Təsəvvür edin ki, Fəzilətli Vani insanların dərdinə yanır və başqalarını xilas etmək üçün hər şey etməyə hazırdır. O, inanır ki, emal edilmiş şəkər amerikalıları öldürən bir bəladır. Beləliklə, bir gün silahını götürüb yerli mağazanı tutur və elan edir ki, “bundan sonra böyük ölçülü şəkərli içki satmayacaqsınız.”
Prinsipial Piter hesab edir ki, siz xeyriyyəyə kifayət qədər pul vermirsiniz. İnsanlar öldüyü halda siz yaşayırsınız. Bir gün Piter sizə elektron poçt göndərir: “Sizə yazıb bildirirəm ki, sizin bank hesabınıza girib pulunuzun üçdə birini az təminatlı tək analara göndərdim.”
Ləyaqətli Dani fikirləşir ki, siz alman maşını əvəzinə amerikan maşını almalısınız. Axı sizin həmvətənləriniz [amerikalılar] sizi yol, məktəb və polislə təmin edir. Biznesinizin bir hissəsini onlara borclusuz. Bir gün sizin əcnəbi markanın satış nümayəndəliyində bazarlıq etdiyinizi görəndə cibindən elektroşok çıxardıb sizə deyir: “Bilirsən nə var? BMW almağına icazə verəcəm amma əvvəlcə mənə 3000 dollar ödəməlisən.”
Yəqin ki, Vani, Piter və Danini cinayətkar hesab edərsiniz. Onlar nə cürətlə sizinlə belə rəftar edirlər? İstəyərsiniz ki, polis onları həbs etsin.
Amma məsələ budur. Həqiqətən də polis Vani, Piter və Danini həbs edəcək, lakin eyni zamanda da Vani, Piter və Daninin etmək istədiyini edən digər insanlara – Vaşinqton, Berlin və ya Ottavadakı bürokratlara – məmnuniyyətlə kömək edəcək. Beləliklə, bu misallar bir neçə sual yaradır: Piterin sizin pulunuzun üçdə birini götürməsinin yanlış olduğunu, dövlət vergi idarəsinin isə eyni şeyi etməsinin doğru olduğunu izah edən şey, əgər varsa, nədir? Ərzaq və Dərman Administrasiyasının sizin nəyi yeyib nəyi yeyə bilməyəcəyinizə qərar verməsinə haqq qazandıran, lakin eyni şeyi Vaninin etməsinə qadağa qoyan şey, əgər varsa, nədir? Ümumiyyətlə, hökumətlər adi insanların edə bilməyəcəyi şeyləri etməyə haqlarının olduğunu iddia edir. Buna, əgər varsa, haqq qazandıran nədir?
Bu, siyasi fəlsəfənin mərkəzi suallarından biridir. Bir çox başqa suallar da var: əgər hökumət olmalıdırsa, o, hansı növdə olmalıdır? Həmin hökumətə nələri etməyə icazə verilməli, onun nələri etməsi isə qadağan edilməlidir? Hökumətin qanunlarına və əmrlərinə tabe olmaq kimi əxlaqi borcumuz varmı? İnsanların haqları varmı və varsa, nələrdir? Özəl mülkiyyətə icazə verilməlidirmi? Yaşamaq üçün kifayət qədər mülkü olmayan insanlar vergi ilə maliyyələşən rifah proqramları vasitəsilə hökumət tərəfindən təmin edilməlidirmi? İnsanlar nəyi yeməyi, necə yaşamağı, nəyə ibadət etməyi, nə deməyi, hansı şərtlər əsasında işləməyi seçmək baxımından azad olmalıdırlarmı? Hər kəsin uğur qazanmaq üçün bərabər imkanlarının olması vacibdirmi? Hər kəsin sonda bərabər səviyyədə uğurlu olmasını təmin etməliyikmi? İnsanların azad şəkildə mühacirət etmələrinə icazə verilməlidirmi? Müharibəyə haqq qazandırmaq mümkündürmü və mümkündürsə hansı şərtlər daxilində? Hansı daha vacibdir: azadlıq, yoxsa bərabərlik? Və ümumiyyətlə, azadlıq nədir ki? Fəlsəfənin bu suallara ciddi şəkildə cavab verməyə cəhd edən qolu siyasi fəlsəfədir.
Mücərrəd olaraq baxsaq, siyasi fəlsəfə sosial qurumların normativ təhlilidir. Qurumlar “cəmiyyətdə oyunun qaydaları, ya da daha formal desək, qarşılıqlı insan əlaqələrini formalaşdıran insanlar tərəfindən yaradılmış məhdudiyyətlərdir.” Məsələn, baxsanız görərsiniz ki, demokratiya və monarxiya əslində qaydaları kimin yarada biləcəyi ilə bağlı qaydalar toplusudur. Evlilik qurumu mülkiyyəti, uşaqları və seksi necə bölüşdürmək və idarə etməklə bağlı qaydalar toplusudur. Özəl mülkiyyət qurumu çoxsaylı əmtəələri kimin istifadə edə, dəyişdirə, sata və ya dağıda biləcəyi ilə bağlı qaydalar toplusudur.
Siyasi fəlsəfə müvafiq standartları müəyyənləşdirməyə cəhd göstərir ki, biz həmin standartlar əsasında qurumları yaxşı və ya pis, ədalətli və ya ədalətsiz olduqları üçün mühakimə edə bilək. Təbii ki, qurumlar barədə hökm vermək üçün onların əslində necə işlədiyini və onlara hansı alternativlərin olduğunu bilməliyik. Bunun üçün bizim sosial elmlərə – iqtisad, siyasi elmlərə, o cümlədən sosiologiya və antropologiyaya ehtiyacımız var. Lakin sosial elmlər ən yaxşı qurumların hansılar olduğunu müəyyənləşdirmək üçün təkbaşına yetərli deyil. Sosial elmlər bizə alternativlərimizin nə olduğunu deyə bilər – məsələn, ciddi iqtisadi bərabərlik üçün iqtisadi inkişafdan güzəştə getməli ola bilərik – amma sosial elmlər bizə hansı alternativi seçməli olduğumuzu demir. Bərabər olub daha kasıb yaşamaq yaxşıdır, yoxsa qeyri-bərabər olub daha zəngin yaşamaq? Bu suala cavab vermək üçün biz ədalət barədə tənqidi düşünməliyik. Ədaləti azadlıq və ya rifah ilə necə müqayisə edə biləcəyimizi bilməliyik.
Bu, siyasi fəlsəfənin əlifbasıdır. Bu kitabdakı məqsədim sizə siyasi fəlsəfədəki əsas məsələlər, ideyalar və arqumentlərlə bağlı ilkin bilikləri təqdim etməkdir. Nəzərdən keçirəcəyimiz nəzəriyyə və arqumentlərlə bağlı neytral qalmayacağam, lakin eyni zamanda sizə hansısa siyasi ideologiyanı qəbul etdirməyə də cəhd göstərməyəcəyəm.
Bu, Ceyson Brennanın Siyasi Fəlsəfə: Giriş kitabının giriş bölməsinin tərcüməsidir. Mənbə: Brennan, Jason. Political Philosophy: An Introduction. Washington, D.C.: Cato Institute, 2016.
Birinci bölmə: Fundamental dəyərlər və biz niyə mübahisə edirik
İkinci bölmə: Ədalət problemi və haqların təbiəti
Üçüncü bölmə: Azadlığın təbiəti və dəyəri
Dördüncü bölmə: Mülkiyyət haqları
Müəllif(lər)
Milan Universitetində siyasi fəlsəfə üzrə doktorantura tələbəsi, Bakı Araşdırmalar İnstitutunun əməkdaşı, Mərkəzi Avropa və Haydelberq universitetlərinin məzunu.
Pingback: Fundamental dəyərlər və biz niyə mübahisə edirik | Rasional
Pingback: Azadlığın təbiəti və dəyəri | Rasional
Pingback: Ədalət problemi və haqların təbiəti | Rasional
Pingback: Mülkiyyət haqları | Rasional