İnkişaf etmiş ölkələr arasında İsveç yeganə ölkə oldu ki, demək olar karantin tətbiq etmədi: məktəblər əksəriyyət etibarilə açıq qaldı, kafe-restoranlar, çoxlu iş yerləri fəaliyyətini davam etdirdi, icbari maska kimi qaydalar tətbiq edilmədi. İsveçin liberal yanaşması mətbuatda xeyli tənqid edildi və bir çox ekspertlər hesab edirdilər ki, İsveç hökuməti karantin tətbiq etməməklə insanların həyatını riskə atır. Həmçinin, qonşu ölkələrlə (Norveç, Danimarka, Finlandiya) nisbətdə İsveçdə yoluxma və ölüm sayı xeyli yüksək olduğu üçün İsveç modelinin uğursuz olduğu haqda mətbuatda xeyli məqalələr dərc olundu.
Lakin İsveçin baş epidemioloqu Anders Teqnell tənqidlərə cavabında bildirib ki, İsveçin bu yanaşmasının xeyli məntiqli səbəbləri var. Birincisi, insanların sosial və iş həyatı məhv edilmədi, bu isə cəmiyyətin sağlamlığı üçün çox əhəmiyyətli faktordur. İkincisi uşaqlarla yeniyetmələrin məktəbə gedib öz normal həyatlarına davam etmələri gənc nəslin inkişafı baxımından olduqca zəruridir və bu, ölkə üçün də xüsusi əhəmiyyət kəsb edən bir amildir. Teqnell həmçinin onu da qeyd edib ki, İsveçin nəticələrini tənqid etmək üçün tezdir. Çünki hələ epidemiya bitməyib və növbəti dalğaların indi karantin etmiş ölkələr üçün daha təhlükəli ola bilər, İsveçdə isə daha iri miqyasda insanlar immunitet qazanacaqları üçün ölkə növbəti dalğalarda koronavirusa qarşı daha effektiv mübarizə apara biləcək.
Teqnellin bu iddiası, əslində, son statistikalarla da özünü doğruldur. Belə ki, ölkədə əksər fəaliyyət sahələri açıq olmasına baxmayaraq artıq aprel ayından bəri İsveçdə həm yoluxma, həm də ölüm sayında kəskin azalma müşahidə olunur və bu göstəricilər sıfıra yaxınlaşır. Lakin İsveçin kollektiv immunitet və ya sürü immuniteti (herd immunity) qazanıb-qazanmadığı hələ də təsdiqini tapmış bir məsələ deyil. Belə ki, infeksion xəstəliklərə qarşı kollektiv immunitet qazanmaq üçün tələb olunan minimum yoluxma faizi (herd immunity threshold) ənənəvi olaraq 70-80 faiz götürülür. Yəni hesab edilir ki, əhalinin minimum 70 faizi yoluxmalıdır ki, virus öz gücünü itirsin və yavaş-yavaş sıradan çıxsın. İyul ayında İsveçdə keçirilən seroloji testlər nəticəsində məlum olub ki, İsveçdə əhalinin 14 faizində virusa qarşı anticismlər mövcuddur və bəzi mütəxəssilər düşünür ki, bu, İsveç modelinin uğursuzluğunun bir sübutudur. Çünki 5700-dən çox insan ölməsinə baxmayaraq ölkə hələ həmin ənənəvi kollektiv immunitet faizini əldə edə bilməyib.
Amma burada bəzi qeyd olunmalı məqamlar var. Belə ki, əvvəl yazdığımız Niyə icbari karantin lazım deyil? bloqunda qeyd etdiyimiz kimi, seroloji testlərdə yoluxanların böyük hissəsini aşkarlamaq mümkün olmur, çünki əksər insanlarda qısa bir müddət sonra anticismlər yoxa çıxır. Lakin bu o demək deyil ki, həmin insanlarda virusa qarşı müqavimət olmur. Belə ki, T və B hüceyrələri sayəsində virusa qarşı müqavimət yaranır və bu immunitet insanların daha sonrakı yoluxma hallarında virusu daha yüngül simptomlarla keçirməsinə kömək edir. Buna görə də belə güman etmək olar ki, əslində, İsveçdə əhalinin 14 faizindən daha çox hissəsi virusa yoluxub. Həmçinin, son araşdırmalar da sübut edir ki, COVID-19-a yoluxmamış insanlarda belə əvəvlki koronaviruslara yoluxma nəticəsində həmin T və B hüceyrələri sayəsində qazanılmış immunitet mövcuddur. Kollektiv immunitet üçün tələb olunan minimum faizlər isə ona görə yüksək götürülür ki, həmin hesablamaların belə bir öngümanı var idi ki, virusa qarşı heç kəsdə daha əvvəldən immunitet olmayıb. Ona görə də daha sonrakı araşdırmalar (tam dəqiq bir rəqəm olmasa da) kollektiv immunitet üçün tələb olunan minimumun əslində daha aşağı olduğu qənaətinə gəliblər. Məsələn, bəzi araşdırmalar həmin minimumun əslində 43 faiz olduğu qənaətinə gəlib, bəzi araşdırmalar isə hətta bu göstəricinin 20 faizdən də aşağı olduğunu deyir.
Teqnell həm də qeyd edir ki, İsveçin göstəricilərini Norveç, Danimarka, Finlandiya ilə müqayisə etmək düzgün deyil. Çünki İsveçdə bu ölkələrlə müqayisədə əhali sıxlığı (xüsusən yoluxmanın episentri olan Stokholmda) daha çoxdur. Əlavə olaraq, immiqrant sayı da İsveçdə qonşu ölkələrlə müqayisədə xeyli yüksəkdir və İsveçdə yoluxma və ölüm hallarının çox olmasında kompakt yaşayan və həmçinin, səhiyyə xidmətlərindən daha az istifadə etmək imkanı olan immiqrantların bu virusun qurbanına çevrilməsi az rol oynamayıb. Teqnell hesab edir ki, İsveçi bu baxımdan Birləşmiş Krallıq, Belçika, Hollandiya kimi ölkələrlə müqayisə etmək daha ədalətli olardı. Qeyd etmək lazımdır ki, adı çəkilən ölkələr sərt karantin tətbiq etmələrinə baxmayaraq, onlarda əhali nisbətinə görə ölüm sayı İsveçdən yüksək olub. Digər bir məsələ isə ondan ibarətdir ki, İsveçdə ölənlərin böyük əksəriyyəti qocalar evində məskunlaşanlar və ya evində müəyyən tibbi xidmət görən yaşlı şəxslər olub. Teqnell bildirir ki, İsveç modelinin əslində əsas uğursuzluğu həmin şəxslərin qoruna bilməməsində olub və onların ölümü ümumxalq karantini tətbiq edilsə belə baş verəcəkdi çünki onlar karantin olmadığı hallarda da izolyasiya vəziyyətində yaşayırdılar. Qeyd edək ki, ölüm sayının çox olduğu əksər regionlarda və ölkələrdə (Nyu-York, İtaliya, Belçika və s.) ölümlərin böyük hissəsi qocalar evlərinin payına düşür. Məsələn, İsveçdə koronavirusdan ölən şəxslərin təxmini 70 faizini qocalar evində yaşayan və ya evində tibbi xidmət görən yaşlı insanlar təşkil edir.
Həmçinin, əvvəlki illərlə müqayisədə, yanvar-iyul ayları ərzində bütün ölüm səbəblərini nəzərə almaqla, İsveçdə ölüm sayında ciddi bir artım müşahidə olunmayıb. Halbuki fəlakət senariləri hazırlayan modellər İsveçdə ölüm sayının həddən artıq yüksək (100 min nəfərdən çox) olacağını, səhiyyə sisteminin tamam yüklənəcəyini proqnozlaşdırırdılar. Lakin İsveçdə koronavirusdan təxmini 5700 nəfər ölüb və səhiyyə sistemi bütün bu müddətdə işlək vəziyyətdə qala bilib. Modellər və reallıqdakı rəqəmləri müqayisə etdikdə isə aydın olur ki, həmin modellər həddən artıq bədbin proqnoz verib.
İsveçin koronavirus pandemiyası ərzində mənimsədiyi liberal yanaşmanın iqtisadi baxımdan nə qədər faydalı olacağı əvvəldən müzakirə mövzu idi. Bəzi tənqidçilər iddia edirdi ki, karantin olmasa belə insanların iqtisadi fəaliyyətində kəskin azalma olacağı üçün karantin tətbiq etməmək üçün iqtisadi əsas yoxdur. Yəni bu proqnoza görə karantin tətbiq edilsə də, edilməsə də insanların iqtisadi fəaliyyətində təxmini eyni səviyyəli zəifləmə müşahidə ediləcəkdi. (Karantin müzakirələri əsnasında çox müzakirə edilməsə də iqtisadi itki müəyyən hallarda insan itkisi ilə də nəticələnir.) Həmçinin, ilin ilk rübündə İsveç ÜDM baxımından Avrozonadan (3.8%) daha az azalma müşahidə etsə də (0.3%) ölkənin bu gedişatının çox çəkməyəcəyi iddia edilirdi.
Lakin ilin ikinci rübündə İsveç daha çox azalma müşahidə etməsinə baxmayaraq yenə də Avrozonadan daha yaxşı iqtisadi nəticə göstərməyə davam etdi. İllik azalma baxımından da proqnozlar öncəki hesablamalardan daha yaxşı iqtisadi nəticə gözləntisinə dair siqnal verir. Avrozonanın 12 faizlik azalmasından fərqli olaraq 8.6 faiz azalmanın baş verdiyi İsveçin ilk rübdən daha çox azalma müşahidə etməsi müəyyən qədər ölkənin sahib olduğu açıq iqtisadiyyat modeli ilə əlaqələndirilə bilər. Belə ki, İsveçin müxtəlif məhsullar idxalı üçün əlaqədə olduğu ölkələrin karantin tətbiq etməsi səbəbilə təchizat zəncirindəki problemlər geniş emalat sənayesinə sahib olan bu Skandinav ölkəsində də əlaqədar sahələr üzrə ciddi durğunluğa səbəb oldu. Son olaraq, İsveçin illik ÜDM azalmasının öncəki hesablama olan 5 faiz əvəzinə təkrar hesablama ilə 4 faiz olacağı proqnozlaşdırılır.
Bütün bu müzakirə edilən rəqəmlər onu deməyə əsas verir ki, koronavirusla mübarizədə İsveçin seçdiyi azadlıqçı model heç də iddia edildiyi kimi uğursuz olmadı. Hətta sərt karantin tətbiq etmiş bir çox ölkə ilə müqayisədə İsveç modeli daha uğurlu oldu çünki həmin ölkələrdə karantin insanların sağlamlığına və ölkə iqtisadiyyatına faydadan çox (yan) zərər vurdu.