ABŞ özünü “azad adamlar yurdu” kimi göstərmək istəyir. Bu yarlığa layiq olub-olmadığını və ya bu yarlığın vacibliyini müzakirə etməzdən əvvəl azadlığın nə olduğunu bilməliyik [həmçinin bax].
İki azadlıq anlayışı adlı məşhur essesində XX əsr siyasi filosofu Ayzaya Berlin iddia edirdi ki, tarixçilər ana dili ingiliscə olan insanların “azadlıq” [freedom / liberty] terminini yüzdən çox fərqli mənalarda istifadə etdiklərini müəyyən ediblər. Təbii dillərdə terminlərin tək mənası olmur. Beləcə, Berlin filosofların və başqalarının azadlıq terminini əsasən iki mənada işlətməyə meyilli olduqlarını müəyyənləşdirdi, onları isə neqativ və pozitiv azadlıq adlandırdı.
Neqativ azadlıq nəyinsə yoxluğunu bildirir: maneələr, məhdudiyyətlər, müdaxilə və ya başqalarının hökmranlığı. Məsələn, ABŞ Konstitusiyasının Konqresin insanların nitqinə müdaxilə edən qanunlar qəbul etməsini qadağan etməklə ifadə azadlığını qoruması nəzərdə tutulur. Yaxud biz “azad ticarət”dən danışanda sizin əcnəbilərlə ticarət əlaqəsi qurmağınıza heç kəsin mane olmadığı iqtisadi sistemi nəzərdə tuturuq. Hər iki halda azadlıq başqaları tərəfindən müdaxiləsizliyi bildirir.
Pozitiv azadlıq nəyinsə mövcudluğunu bildirir: adətən müəyyən qədər güc, bacarıq və ya qabiliyyət. “Pozitiv azadlıq” dedikdə Berlin özünənəzarət qabiliyyətini – yəni insanın öz məqsəd və hərəkətlərini rasional, muxtar şəkildə seçmək bacarığını nəzərdə tuturdu. Lakin müasir fəlsəfi mətnlərdə “pozitiv azadlıq” daha çox insanın məqsədlərinə çatmaq qabiliyyəti mənasında istifadə edilir. Məsələn, quşun məndən fərqli şəkildə uçmaq azadlığının olduğunu deyəndə adətən kiminsə quşun uçmasına mane olmadığını nəzərdə tutmuruq. Quşun uçmağa gücünün olduğunu, məndə isə o gücün olmadığını nəzərdə tuturuq.
Bu cür tərifləndirilmiş pozitiv azadlıq sərvət ilə sıx əlaqəlidir. Müasir marksist filosof Gerald Kohenin də dediyi kimi “pulun olması azadlığın olması deməkdir.” O, iddia edirdi ki, pul, ya da daha dəqiq desək, pulun təmsil etdiyi real sərvət insanlara dünyaya çıxış imkanı verən bilet kimidir. Nə qədər çox sərvətin varsa, bir o qədər çox şey edə bilərsən və bu mənada da azadlığın bir o qədər çox olar.
Berlin və ondan sonra bir çox digər siyasi filosoflar bu iki azadlıq anlayışının müxtəlif siyasi ideallara gətirib çıxardığına inanırdılar. Nəticədə azadlığın mənası ilə bağlı debat əksərən ideoloji döyüş olaraq görülürdü. Bir çox klassik liberal və libertarianlar iddia edirdilər ki, “pozitiv azadlıq” həqiqətən azadlığın bir forması olsa bu, güman ki təbii olaraq sosializm və gücündən istifadə edərək bizi azad olmağa məcbur edəcək böyük dövlətə şərait yaradacaq. Bir çox marksist və sosialist bu fikirlə məmnuniyyətlə razılaşırdı. İddia edirdilər ki, insanların pozitiv azadlıqdan faydalana biləcəklərinə dair hüquqi zəmanət olmadığı halda “neqativ azadlıq” dəyərsizdir. Onlar deyirdilər ki, sosialist cəmiyyət hər kəsə layiqli həyat sürmək üçün zəruri sərvət zəmanəti verəcək və buna görə də sosializm bazar iqtisadiyyatından üstün olacaq.
“Azadlıq” termininin mənasına dair bu köhnə və yorucu debatlar güman ki bir neçə səhvə əsaslanır. Problem bu idi ki, həm klassik liberallar, həm də sosialistlər təxmini güman edirdilər ki, azadlıq tərif etibarilə qorunmalı, təbliğ edilməli və ya hökumətin zəmanət verməli olduğu şeydir. Bu güman ilə yola çıxsanız, onda təbii ki terminə hansı tərifin verilməsi məsələsi ideoloji döyüş olacaq.
Amma bu gümanı qəbul etmək üçün bir səbəb yoxdur. Əksinə, uyğun fəlsəfi metod əvvəlcə terminlərin mənasını dəqiqləşdirmək olardı. Azadlığın mənasını müəyyənləşdirdikdən sonra bu növ azadlığın, əgər varsa, dəyərinin nə olması sualını soruşmaq olar. “Azadlığa” tərif verməyin əhəmiyyəti onun dəyəri ilə bağlı debatı yekunlaşdırmaq yox, müzakirə edilən şeyin mənasını dəqiqləşdirməklə həmin debatı zənginləşdirməkdir.
İstənilən azadlıq anlayışının sahib ola biləcəyi ən azı iki təməl dəyər növü var. Azadlıq daxilən, instrumental olaraq və ya hər iki formada dəyərli ola bilər.
Azadlığın daxilən dəyərli olduğunu demək o mənaya gəlir ki, o, özü üçün, özlüyündə dəyərlidir. Məsələn, kimsə fikirləşə bilər ki, müdaxiləsizlik hansısa əlavə müsbət nəticə hasil etmədiyi hallarda belə insanlarin bir-birinə haqsız yerə müdaxilə etməməsi yaxşı şeydir. Bir çox liberal və libertarian deyir ki, başqalarına əxlaqi icmanın üzvləri və özlüyündə dəyərli [insanlar] kimi hörmət etmək üçün onlara geniş fərdi muxtariyyət sahəsi verməyə borcluyuq. Hətta heç bir fayda əldə edilməsə belə sizin ifadə azadlığınıza hörmət etməliyəm.
Bir-birimizə hörmət əlaməti olaraq bir-birimizə azadlıq borcumuzun olduğunu düşünmək üçün hansısa böyük əxlaq nəzəriyyəsinə ehtiyac yoxdur. Gündəlik əxlaqi düşüncədə öncədən güman edirik ki, bir-birimizə müdaxilə, hücum edə, yaxud da başqasından nəsə oğurlaya bilmərik. Sizin yaxşılığınız üçün olsa belə ağzınızdan siqaret götürə, yaxud sizi yaxşı bədii ədəbiyyat oxumağa məcbur edə bilmərəm. İnsanları oğurlayıb düşmənlərimizlə döyüşməyə məcbur edə bilmərik. Onların iş yerinə gedib işi necə görməli olduqlarını deyə bilmərik. Onları yaxşı əmələ xidmət etmək üçün məcbur edə, yaxud da yanlış tanrıya ibadət etməklərinə mane ola bilmərik. Libertarianlar (və az da olsa sol liberallarla amerikalı mühafizəkarlar) hesab edirlər ki, bu gündəlik əxlaqi prinsiplər müəyyən dərəcədə hökumətlərə də şamil edilir, lakin kommunitarianlar və digərləri bu fikirlə razılaşmırlar.
Azadlığın instrumental olaraq dəyərli olduğunu demək o mənaya gəlir ki, azadlığı qorumaq və ya təbliğ etmək adətən başqa dəyərli nəticələr hasil edir. Məsələn, on doqquzuncu əsr iqtisadçısı və filosofu Con Stüard Mil iddia edirdi ki, vicdan, düşüncə və həyat tərzi azadlığı elmi və sosial inkişafa gətirib çıxardır. (Aşağıda bu arqumentə daha ətraflı baxacağıq.) İqtisadçılar standart olaraq hesab edir ki, iqtisadi azadlıqları qorumaq insanları zənginləşdirir.
Azadlığın hansı növ dəyərinin olmasını müəyyənləşdirmək onun dəyərinin nə qədər olması məsələsini açıq saxlayır. Konkret misal versək, mütləq deyil ki, azadlığın yalnız daxilən dəyərli olduğunu düşünən biri azadlığı yalnız instrumental olaraq dəyərli görən biri ilə müqayisədə azadlığa daha çox dəyər versin. Birinci şəxs azadlığı özlüyündə dəyərli amma çox da vacib olmayan bir dəyər hesab edə bilər; ikinci şəxs isə azadlığı yalnız hansısa başqa məqsədlərə nail olmaq üçün dəyərli görsə də, onu olduqca vacib hesab edə bilər. (Məsələn, oksigen özlüyündə dəyərli deyil amma bizim üçün oksigenden daha dəyərli çox az şey var.)
Hesab edin sosialistlər düz deyir: məqsədlərinizə çatmağa gücünüzün olması əhəmiyyətli azadlıq növüdür və sərvət insanlara bu növ azadlığı əldə etməkdə adətən kömək edir. Güman edin həm də razılaşırıq ki, ədalət məsələsi olaraq, bu növ azadlığın geniş yayılması, hər kəsin ondan faydalana bilməsi vacibdir. Bir adam bütün bunları qəbul edib yenə də kapitalizmi sosializmdən üstün tuta bilər. Əslində, bu, kapitalizmi sosializmdən üstün tutmaq üçün prinsipial səbəblərdən biri ola bilər. Axı belə tərifləndirilmiş azadlığı ən yaxşı hansı iqtisadi sistemin (və ya ikisinin qarışığının) qoruması və təbliğ etməsi empirik, sosial-elmi sualdır. Standart dərslik iqtisadiyyatı əslində hesab edir ki, azad ticarət, özəl mülkiyyət və bazar iqtisadiyyatı vacibdir çünki onlar pozitiv azadlığı təbliğ etməyə meyillidirlər, sosializm isə pisdir çünki o, pozitiv azadlığı adətən qoruya bilmir. Bəzi sosialistlər pozitiv azalığın ideal olduğunu iddia edir amma bu, sosializmin daha çox pozitiv azadlıq verməsi demək deyil.
Kapitalist və sosialistin dəyərləri, azadlıq anlayışı və azadlığın dəyəri barədə fikirləri eyni ola bilər. Bu halda onların mübahisəsi əxlaqi və ya fəlsəfi deyil; dünyanın necə işləməsi ilə bağlı empirik iddialar və həmin dəyərlərə real dünyada nail olmaq üçün atılası addımlar barədədir.
Bu, Ceyson Brennanın Siyasi Fəlsəfə: Giriş kitabının üçüncü bölməsinin tərcüməsidir. Mənbə: Brennan, Jason. Political Philosophy: An Introduction. Washington, D.C.: Cato Institute, 2016.
Giriş: Siyasi fəlsəfə nədir?
Birinci bölmə: Fundamental dəyərlər və biz niyə mübahisə edirik
İkinci bölmə: Ədalət problemi və haqların təbiəti
Dördüncü bölmə: Mülkiyyət haqları
Müəllif(lər)
Milan Universitetində siyasi fəlsəfə üzrə doktorantura tələbəsi, Bakı Araşdırmalar İnstitutunun əməkdaşı, Mərkəzi Avropa və Haydelberq universitetlərinin məzunu.
Pingback: Fundamental dəyərlər və biz niyə mübahisə edirik | Rasional
Pingback: Ədalət problemi və haqların təbiəti | Rasional
Pingback: Siyasi fəlsəfə nədir? | Rasional
Pingback: Mülkiyyət haqları | Rasional