Mülkiyyət haqları

  • Post comments:3 rəy
  • Reading time:16 mins read

Mülkiyyət haqqı (hüququ) tək bir haqq deyil. Daha doğrusu o, haqlar bağlamasıdır. Məsələn, kantri musiqiçisi Bred Peislinin Fender Telecaster gitarası üzərində mülkiyyət haqqının olduğunu demək aşağıdakı mənalara gəlir:

  1. Peisli kefi istəyən vaxt gitaradan istifadə edə bilər. Yəni normal vəziyyətlərdə o, başqalarının haqlarına hörmət etmək şərti ilə istədiyi vaxt gitaradan istifadə edə bilər.
  2. Peisli gitarada dəyişiklik edə, hətta onu məhv edə bilər.
  3. Peisli gitaranı sata, hədiyyə və ya kirayə verə, yaxud da necəsə başqalarına ötürə bilər.
  4. Peisli qazanc əldə etmək məqsədi ilə gitaradan istifadə edə bilər.
  5. Peisli başqalarının gitaranı istifadə etməsinə, dəyişdirməsinə, məhv etməsinə və ya ona toxunmasına qadağa qoya bilər. Başqaları onun icazəsi olmadan gitaradan istifadə edə bilməz.
  6. Başqaları gitaraya zərər vursa və ya onu məhv etsə, Peisliyə kompensasiya ödəməyə borcludurlar.
  7. Başqa insanlar üçün yuarıdakı maddələrə (1-6) hörmət etmək icra edilə bilən əxlaqi öhdəlikdir; Peisli gitaradan istifadə edəndə, ona dəyişiklik edəndə, onu başqasına ötürəndə, başqalarının ondan istifadəsınə və ya onu məhv etməsinə qadağa qoyanda, digər insanlar Peisliyə müdaxilə etməməyə əxlaqi olaraq borcludurlar.

Bu haqlar bir yerdə Peisliyə bir şey üzərində geniş nəzarət və mülahizə imkanı verir, eyni zamanda digər insanların bu şey üzərində nəzarət həyata keçirmələrinə mane olur.

Mülkiyyət haqlar bağlaması olduğundan müxtəlif şeylər üzərində fərqli şəkildə mülkiyyət haqqımız ola bilər. Bəzən nəyəsə sahib oluruq amma həmin şey üzərindəki haqlarımız yuxarıda sadalanan haqların hamısını əhatə etmir. Məsələn, Peisli iti Hollerin də sahibidir. Amma Peislinin Holler üzərindəki sahibliyi ilə gitara üzərindəki sahibliyi eyni cür deyil. O, istəsə səhnədə gitaranı vurub dağıda bilər amma Hollerin sahibi olsa da iti səhnəyə çırpıb dağıda bilməz. Bu, sahib olduğumuz digər şeylərə da şamil edilə bilər. Mən tenis və üzgüçülük klubuna üzvəm və üzvlüyümü başqasına kirayə verə bilərəm, amma klub ilə müqaviləmə əsasən, üzvlüyümü müəyyən məbləğdən artıq qiymətə kirayə verə bilmərəm. Dayımın bir evi var, amma onun [dövlət və ya qonşularla] razılaşmasına əsasən, o, evini çəhrayı rəngə boyaya bilməz.

Mülkiyyət haqlarının nə olduğunu izah etdik, indi isə özümüzə bir neçə normativ sual verə bilərik: insanların mülkiyyət haqlarının olmasına icazə verilməlidirmi? Hökumətlərin və ya kollektivlərin mülkiyyət sahibi olmasına icazə verilməlidirmi? Nəyə sahib olmaq olar, nəyə olmaz? (Məsələn, insanlar zavod və ya mağazaya sahib ola bilərmi?) Bu haqlar nə dərəcədə güclüdür?

Bilindiyi kimi, XVIII əsr filosofu Jan Jak Russo şikayətlənirdi ki, özəl mülkiyyət qurumunun yaradılması səhv idi: “Bir torpaq sahəsini çəpərləyərək bu mənimdir deyən və insanların ona inanacaq qədər sadəlövh olduğunu görən birinci adam vətəndaş cəmiyyətinin həqiqi banisidir. Şələ-şüləsini yığıb gedən və ya xəndəkləri doldurub digər insanlara ‘bu saxtakara qulaq verməyin. Meyvələrin hamının olduğunu, dünyanın isə heç kim olmadığını unutsanız, deməli, uduzmusunuz’ deyən kəs insanlığı hansı cinayətlərdən, müharibələrdən, qətllərdən, səfalət və dəhşətlərdən xilas edərdi!”

Russoya görə özəl mülkiyyət olmasaydı insanlığın vəziyyəti daha yaxşı olardı. Qurumları çəkicə bənzədərək dəyərləndirməklə bağlı yuxarıda verdiyim təklif əsasında Russo deyərdi ki, özəl mülkiyyət qurumunun məqsədi bəzi insanların digərlərinin başına [çəkic] vura bilməsidir.

Russonun dediklərində bir doğru var idi. Mülkiyyət haqları, o cümlədən kollektiv və ya dövlət mülkiyyət haqları, əsaslandırılmalıdır. Soruşmalıyıq ki, mülkiyyət haqları mövcud olmasaydı, onları icad etmək lazım olardımı?

Heç kimin mülkiyyətinin olmadığı seyrək məşkunlaşmış dünya təsəvvür edin. Bu dünyada bütün insanlar istədikləri yerə getməkdə, rast gəldikləri istənilən meyvəni yeməkdə və keflərinə düşən yerdə yatmaqda sərbəstdirlər. Amma indi təsəvvür edin ki, bir nəfər bir torpaq sahəsini çəpərləyib oranı özünün mülkü elan edir. İlk baxışdan belə görünür ki, bu mülk sahibi digər hər kəsin azadlığını azaldıb məhdudlaşdırır. Əvvəllər istədikləri yerə getməkdə azad idilər, lakin indi bu qudurğan əclaf insanların bura gedə bilməyəcəklərini iddia edir. Niyə kimsə buna qulaq asmalıdır ki?

XVIII əsr filosofu Con Lokun bu suala verdiyi məşhur cavab belə idi ki, başqalarına “bəs edəcək və olduğu qədər yaxşı” [resurs] saxlamaq şərti ilə torpaqda kifayət qədər məhsuldar şəkildə (məsələn, onu becərməklə) çalışan adamlar həmin torpağı əldə edə bilərlər. Lakin kimsə etiraz edə bilər ki, bu standartı – başqalarına bəs edəcək və olduğu qədər yaxşı saxlamaq – ödəmək qeyri-mümkündür. Axı yeni torpaqlar demək olar yaradılmır. Mən iki akr torpaq sahəsini çəpərləsəm, digər hər kəs üçün iki akr torpaq sahəsi azalmış olacaq. Yerdən bir barrel neft çıxartsam, digər hamı üçün bir barrel neft azalmış olacaq.

Müasir filosof və iqtisadçı Deyvid Şmitsin bu narahatlığa iki hissəli cavabı var. Birincisi, o qeyd edir ki, görünür bu etiraz faktların tərs başa düşülməsinə əsaslanır. Bu etiraz bizdən tələb edir ki, erkən məskunlaşan insanların sahibsiz torpaqları öz aralarında bölməklərini təsəvvür edək. Sonradan məskunlaşmaq istəyənlər görürlər ki, bütün torpaqlar artıq bölüşdürülüb və sahiblənmək üçün heç nə qalmayıb. Lakin bu təsvir doğru deyil. Tam tərsinə, sonradan məskunlaşanların vəziyyəti erkən məskunlaşanlarınkından daha yaxşıdır. Bu gün orta statistik amerikalının yaşayış səviyyəsi 1600-cü ildəki avropalı kolonistinkindən 60 dəfə (bəli, 60) yüksəkdir. Hətta yoxsulluq həddində əmək haqqı alan amerikalının yaşayış səviyyəsi də 1600-cü ildəki avropalı kolonistinkindən ən azı 10 dəfə yüksəkdir. (Bu rəqəm isə əslində daha yüksəkdir, çünki bu hesablamada sosial ödəmələr və ya köçürmələr nəzərə alınmayıb.) Və bu gün ABŞ hökumətinin hesabladığı yoxsulluq həddində yaşayan bir amerikalının – sosial ödəmələr və ya köçürmələri əlavə etməzdən əvvəl – yaşayış səviyyəsi 1900-cü ildəki orta statistik amerikalınınkından ən azı 4 dəfə yüksəkdir.

Bütün bunları bazarlara və iqtisadi böyüməyə borcluyuq. Bu günkü sərvət nəinki 2000 il əvvəl, heç 50 il əvvəl belə mövcud deyildi. Bu gün dünyada adambaşına düşən gəlir 2000 il əvvəllə müqayisədə ən az 15 dəfə çoxdur. Sərvət təkcə bir yerdən başqa yerə ötürülməyib, yaradılıb.

Məsələn, təsəvvür edin ki, eramızın 1000-ci ilində dünyada istehsal edilmiş hər şey həmin dövrün insanları arasında bərabər bölüşdürülüb. Belə olsaydı, hazırda dünyada orta yaşayış səviyyəsi Haiti və ya Malavidəkindən daha pis olardı. Əslində bu gün orta statistik bir insanın yaşayış səviyyəsi həminkindən təxmini 10 dəfə daha yaxşıdır.

İqtisadi böyümənin baş vermə səbəblərindən biri də insanların torpağı özəlləşdirməsi idi. Sahibsiz torpaq adətən məhsuldar olmayan torpaqdır. Lokun da qeyd etdiyi kimi, bir torpaq sahəsini çəpərləyib əkinçiliklə məşğul olmaq həmin sahəni icma mülkiyyətində saxlamaqla müqayisədə 10000 dəfə daha məhsuldar edə bilər. Düzgün bazar şəraitində insanlar bir-biri ilə ticarət etməyə meyilli olacaqlar və hər kəs bundan faydalanacaq. Beləliklə, Lok iddia edirdi (və iqtisadçılar da bununla razılaşır) ki, sahibsiz resursların özəlləşdirilməsinin sistemli təsiri hər kəsin rifah halının yaxşılaşdırılmasıdır. Özəlləşdirmə bizə başqalarına təkcə “bəs edəcək və olduğu qədər yaxşı” yox, daha çox və daha yaxşı resurs saxlayır.

Şmitsin də dediyi kimi, Russo səhv edirdi. Russo sahibsiz resursların mənimsənilməsi nətincəsində mənimsənilə biləcək sahibsiz resurs fondunun azaldığının fərqində idi, amma Russonun düşündüyünün əksinə olaraq bu, sahiblənilə biləcək resurslar fondunu azaltmır. Şübhəsiz ki, Russonun da şikayətləndiyi kimi, özəlləşdirmə insanların hərəkət azadlığını məhdudlaşdırır. Lakin özəlləşdirmə insanları artıqlaması ilə kompensasiya edir, çünki özəlləşdirmənin sistemli təsiri insanların məqsədlərinə çatması üçün onların pozitiv azadlıqları artırmaqdır.

İkincisi, Şmits iddia edir ki, başqalarına bəs edəcək və olduğu qədər yaxşı resurs saxlamaq imperativi (qəti əmri) bizim təkcə sahibsiz resursları özəlləşdirməyimizə icazə vermir, o, bunu bizdən tələb də edə bilər. Sahibsiz qalan resurslar adətən, XX əsr ekoloqu Qerret Hardinin dediyi kimi, ortaq resurslar faciəsindən [tragedy of the commons] əziyyət çəkirlər. Hardin narahat olurdu ki, bir resursu heç kim sahiblənməyəndə insanların onu qorumaqda çox az marağı olur. Daha pisi isə odur ki, insanların başqalarından əvvəl belə resurslardan bacardıqları qədər çox dəyər götürməyə maraqları olacaq. Hətta bir resursdan uzun müddət istifadə etmək istəsələr də, bunu bacara bilməzlər çünki başqalarının bu resursdan səmərəli istifadə edəcəyinə dair heç bir zəmanətləri yoxdur.

Məsələn, təsəvvür edin ki, 10 çobanın hər birinin 10 qoyundan ibarət bir sürüsü var və onlar sürülərini ümumi torpaq sahəsində otarırlar. Sahənin örüş tutumu 100 qoyundur. Örüş tutumu səviyyəsində bütün qoyunlar tam doyurlar və hər birnin də 100 dollar bazar qiyməti var. Hər çobanın biri 100 dollar qiyməti olan 10 qoyunu var və beləliklə, hər çobanın sürüsünün qiyməti 1,000 dollardır. Bu, o deməkdir ki, otlağın ümumi iqtisadi hasilatı 10,000 dollardır. Amma təsəvvür edin ki, bir çoban öz sürüsünə 11-ci qoyunu əlavə etməyə qərar verir. Bu, qoyunların ümumi sayını 101-ə çıxardır. Qoyunların sayı sahənin örüş tutumundan çox olduğundan örüş sahəsi azalmağa başlayır. Bəzi yerlərdə ot yenidən çıxmır və o ərazi tozla örtülür. Qoyunları tam yedirmək üçün kifayət qədər ot yoxdur. Buna görə də qoyunların yunu əvvəlki qədər qalın və parlaq, budu isə əvəlki qədər ətli deyil. Beləliklə, güman edin ki, indi hər bir qoyunun bazar qiyməti 95 dollardır. Lakin sürüsünə bir qoyun əlavə edən çoban mənfəət əldə edir. İndi onun 11 qoyunluq sürüsünün qiyməti 1,045 dollardır. Amma 11-ci qoyunu sürüyə əlavə etmək təkcə onun sürüsünə təsir etmir. Otlağın ümumi iqtisadı hasilatı indi 9,595 dollardır (hər biri 95 dollardan 101 qoyun). İtkilərini bərpa etmək üçün çox güman digər çobanlar da sürülərindəki qoyunların sayını artıracaqlar. Amma hər əlavə qoyun bu nümunəni təkrarlayır – bu, qoyun əlavə edən çobana sərf edir amma digərlərinə zərər vurur. Nəticədə örüş sahəsi məhv olmamış daha çox qoyun otarmaq uğrunda çobanlar arasında qaçaqaç başlayır.

Mücərrəd olaraq müxtəlif qaydalara haqq qazandırmağa nəyin lazım olduğu barədə düşünmək üçün burada dayanmağa dəyər. Beyzbol oyununa nəzər salaq. Həm iştirakçılar, həm də tamaşaçılar üçün oyunun əsas məqsədi əylənməkdir. Oyun qaydalarının sistemli faydası var. Amma meydandakı hakimlərin işi fərdi hərəkətləri və ya oyunları əyləncəni artırmaq məqsədi ilə qiymətləndirmək deyil. Elə etsələr, oyunun zayı çıxar: oyun sonda heç də əyləncəli olmaz. Əyləncənin yaranma səbəblərindən biri də qaydaların mövcudluğunun yaratdığı gərginlik və rəqabətdir. Qaydalar müxtəlif səbəblərə görə (məsələn, oyunu daha əyləncəli, təhlükəsiz və ya sürətli etmək üçün) dəyişdirilə bilər, amma fərdi hakimlər qaydaları meydanda dəyişə bilməzlər və fərdi oyunlarda da hakimlərin məqsədi əyləncəni artırmaq ola bilməz.

Oxşar şəkildə, Lokun “başqalarına bəs edəcək və olduğu qədər yaxşı” saxlamaq imperativi o zaman məqbuldur ki, onu özəl mülkiyyətin sistemli əsaslandırılmasının tərkib hissəsi olaraq görək. Hər bir fərdi əməliyyata istiqamət vermək baxımından bu imperativ məqbul deyil.

Başqalarının homsted [becərmək üçün 160 akr pulsuz pay sahəsi] şərti əldə etməyimdən faydalanması şərti ilə mənim Montanada homsted almağıma icazə verilməsi məqbul görünmür. Bu, yəqin ki qeyri-mümkün dərəcədə ciddi standartdır. Daha doğrusu, torpağı mənimsəməyimə o şərtlə haqq qazandırılır ki, “özəl mülkiyyət” oyununun müvafiq mənimsəmə qaydalarına riayət edirəm, “özəl mülkiyyət” oyununa isə qismən sistemli şəkildə müəyyən nəticələr hasil etdiyi üçün haqq qazandırılır.

Bu bölmədə, şəxsi mülkiyyət haqları rejimlərinin sistemli nəticələrinə toxundum. Amma onu da qeyd etməliyik ki, mülkiyyət haqlarının lehinə (və ya müəyyən sistemli mülkiyyət haqlarının) və əleyhinə çoxsaylı arqumentlər var, onların bir neçəsini aşağıda müzakirə edəcəyik.

 

Bu, Ceyson Brennanın Siyasi Fəlsəfə: Giriş kitabının dördüncü bölməsinin tərcüməsidir. Mənbə: Brennan, Jason. Political Philosophy: An Introduction. Washington, D.C.: Cato Institute, 2016.

Giriş: Siyasi fəlsəfə nədir?

Birinci bölmə: Fundamental dəyərlər və biz niyə mübahisə edirik

İkinci bölmə: Ədalət problemi və haqların təbiəti

Üçüncü bölmə: Azadlığın təbiəti və dəyəri

Müəllif(lər)

+ Digər yazıları

Milan Universitetində siyasi fəlsəfə üzrə doktorantura tələbəsi, Bakı Araşdırmalar İnstitutunun əməkdaşı, Mərkəzi Avropa və Haydelberq universitetlərinin məzunu.

This Post Has 3 Comments

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.