Ədalət problemi və haqların təbiəti

  • Post comments:4 rəy
  • Reading time:18 mins read

İyirminci əsr sol liberal siyasi filosofu Con Roulz cəmiyyəti “qarşılıqlı qazanc üçün kooperativ təşəbbüs” kimi xarakterizə edirdi. Ən pis cəmiyyətdən başqa bütün cəmiyyətlərdə hər birimiz üçün birgə yaşamaq tək yaşamaqdan daha yaxşıdır. Bu səbəbdən də hər birimizin cəmiyyətdə, onu bir araya gətirən və əməkdaşlıq şərtlərini təşkil edən təməl qurumlarda marağı var.

Amma hər birimizin qaydalarda marağı olsa da həmin qaydalar münaqişə mənbəyi də ola bilər. Müxtəlif qurumlar – oyunun müxtəlif qaydaları – birgə yaşayışın fayda və yüklərini fərqli “bölüşdürməyə” meyilli olur. Roulzun bunu şişirtmək niyyəti yox idi. Oyunun qaydaları heç birimiz üçün birbaşa xüsusi bir həyat nəticəsinə çevrilmir. Həyatımızın necə getməsi axı qismən fərdi seçimdən asılıdır. Yenə də qaydalar fərq yaradır. Beləliklə, məsələn, orta əsrlər Avropa və ya Yaponiyasındakı kimi qurumları olan cəmiyyət əvvəlcə doğru ailələrdə doğulanları, sonra isə döyüş qabiliyyəti olanları daha çox mükafatlandırmağa meylli olacaq. Amerika Birləşmiş Ştatlarının hazırkı qurumları yüksək İQ və ya yaxşı siyasi əlaqələri olanları daha çox mükafatlandırmağa meyillidir. İndiki dünya nizamı – əksər beynəlxalq mühacirəti qadağan edən milli-dövlətlərə bölünmüş dünya – ixtisaslı mütəxəssisləri ixtisassız işçilərdən üstün tutmağa meyillidir.

Çoxumuz az şeyə yox, çox şeyə sahib olmağa üstünlük veririk. Biz statusumuzun aşağı yox, yuxarı olmasına üstünlük veririk. Beləliklə, Roulz deyirdi ki, öz maraqlarını güdən insanlar adətən ən yaxşı qurum və qaydaların hansılar olması barədə belə fikir ayrılığına düşürlər. Hər bir insan özünə sərf edən qaydaları üstün tutmağa meyilli olacaq. Roulz deyirdi ki, ədalət prinsipləri bu fikir ayrılıqlarını düzgün, yaxud ağlabatan şəkildə həll etməlidir. Ədalət prinsipləri haqq və vəzifələri təyin etməyin əxlaqi cəhətdən ağlabatan yolunu müəyyənləşdirmək, sosial əməkdaşlığın fayda və yüklərinin düzgün bölgüsünü təyin etmək deməkdir.

Gəlin sadə bir ədalət nəzəriyyəsinə baxaq: utilitarianizm. Ən kobud formasında utilitarianizm hesab edir ki, biz xalis ümumi xoşbəxtliyi [faydanı] artıran şeyləri etməliyik. Demək olar hamı razılaşır ki, xoşbəxtlik daxilən yaxşı, ağrı isə daxilən pisdir. Cəmiyyətin ümumi xoşbəxtliyini mümkün (maksimal) dərəcədə artırmağa və ümumi ağrıları minimuma endirməyə çalışmağımız ağlabatan görünür. Utilitarianizm bizə sadə imperativ [qəti əmr] təklif edir: gözlənilən mümkün xalis faydanı hasil edən hərəkəti seç. Bir çox iqtisadçı utilitarianizmi buna görə cəlbedici hesab edir. Bu isə ədalətlə bağlı sualları iqtisadçıların Kaldor-Hiks səmərəliliyi adlandırdığı axtarışa müncər edir. Çox vaxt iqtisadçılar və ya başqaları təşəxxüslü hesab etdikləri ədalət nəzəriyyələrini görməzdən gəlib özlərini “praqmatist” adlandıranda, nəzərdə tutduqları şey hansısa növ utilitarian olmaqlarıdır.

Utilitarianizmin bu kobud forması ilk baxışdan məqbul görünür. Amma onun ciddi qüsurları var. Öz rifahımla bağlı “ticarət etmək” mənim üçün problemli deyil. Təsəvvür edin ki, sonradan daha böyük xoşbəxtlik əldə etmək üçün özümə indi bir qədər əziyyət verirəm. Daha yaxşı iş qurmaq üçün mühasibat dərsləri götürüb əziyyət çəkə, ya da xəstəliyin qarşısını almaq üçün ağrılı iynələrə  dözə bilərdim. Ancaq indi təsəvvür edir ki, mənim daha böyük xoşbəxtlik əldə etməyim üçün sizə əziyyət veririk. Təsəvvür edin mənə kömək etmək üçün sizi incidirik. Elə ilk baxışdan bu, düzgün görünmür.

Lakin kobud utilitarianizm məmnuniyyətlə razılaşır ki, mənim əldə edəcəyim fayda sizin çəkəcəyiniz əziyyətdən çox olacaqsa, onda mənə kömək etmək üçün sizi incitmək olar. Bu, utilitarianizmlə bağlı əsas problemdir. Utilitarianizm bizi həzz və ağrı üçün qab olaraq təsəvvür edir. [Utilitarianizm görə] xalis məcmu xoşbəxtliyi artırdığımız müddətcə bəzi insanların başqalarının xoşbəxtliyi üçün böyük əzab çəkməsinin heç bir əhəmiyyəti yoxdur.

Yazıçı Ursula K. Le Kuinin Omelasdan Uzaqlaşanlar adlı kiçik hekayəsi bu problemi təsvir edir. Hekayə xoşbəxt, demək olar utopik bir cəmiyyəti təsvir edir. Nə müharibə var, nə də xəstəlik. Hər kəs sağlam, gözəl və xoşbəxtdir. Ancaq tezliklə öyrənirik ki, Omelasın bir sirri var. Çirkli yerdə həbs edilib ac saxlanılan və qorxan bir uşağa işgəncə verilir. Məlum olur ki, bir növ sehr vasitəsilə uşağa verilən işgəncə şəhərin bu qədər gözəl olmasına səbəb olur. Aldıqları təhsilin tərkib hissəsi olaraq Omelasın bütün vətəndaşları nə vaxtsa uşağın yanına gətirilirlər. Le Kuin hekayəsini hər gecə bir neçə vətəndaşın Omelasdan necə uzaqlaşdığını təsvir edərək bitirir.

Omelas utilitarianizmə qarşı bir misal kimi görünür. Utilitarianizm doğru olsaydı, onda Omelas ədalətli şəhər olardı. Ancaq Omelas ədalətsizdir. Deməli, utilitarizm doğru ola bilməz.

Anarxiya, Dövlət və Utopiya əsərində XX əsr libertarian filosofu Robert Nozik oxşar fikir eksperimenti təqdim edir. Bizdən “fayda canavarı” – əzab çəkənlərin əzaba olan nifrətləri ilə müqayisədə onların əzab çəkməsini izləməkdən daha çox həzz alan şəxs – təsəvvür etməyimizi istəyir. Hesab edin mən demək olar sonsuz zövq almaq qabiliyyətinə sahib olan fayda canavarıyam. Kiməsə işgəncə verildiyini tamaşa edəndə, tutaq ki, həmin adam X ağrı vahidi hiss edirsə, mən X2 həzz vahidi hiss edirəm. Utilitarianizm deyir ki, fayda canavarı mövcuddursa, “ümumi faydanı artırmaq üçün hamımız bu varlığın ağzında qurban edilməliyik.” Utilitarianizmə görə özümüzü fayda canavarına yedirmək bizim əxlaqi borcumuzdur. Bu, absurd görünür.

Bəziləri şikayətlənə bilər ki, bu fikir eksperimentləri qeyri-realdır və buna görə də nəyin doğru, nəyin yanlış olması ilə bağlı bizə çox az şey deyir. Bu cür etirazların nə kimi gücünün olması aydın deyil. Əslində real olmayan vəziyyətlərlə bağlı əxlaqi qiymətləndirmə aparmaqda heç də çətinlik çəkmirik. Ulduz Müharibələrindəki [Star Wars] Güc [The Force] real deyil amma mənim balaca uşaqlarım Gücün Qaranlıq Tərəfindən istifadənin əxlaqsızlıq olduğunu deyə bilərlər. Qodzilla real deyil amma əgər sizin yaratdığınız əxlaq nəzəriyyəsi “əylənmək üçün uşaqlarınızı Qodzillaya yedirməlisiniz” nəticəsini hasil edirsə, məhz bu səbəbə görə sizin nəzəriyyəniz absurd olacaq. Fikir eksperimentlərinin məqsədi əxlaqi cəhətdən uyğun olan çoxsaylı faktorları təcrid etməkdir və problemləri aydn göstərmək üçün fikir eksperimentləri bilərəkdən ekstremal formada hazırlanır.

Əgər bunu qənaətbəxş hesab etmirsinizsə, nəzərə alın ki, real dünyada bu cür problemlərin daha az ekstremal versiyaları mövcuddur. Hökumətlər tez-tez çoxlarına kömək etmək üçün az sayda insanı istismar edəcək və ya onlara zərər vura biləcək qərarlar qəbul edirlər. Məsələn, hər terrorçuya görə 50 günahsız mülki şəxsi öldürülə biləcəyini bildiyi halda ABŞ-ın bir nəfər terrorçunu öldürmək üçün bir məhəlləni bombalamağa qərar verdiyini düşünün. Yaxud Fransa hökumətinin çoxlarına kömək etmək üçün bir neçə nəfərə zərər vuraraq sərvət vergisi tətbiq etmək planı olduğunu güman edin.

Nozik və Roulz ikisi də belə qənaətə gəliblər ki, utlitarianizm “şəxslərin ayrılığına” [separateness of persons] hörmət etmir. Bu nəticənin arxasında dayanan fikir budur ki, bütün insanlar bir-birindən ayrı həyat sürür və hər insan özlüyündə dəyərlidir. İnsanlar məcmu faydanı mümkün dərəcədə artırmaq üçün istifadə edilə biləcək alətlər deyillər. Başqalarının naminə insanları əzab çəkməyə məcbur edə bilmərik. Buna görə də, hər ikisi iddia edirdi ki, şəxslərin ayrılığına hörmət etmək üçün onların hər birini geniş haqlar toplusuna sahib insanlar olaraq görə bilərik. Omelasdakı uşağın işgəncəyə, ümumi faydanı artırsa belə, məruz qalmamaq haqqı var. Haqlar insanların öz məqsədlərinə çatmaq üçün bizdən istifadə etməklərini qadağan edən kozırlardır.

Erkən XX əsr hüquq nəzəriyyəçisi Vesli Hohfeld iddia edirdi ki, bir şəxsin haqqının olmasından digərləri üçün müvafiq öhdəliklərin mövcudluğu hasil olur. Məsələn, “yaşamaq haqqım var,” desəm, bu o deməkdir ki, “digər insanların məni öldürməməklə bağlı mənim qarşımda icra edilə bilən öhdəlikləri var.” Mən “ifadə azadlığı haqqım var” deyəndə onu nəzərdə tuturam ki, “digər insanların nitqimə müdaxilə etməmək və ya nitqimə görə məni cəzalandırmamaqla bağlı mənim qarşımda icra edilə bilən öhdəlikləri var.” Mən “oğullarımın valideyn qayğısına haqları var” deyəndə onu nəzərdə tuturam ki, “arvadımla mənim oğullarımız qarşısında onları yedirmək və qayğılarına qalmaq öhdəliyimiz var.” Qısası, bir şəxsin haqlarının olduğunu demək digər insanların həmin şəxs qarşısında icra edilə bilən öhdəliklərinin olması deməkdir.

Nəzərə alın ki, bir şey etməyə haqqınızın olduğunu demək bunu etməyinizin düzgün olduğunu demək deyil. Bu, o deməkdir ki, başqaları sizin bu aktı icra etməyinizin qarşısını almamalıdır. Məsələn, nasizmi təbliğ etmək haqqım var – bu, pis fikirdir – amma bunu etməyimə icazə verilməlidir.

Anarxiya, Dövlət və Utopiyada Nozik iddia edirdi ki, ədalət nəzəriyyəsi haqlara mərkəzi əhəmiyyət versə də haqlar barədə yanlış düşünə bilər. “Haqların utilitarianizmi”ni təsəvvür edin. Bu nəzəriyyə hesab edir ki, haqq pozuntularını nə azaldırsa (minimallaşdırırsa) biz onu etməliyik. Amma haqların utilitarianizmi yenə də haqları ciddi qəbul edə bilməyəcək. Bu nəzəriyyə daha az xalis haqq pozuntularına səbəb olacağı təqdirdə ciddi haqq pozuntularına tez-tez bəraət qazandıracaq. Məsələn, Omelas şəhəri uşağın haqlarını pozur amma bunu etməklə xalis haqq pozuntularını azaldır. Axı Omelasda bu işgəncədən başqa cinayət yoxdur və deməli, burada Danimarka, yaxud İsveçdən daha az haqq pozuntusu var. Ya da gəlin real hadisəni misal kimi götürək: ABŞ hökuməti casusluq edib bizi izləyir amma iddia edir ki, bu casusluq başqalarının haqlarımızı daha çox pozmasının qarşısını alır. Beləliklə, Nozik deyərdi ki, ABŞ hökuməti haqları vecinə alsa da haqlar barədə yanlış düşünür.

Nozik iddia edirdi ki, haqlar yan məhdudiyyətlərdir. Onlar bizə nəyi edə bilməyəcəyimizi deyir. Təbii ki, digər şərtlər dəyişmədən [ceteris paribus], haqq pozuntularını azaltmağa meyilli olan qurumları və aktları seçməliyik, amma bunu birinci növbədə başqalarının haqlarını pozmadan etməliyik. Haqların pozulmaması haqların qorunmasından daha üstündür. Məsələn, güman edin ki, Federal Təhqiqat Bürosunun (FTB) qanunsuz dinləmələrlə məşğul olması adətən məcmu haqq pozuntularını azaldır (mən bunun əksini düşünürəm). Haqların yan məhdudiyyət olması yanaşması bunu yanlış hesab edərdi: FTB haqq pozuntularını azaltmaq naminə haqları özü poza bilməz.

İnsanların haqlarının olduğunu demək və ya utilitarianizmin yanlış olduğu qənaətinə gəlmək o demək deyil ki, nəticələr əhəmiyyətsizdir. Əksinə, aşağıda da görəcəyimiz kimi, haqların lehinə ən geniş yayılmış arqumentlər budur ki, haqlara yan məhdudiyyətlər olaraq hörmət etmək özü adətən yaxşı nəticələr hasil edir. Paradoksal səslənsə də arqument budur ki, fərdlərə (və hökumətə) haqları pozmağı qadğan etmək və onların fayda axtarışına məhdudiyyətlər qoymaq özü adətən faydanı artırır. Yəni insanların öz rifahlarını artıracaq istənilən şeyi etmək cəhdlərinə qadağa qoymaq özü hər kəsin rifanının artmasına kömək edə bilər.

İndiyə qədər yalnız haqların necə işlədiyini və niyə vacib olduğunu təhlil etdik. Bu isə bir çox sualları cavabsız qoyur:

  1. Bizim hansı haqlarımız var?
  2. Bu haqlar nə dərəcədə güclüdür? Onlar mütləqdir, yoxsa sadəcə pro tanto [müəyyən qədər]?
  3. Bu haqlar özgəninkiləşdirilə və ya itirilə bilərmi?

Haqqın mütləq olduğunu demək o mənaya gəlir ki, onu pozmaq həmişə yanlışdır və heç bir mülahizə onu üstələyə bilməz. Haqqın pro tanto olduğunu demək o mənaya gəlir ki, həmin haqqın pozulması əleyhinə güclü əxlaqi prezumpsiya var amma xüsusi vəziyyətlərdə başqa əxlaqi mülahizələr həmin haqqa hörmət etmək öhdəliyimizi üstələyə bilər. Nozik və Roulz da daxil olmaqla bir çox filosoflar fikirləşirlər ki, haqlar yəqin mütləq deyil. İnsanların haqlarını istənilən səbəbə görə və ya əhəmiyyətli dərəcədə fayda əldə etmək üçün poza bilmərik. Belə ki, məsələn, ABŞ-da Mormonizmi qadağan etmək necəsə növbəti 10 ildə ölkədə ümüm daxili məhsulu 20 faiz artırsa, bu, haqların pozulması üçün yetərli səbəb olmayacaq. Lakin bəlkə də haqlara hörmət etmək öhdəliyi “fəlakətdən yayınmaq” naminə üstələnə bilər. Hesab edin ki, dəhşətli bir xəstəliyin yayılmasının qarşısını almağın yeganə yolu xəstəliyin aşkarlandığı yerdə xəstəxanadakı hər kəsi karantinə salmaqdır. Bəlkə də buna haqq qazandırmaq olar.

Haqqın özgəninkiləşdirilən olduğunu demək o mənaya gəlir ki, o, başqalarına ötürülə bilər – yəni bir şəxs həmin haqqı itirə, digəri isə qazana bilər. Bəzi haqlar – məsələn, gitaraya olan haqq kimi – özgəninkiləşdiriləndir. Gitaranı sata və ya başqasına verə bilərsən. Başqa haqlar belə olmaya bilər. Təsəvvür edin ki, mən, Ceyson Brennan, ailəmə 100 milyon dollar ödənməsi şərti ilə özümü qul kimi satmaq istəyirəm. İnsanların çoxu öz haqlarımı satmağa haqqımın olmadığını fikirləşir.

Haqqın itirilə bilən olduğunu demək o mənaya gəlir ki, müəyyən aktları icra edən insanlar həmin haqqı itirə bilərlər. Məsələn, velosipedimi 20 il meşədə qoyub getsəm və ona heç vaxt toxunmasam, onun üzərindəki mülkiyyət haqqımı itirə bilərəm. Velosipedi tapan istənilən şəxs ona iddia edə bilər. Ya da güman edin ki, ictimai parka girib bəzi uşaqları güllələməyə başlayıram. Belə vəziyyətdə insanlar atəş açmağımın qarşısını almaq üçün məni öldürə bilər və beləliklə, bu vəziyyətdə ən azından müvəqqəti olaraq yaşamaq haqqımı itirmiş olaram.

Tez-tez eşidirik ki, bir şəxsin haqları digərinin haqlarının başladığı yerdə bitir. Mənim ifadə azadlığı haqqım o demək deyil ki, gecə saat ikidə sizin evinizə gəlib Slayer mahnıları oxuya bilərəm. Sizin beyzbol taxtasına sahib olmaq haqqınız o demək deyil ki, qonşunuzun maşınını əzmək haqqınız var.

Beləliklə, haqlar nəzəriyyəsinin etməli olduğu şey haqlarımızın sərhəddini müəyyənləşdirməkdir. Məsələn, aydındır ki, evinizin yanından keçəndə evinizə zəif cazibə qüvvəsi ilə təsir etməyim sizin [mülkiyyət] haqqınızı pozmur, amma icazəniz olmadan evinizdə yığıncaq təşkil etməyim pozur. Lakin daha qəliz misallar da var. Məsələn, dərhal təmizləyəcəyiniz təqdirdə itinizin mənim qazonuma defekasiya etməsi [mülkiyyət] haqqımı pozurmu?

 

Bu, Ceyson Brennanın Siyasi Fəlsəfə: Giriş kitabının ikinci bölməsinin tərcüməsidir. Mənbə: Brennan, Jason. Political Philosophy: An Introduction. Washington, D.C.: Cato Institute, 2016.

Giriş: Siyasi fəlsəfə nədir?

Birinci bölmə: Fundamental dəyərlər və biz niyə mübahisə edirik

Üçüncü bölmə: Azadlığın təbiəti və dəyəri

Müəllif(lər)

+ Digər yazıları

Milan Universitetində siyasi fəlsəfə üzrə doktorantura tələbəsi, Bakı Araşdırmalar İnstitutunun əməkdaşı, Mərkəzi Avropa və Haydelberq universitetlərinin məzunu.

This Post Has 4 Comments

Cavab yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.