqxalq sağlamlığı arasında bir dixotomiya deyil. Çünki iqtisadiyyatı xalqdan müstəqil bir şey olaraq düşünmək olmaz.

Bəs iqtisadiyyat nədir? Suala bu konteksdə ən uyğun cavab: insanların qarşılıqlı əlaqəsindənibarət kompleks adaptiv sistem. Başqa sözlə desək, iqtisadiyyat məhz insanlardır və hər insan qərarının iqtisadi tərəfi var. Buna görə də, bütün iqtisadi itkilər insan itkisidir və bütün insan itkiləri iqtisadi itkiyə səbəb olur.

Bu yaxınlarda dərc olunan Oxfam hesabatına görə, qida istehsalında və tədarükündə ləngimə 130 milyon insanın aclığa düçar olması ilə nəticələnəcək. Bu hal isə öz növbəsində insanların aclıqdan öləcəyi mənasına gəlir. TIME jurnalından Mélissa Godin hesabatı şərh elədiyi yazısında vəziyyətlə bağlı rəqəmləri belə kontekstləşdirir: “Hesabatda COVID-19 ilə əlaqədar aclığın gündə 12000 insanın ölümünə səbəb olacağı təxmin edilir: Aprel ayında COVID-19 üçün ən yüksək qlobal ölüm nisbəti gündə 10,000 ölüm idi.”

Həmçinin, Bloomberg də BMT-nin hesabatına istinad edərək milyonlarla insanın yoxsulluq səviyyəsinə geriləcəyini bildirirFinancial Times karantin tədbirlərinin səbəb olduğu bu yoxsullaşma tendensiyanın ən az 30 milyonunun Latın Amerikanın payına düşəcəyini yazır. Dünyanın geri qalanındakı vəziyyəti təsəvvür etmək yəqin o qədər də çətin olmaz.

Digər yandan, məsələ sadəcə qeyri-Qərb ölkələri ilə məhdud deyil. Misal üçün, ABŞ-da karantin səbəbilə milyonlar insan işsiz qaldı. Hökumət onları müəyyən qədər aylıq ödənişlə təmin etsə də əksər iqtisadi fenomen kimi bu işsizlik dalğasının da uzun müddətli nəticələrinə baxmaq lazım olacaq. Daha əvvəl qeyd elədiyim yazımda, tədqiqatların işsizlik ilə intiharlar arasında müəyyən mənada güclü əlaqə olduğuna diqqət çəkirdim. Təkcə ABŞ-da bu səbəblə 75 min əlavə intihar proqnozlaşdırılır. Scientific American ümumən bu gedişatı “tarixdəki ən böyük psixoloji ekspertiment” adlandırır. Görünür, bu psixoloji eksperimentin çox da xoş nəticələri olmayacaq.

İntiharlardan söhbət açılmışkən, karantin tədbirlərinin cəmiyyətin psixi sağlamlığına da təsirsiz ötüşməsi ehtimal daxilində deyil. Əvvəl də yazdığm kimi ən ağır psixoloji zərbə gənc nəsilə dəyəcək: “Tibbi nöqteyi-nəzərdən virusun özü gənclər üçün nisbətən daha az təhlükəli olsa da, ümumən, yaranan psixoloji təzyiqdən ən çox zərər çəkənlərin gənclər olduğu aşkardır. Xüsusilə, bu il ali məktəbləri qeyri-müəyyənlik, uzaqdan təhsil kimi çox çətin şərtlər altında bitirən, məzunluğu motivasiyasız, hansısa mərasimlə qeyd eləmədən baş tutan tələbələrin bəziləri həyatın növbəti mərhələsi olan iş həyatına, karantin tədbirləri nəticəsində daha da problemli hala gəlmiş iş bazarına stresli şəkildə daxil olacaqlar.”

İşin bəlkə də ən pis tərəfi isə odur ki, pandemiyanın fəsadları uşaqlardan da yan keçməyəcək. BMT sözü gedən iqtisadi geriləmənin əlavə milyonlarla uşağın yoxsulluqda yaşamasına təkan verməklə yanaşı, azı minlərlə uşağın aclıqdan ölməsinə səbəb olacağı barədə xəbərdarlıq edir.

Bütün bu faktorları nəzərə alanda karantin tədbirlərinin “süddən çıxmış ağ qaşıq” praktikası olmadığı dəqiqləşir. Əgər məqsəd insan həyatı qurtarmaqdırsa karantin tədbirlərinin də öldürücülüyü nəzərə alınmalıdır. Əks təqdirdə məqsədə (virusun yoluxmasını azaltmaq) nail olunsa belə son mərhələdə karantin tədbirləri yenə də yüksək səviyyədə insan itkisi ilə nəticələnə bilər.

Müəllif(lər)

+ Digər yazıları

Students for Liberty təşkilatının İstanbul üzrə koordinatoru

This Post Has 2 Comments

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.