Azadlıq haqqında: 1

  • Post comments:3 Comments
  • Reading time:8 mins read

Azadlıq dedikdə heç də hamı eyni şeyi başa düşmür. Gündəlik danışıqda azadlıq sözünü müxtəlif mənalarda istifadə edirik. Lakin azadlıq sözünə verdiyimiz təriflərin bir çoxu daxilən ardıcıl deyil, bəzən isə azadlıq sözü ilə təsvir etmək istədiyimiz hadisəni başqa söz və ya sözlərlə təsvir etmək daha uyğundur. Bu yazıda qısa şəkildə bir azadlıq anlayışı izah edəcəyəm. Buna bəzən saf neqativ azadlıq anlayışı da deyirlər. Məqsədim gələcəkdə bu anlayışı daha ətraflı izah edən çoxsaylı bloqlar yazmaqdır. Sizdə yaranan sualları və müdafiə edəcəyim anlayışdakı çatışmazlıqları şərh kimi yazsanız, proses daha maraqlı olar.

Azadlıq qeyri-azadlığın antonimidir. Qeyri-azadlıq isə məhdudlaşdırılmadır. Fərdin azadlığı o zaman məhdudlaşır ki, başqa birinin müdaxiləsi nəticəsində onun hansısa hərəkəti icra etməsi fiziki olaraq qeyri-mümkün olur. A-nın azadlığı yalnız və yalnız o halda məhdudlaşır ki, B A-nın hansısa bir hərəkəti icra etməsini bilərəkdən və ya bilməyərəkdən, xoş və ya pis niyyətlə, birbaşa və ya dolayı yolla qeyri-mümkün edir. Başqa sözlə ifadə etsək, insan yalnız və yalnız başqasının müdaxiləsi nəticəsində qeyri-azad ola bilər. Yuxarıda məhdudlaşdırmamüdaxilə anlayışlarının adını çəkdim. Onların hər birinə misal verməyə çalışacam.

Məhdudlaşdırma: Mən otaqda oturmuşam və Nicat arxadan qapını bağlayır. Qapını aça bilmirəm və onu qırmağa da gücüm çatmır. Mənim otaqdan çıxmağım fiziki olaraq qeyri-mümkündür. Nicatın məni məhdudlaşdırması nəticəsində mən qeyri-azad oldum.

Müdaxilə: Mən otaqda oturmuşam və çölə çıxmağa çalışanda Nicat qapının ağzında dayanıb qarşımı kəsir və imkan vermir ki, çölə çıxım. Nicatla dalaşıb beş dəqiqə sonra otaqdan çıxa bilirəm. Nicat mənim otaqdan çıxmağıma müdaxilə etdi amma mən otaqdan çıxdım çünki mənim otaqdan çıxmağımı fiziki olaraq qeyri-mümkün edə bilmədi (yəni məni məhdudlaşdıra bilmədi). Mən azadam.

Göründüyü kimi, mənim hansısa hərəkəti icra etməyim (otaqdan çıxmağım) məhdudlaşdırılanda mən qeyri-azad, müdaxilə ediləndə isə azad oluram. Bəs müdaxilə bizim azadlığımıza heç bir təsir etmir? Nicatın müdaxiləsi nəticəsində mənim azadlığım azalmadı? Bu suala cavab vermək üçün tək bir akta yox, birlikdə-icra-edilən-bilən-aktlara baxmaq lazımdır. Mənim otaqdan çıxmağım tək bir aktdır və onu icra edə bilirəmsə, onda deyirik ki, mənim x aktını icra etmək baxımından xüsusi azadlığım var. Məsələn, mənim otaqdan çıxmaq xüsusi azadlığım var. Məhdudlaşdırıma zamanı bu xüsusi azadlığım yoxa çıxdı, müdaxilə zamanı isə yoxa çıxmadı. Müdaxilə zamanı mənim ümumi azadlığım azaldı. Əgər Nicat müdaxilə etməsəydi mən heç kimlə dalaşmadan və beş dəqiqə itirmədən otaqdan çıxa biləcəkdim; amma Nicatın müdaxilə nəticəsində bunu edə bilmədim. Deməli, Nicatın müdaxiləsi nəticəsində mən dalaşmadan-otaqdan-çıxmaq azadlığımı itirdim. Bu məsələni daha yaxşı başa düşmək üçün misalı bir qədər dəyişdirək. Güman edin ki, mən saat 15:00-da otaqdan çıxdım ki, 15:04 qatarına yetişim lakin Nicatla dalaşmaq məni beş dəqiqə gecikdirdi və mən qatara çata bilmədim. Beləliklə, Nicatın müdaxiləsindən əvvəl mənim otaqdan-çıxıb-qatara-çatmaq azadlığım var idi; Nicatın müdaxiləsindən sonra isə bu azadlığım yoxdur. Deməli, onun müdaxiləsi mənim tək bir aktı icra etməyimi qeyri-mümkün etməsə də, bir neçə aktı eyni zamanda icra etməyimi qeyri-mümkün etdi.

Daha texniki dildə yazaq: otaqdan çıxmaq aktına x, qatara çatmaq aktına y deyək. Nicatın müdaxiləsindən əvvəl mən [x;y] akt dəstini icra edə bilirdim, onun müdaxiləsindən sonra isə [x;y] akt dəstini icra edə bilmirəm. Buna görə də deyirik ki, müdaxilə nəticəsində mənim ümumi azadlığım azaldı.

Müdaxilənin bir çox növü var. Yuxarıdakı misalda Nicat fiziki olaraq qarşımdan durub mənim otaqdan çıxmağıma əngəl olmağa çalışırdı və mənə müdaxilə edirdi. Lakin o, təhdid edərək də mənə müdaxilə edə bilərdi.

Təhdid: mən otaqda oturmuşam və Nicat deyir ki, “otaqdan çıxsan səni döyəcəm.” Mən otaqdan çıxıram və Nicat çöldə məni döyür.

Bu misalda mən otaqdan çıxıram, deməli, otaqdan çıxmaq baxımından azadam və mənim xüsusi azadlığım var. Amma təhdid nəticəsində ümumi azadlığım azaldı çünki təhdiddən əvvəl otaqdan-çıxıb-döyülməmək azadlığım var idisə, təhdiddən sonra bu azadlığım yoxa çıxdı. Otaqdan çıxmağı x, döyülməməyi (yaxud da qatara çatmağı) y ilə işarələsək, təhdid olmasa [x;y] akt dəstini icra edə bilərdim amma təhdid nəticəsində həmin akt dəstini icra edə bilmədim. Çünk x-ı icra etsəm, y-ı icra edə bilməyəcəm; x-ı icra etməsəm (Nicatın təhdidinə boyun əyin otaqda qalsam), onda yenə də y-ı da icra edə bilməyəcəm. Bəs mən Nicatın təhdidinə boyun əyin otaqda qalsam necə? Bu halda da biz deməliyik ki, “mənim otaqdan çıxmaq azadlığım var (baxmayaraq ki, həmin azadlıqdan istifadə etmirəm)” çünki azadlığın olub-olmamasının bizim onu icra edib-etməməyimiz ilə bir əlaqəsi yoxdur.

Məsələn, masanın üzərində alma var və mən həmin almanı yeyə bilərəm amma yemirəm. Deməli, mənim almanı yemək azadlığım var amma bu azadlıqdan istifadə etmirəm. Eyni zamanda, bizim arzularımızın da hansısa aktı icra etmək baxımından azad olub-olmamağımıza dəxli yoxdur. Məsələn, masanın üzərində alma var və mən həmin almanı yeyə bilərəm amma yemək istəmirəm. Yenə də mənim almanı yemək azadlığım var və arzularım irrelevantdır. Həmçinin güman edin ki, masanın üzərindəki alma Nicatındır və onu yeməyə çalışsam Nicat məni məhdudlaşdıracaq (məndən əvvəl almanı özü götürəcək) amma almanı yemək istəmirəm. Bu halda da mənim almanı yemək azadlığım yoxdur yəni almanı yemək baxımından qeyri-azadam. Deyə bilərsiniz ki, “onsuz da yemək istəmirdin.” Bəli, elədir lakin bunun mənim azadlığıma dəxli yoxdur. Hansısa məsələdə azad olub-olmadığımızı müəyyən etmək üçün özümüzə bu sualı verməliyik: Əgər x-ı icra etmək istəsəm, məni kimsə məhdudlaşdıracaqmı? Sualın cavabı dirsə, onda biz x-ı icra etmək baxımından qeyri-azadıq.

Belə çıxır ki, məhdudlaşdırılanda bizim xüsusi azadlığımız yoxa çıxır, müdaxilə (və təhdid) ediləndə isə bizim ümumi azadlığız azalır çünki əvvəllər eyni zamanda icra edə biləcəyimiz aktlar dəstini müdaxilə (və təhdid) sonrasında icra edə bilmirik.

Hesab edin ki, mən üzə bilmirəm və heç kim üzməyimi məhdudlaşdırmır, yaxud da mənə müdaxilə etmir. Bu halda mənim üzə bilməməyim qeyri-azadlıqdırmı? Yaxud da hesab edin ki, mən hündürlükdən qorxuram, fobiyam var və buna görə də ağaca çıxa bilmirəm. Amma çıxmağa cəhd etsəm heç kim məni məhdudlaşdırmayacaq, yaxud da mənə müdaxilə etməyəcək. Bu halda mənim ağaca çıxa bilməməyim qeyri-azadlıqdırmı?

 

Qeyd: İllustrasiya Nicat Qarayevindir.

Müəllif(lər)

Vebsayt | + Digər yazıları

Siyasi filosof. Pavia Universitetinin tədqiqatçısı.

This Post Has 3 Comments

  1. Dərbənd türkü

    Bəs Nicatın müdaxiləsi ilə dövlətin müdaxiləsini eyniləşdiririk? Yəni, Nicatın azadlığımızı azaltması ilə dövlətin azadlığımızı azaltması eynidir?

    Yəni, bir AR dövləti müdafiəçisi çıxıb “dövlət sənin ifadə azadlığını məhdudlaşdırmır, sadəcə müdaxilə edir” deyə bilər, ya dövlətin müdaxiləsi elə məhdudlaşdırma sayılır?

    1. İlkin Hüseynli

      Hər ikisi eyni dərəcədə müdaxilə edirsə, onda ümumi azadlığımız eyni dərəcədə azalır amma əksər hallarda dövlətin müdaxiləsi daha ciddi olur. Dövlət məmuru ilə dalaşıb otaqdan çıxsam mənə qarşı cinayət işi açılacaq, Nicatla dalaşıb çıxsam yəqin ki yox. Dövlətin müdaxiləsi məhdudlaşdırılma sayılmır çünki müdaxilə və məhdudlaşdırılma eyni deyil – gələn bloqda ətraflı izah edəcəm, təşəkkür edirəm suala görə.

  2. Elvin

    Yazmısınız ki, subyektiv məhdudlaşdırma qeyri-azadlıq yaradır. Obyektiv məhdudlaşmanın qeyri-azadlıqla əlaqələndirmək doğru olarmı? Məsələn ötənlərlə bir rus bloggerin Yaponiya haqqında səyyahət videosunu izlədim. Metrolarda relslər və sərnişinlər arasında məhdudlşadırıcı sədd çəkilib(yəqin ki, intihar və digər ola biləcək faciələrin qarşısını almaq məqsədi daşıyır). Bu situasiyaya mənim intihar etmək azadlığıma müdaxilə olunur kimi yanaşmaq olarmı?

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.