Fundamental dəyərlər və biz niyə mübahisə edirik

  • Post comments:4 rəy
  • Reading time:10 mins read

Çəkicləri necə qiymətləndirdiyimizə baxaq. Fikirləşirik ki, çəkiclər hansısa məqsədə xidmət etməlidir: mismar vurmalıdır. Çəkiclərin yaxşı və ya pis olmasını bu məqsədə xidmət edib-etməmələri əsasında müəyyən edirik. İndi adətən rəsm əsərlərini necə qiymətləndirdiyimizə baxaq. Rəsmlərin simvolizə etdiyi şeyləri nə dərəcədə gözəl olması, yaxud da kim tərəfindən çəkilməsi əsasında yaxşı və ya pis olaraq qiymətləndiririk.

İndi isə insanları adətən necə qiymətləndirdiyimizə baxaq. İnsanlar az-çox faydalı, yaxud gözəl ola bilərlər və insanları kimin “yaratması” da adətən bizim üçün əhəmiyyətli olur. (Məsələn, çox adam öz uşağını başqalarınınkından daha dəyərli hesab edir.) Amma adətən biz insanları həm də özlüyündə dəyərli hesab edirik.

Qurumların dəyəri barədə düşünməyin ən yaxşı yolu bu modellərdən hansıdır? Bəziləri fikirləşə bilər ki, qurumlar nə qədər funksional olduqlarına, hansı məqsədlərə çatmağımıza kömək etdiklərinə görə dəyərlidirlər. (Elədirsə, onda hansı məqsədlərə çatmalıyıq?) Başqaları fikirləşə bilər ki, qurumlar (ən azından qismən) nəyi simvolizə etdiklərinə, yaxud da kim tərəfindən yaradıldıqlarına görə dəyərlidirlər. (Məsələn, çoxları inanır ki, qanunlar demokratik qanunverici orqan tərəfindən qəbul edilirsə, məzmunundan asılı olmayaraq ədalətli, düzgün və ya legitimdir.) Digərləri hesab edə bilər ki, bəzi qurumlar özlüyündə dəyərlidir. (Məsələn, çoxları inanır ki, hətta başqa siyasi sistemlər daha yaxşı işləsə belə demokratiya daxilən ədalətlidir və bunun da özü əsas dəyərdir.)

İnsanlar təkcə hansı qurumların ədalətli və ya yaxşı olması barədə mübahisə etmirlər: qurumları qiymətləndirəcəyimiz standartlar barədə də mübahisə edirlər. İnsanlar ədalətin nə tələb etməsi mövzusunda fikir ayrılığındadırlar.

Ədalətlə bağlı davamlı narazılıq müşahidə etdikdə doğru cavabın olmadığı qənaətinə gəlmək, ədalətlə bağlı fikirlərin tamamilə subyektiv olduğunu demək istəyirik. Lakin bu, doğru nəticə deyil. İnsanların bir-biri ilə razılaşmaması faktı bizə bu narazılığın doğru olub-olmaması ilə bağlı çox az şey deyir. Narazılıq hər yerdə var. Bəzi mövzularda – təkamül baş veribmi, peyvəndlərin faydası varmı və onlar autizmə səbəb olurmu, Yerin yaşı 6000 ildən qədimdirmi – tərəflərdən birinin lehinə əlimizdə ciddi və çoxlu dəlillər olsa da, insanların narazılığı davam edir. Siyasi psixoloqlar – ağlın siyasi informasiyanı necə emal etdiyini öyrənən insanlar – mütəmadi olaraq aşkar edirlər ki, çoxumuz siyasi mövzularda qərəzli düşünürük. Təəccüblü deyil ki, siyasi psixoloqlar dəlillərin təfsiri ilə bağlı razılığa gələ bilmirlər.

Biz təkcə bir-birimizlə razılaşmamaqla kifayətlənmirik. Çoxumuz həm də özümüzlə razılaşmırıq. Çox adam geniş əhatəli əxlaqi mühakimələri qəbul edir. Bəzi mühakimələr ümumi və mücərrəddir (məsələn, “digər şərtlər dəyişmədən [ceteris paribus], xoşbəxtliyi artırmaq yaxşıdır”), bəziləri xüsusidir (məsələn, “etdiyin hərəkət yanlışdır!”) və digərləri də bu ikisinin ortasındadır (məsələn, “quldarlıq yanlışdır”). Bu inamlara [əxlaqi mühakimələrə] bir çox səbəbə görə gəlirik. Bəzilərini az-çox doğuşdan bəri qəbul etməyə meyilliyik, bəzilərini uşaq vaxtı öyrənirik, bəzilərini yaşıdlarımızdan mənimsəyirik, bəziləri də şüurlu məşvərətin nəticələri kimi ortaya çıxır.

Ümumi və ya xüsusi xarakterli minlərlə müxtəlif əxlaqi inamlarımız var. Bütün əxlaqi inamlarımız barədə eyni anda şüurlu şəkildə düşünə bilmərik – şüurlu şəkildə eyni anda yalnız beş, ya da altı ideya barədə düşünə bilərik. Və bütün inamlarımızın ardıcıllığını, yəni bir-biri ilə ziddiyyət təşkil etmədiyini eyni anda yoxlaya bilmirik. Bu səbəbdən də çoxumuz bir-biri ilə üst-üstə düşməyən və eyni anda hər birinin doğruluğu mümkün olmayan müxtəlif əxlaqi mühakimələri qəbul edirik. Siyasi fəlsəfənin gördüyü işlərdən biri bu ziddiyyətli inamları müəyyənləşdirmək və onların ziddiyyətini həll etməyə cəhd göstərməkdir. Adətən bu, digərlərinin naminə bəzi inamlardan – daha az etibar etdiklərimizdən imtina etmək deməkdir.

Məsələn, tipik amerikalı fikirləşir ki, quldarlıq yanlışdır, çünki insanların azadlığa toxunulmaz haqqı var. Tipik amerikalı həm də inanır ki, insanlar başqalarına zərər vermədikləri təqdirdə istədiklərini etməkdə azad olmalıdırlar. İndi buna fikir verin: könüllü quldarlığa icazə verilməlidir? Görünür, tipik amerikalıların əxlaqi inamları onları vadar edir ki, bu suala həm hə, həm də yox cavabı versinlər. Yaxud tipik amerikalılar inanırlar ki, insanların istədikləri şəxslə əlaqə qurmağı seçmək haqqı var. Amma onlar həm də inanırlar ki, sahibkarlar qaradərili və ya homoseksual insanlara xidmətdən imtina edə bilməzlər.

Bəzən siyasi məsələlərdə ona görə razılaşa bilmirik ki, müxtəlif dəyərlərimiz olur, amma bəzən də narazılığımız faktlarla bağlı razılaşa bilməməyimizdən qaynaqlanır. Məsələn, sol liberal filosof Cofez Helz ilə mən dövlətin bazara müdaxiləsinin sərhədləri ilə bağlı razılaşmırıq. Bizim narazılığımız fundamental dəyərlərlə bağlı mübahisəmizdən qaynaqlanmır. Helz ilə mənim bazarlar və dövlətlərin nə dərəcədə yaxşı işləməsi, yaxud da onların hansının daha çox səhv etməsi ilə bağlı fikirlərimiz isə fərqlidir. Bizim standartlarımız təxminən eynidir – yəni “işləmək” və “zayını çıxarmaq” ifadələrinin mənası ilə bağlı razılığa gəlirik – amma bazarlar və dövlətlərin həmin standartlara nə dərəcədə uyğun gəlməsi ilə bağlı empirik olaraq razılaşmırıq.

Bütün bu səbəblərə görə də hansısa əxlaqi, dini və sosial-elmi görüşlər toplusu ilə müəyyən bir siyasi fəlsəfə arasında birbaşa, birəbir məntiqi uyğunluq yoxdur. Sol liberal birisi: a) dindar da ola bilər, ateist də; b) sosialist əsas əxlaq nəzəriyyələrindən birini qəbul edə də bilər, heç bir ardıcıl əxlaq nəzəriyyəsini qəbul etməyə də bilər (yaxud da qətiyyətli əxlaqi skeptik ola bilər); c) Libertarian Avstriya iqtisadi məktəbinin davamçısı ola bilər, yaxud da daha meynstrim neoklassik iqtisadi yanaşmanı qəbul edə bilər.

Lakin yenə də müxtəlif siyasi fəlsəfələr adətən bir prinsiplər toplusunu digərlərindən üstün tuturlar:

Klassik liberal və libertarian siyasi fəlsəfələr fərdi azadlıq və muxtariyyətin əhəmiyyətini vurğulayır. Onlar hesab edirlər ki, insanlara özlüyündə hörmət etməkdən ötrü bütün insanların özləri üçün azad qərar verə bildikləri geniş fərdi muxtariyyət sahələri olmalıdır. Çoxları həm də inanır ki, hər bir insanın belə geniş müxtariyyətinin olması sistemli şəkildə daha yaxşı firavanlıq, mədəni tərəqqi, tolerantlıq və fəzilətə gətirib çıxardır.

Kommunitarian və mühafizəkar siyasi filosoflar nizam-intizam və icmanın vacibliyini vurğulamağa meyilli olurlar. Mühafizəkarlar üçün sivilizasiya çətin əldə edilmiş qələbədir. Onlar narahatdırlar ki, asılı olduğumuz mövcud ictimai nizam qeyri-stabildir. Həmin nizamı qorumaq üçün insanlarda müqəddəslik anlayışı olmalıdır və onlar ortaq ideallara, əxlaqi dəyərlərə və mədəni miflərə bağlı olmalıdırlar. Kommunitarianlar əlavə olaraq hesab edirlər ki, kollektiv və ya qrup fərddən daha dərin əhəmiyyətə malikdir.

Sol liberal və sosialist filosoflar maddi bərabərlik və sosial statusun bərabərliyi məsələsini vurğulamağa meyilli olurlar. Onlar bərabərliyi özü-özlüyündə düzgün hesab edib inanırlar ki, maddi bərabərlikdən yayınmalar əsaslandırılmalıdır. Sosialistlər adətən bu növ yayınmaların çox azının əsaslandırıla biləcəyinə və özəl mülkiyyətin bərabərliyə təhlükə olduğuna inanırlar. Sol liberallar bazar və özəl mülkiyyətlə bağlı daha nikbindirlər. Onlar adətən hesab edirlər ki, hər kəsə, ələlxüsus da cəmiyyətin ən imtiyazsız üzvlərinə fayda verdiyi müddətcə qeyri-bərabərliyi əsaslandırmaq olar. Onlar bazar iqtisadiyyatını dəstəkləyirlər, amma inanırlar ki, dövlət iqtisadiyyata müdaxilə etməli və hər bir şəxsin layiqli həyat yaşamaq imkanını təmin etməlidir.

 

Bu, Ceyson Brennanın Siyasi Fəlsəfə: Giriş kitabının birinci bölməsinin tərcüməsidir. Mənbə: Brennan, Jason. Political Philosophy: An Introduction. Washington, D.C.: Cato Institute, 2016.

Giriş: Siyasi fəlsəfə nədir?

İkinci bölmə: Ədalət problemi və haqların təbiəti

Üçüncü bölmə: Azadlığın təbiəti və dəyəri

Dördüncü bölmə: Mülkiyyət haqları

Müəllif(lər)

+ Digər yazıları

Milan Universitetində siyasi fəlsəfə üzrə doktorantura tələbəsi, Bakı Araşdırmalar İnstitutunun əməkdaşı, Mərkəzi Avropa və Haydelberq universitetlərinin məzunu.

This Post Has 4 Comments

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.