İnqilab müəyyən bir coğrafi məkanda baş verən fundamental siyasi dəyişikliyi ifadə etmək üçün istifadə edilən məfhumdur. Düzdür, inqilab kəliməsi müxtəlif elm sahələri üçün istifadə edilsə də, onun ictimaiyyətdə hakim olan mənası total zorakı (silahlı inqilabları) yaxud qismən zorakı (mitinq əsaslı məxməri inqilabları) inqilabi mərhələni ifadə etmək üçün işlədilir. Nəzərə almaq lazımdır ki, inqilab yalnız bu cür total zorakılıqdan və ya kütləvi mitinqlərdən ibarət deyil. Bu xüsusatlar inqilabi prosesin yalnız bir və daha kiçik mərhələsini – məqsədə nail olmaq üçün qısamüddətli praktikanı əhatə edir. İnqilab kəliməsinin hakim mənasının bütün inqilabi prosesi təsvir etmək üçün natamam qaldığını nəzərə alsaq onda inqilab məfhumunu nəzərdən keçirməliyik.
İnqilab məfhumunu aydınlaşdırmaq üçün inqilabların necə baş verməsini və ya inqilabın mexanizmini müəyyən etmək tələb edilir.
İnqilab sosial və ya siyasi dəyişikliyin radikal və fundamental versiyasına aiddir. Qeyd etmək lazımdır ki, sosial dəyişiklik ictimai fəaliyyətin xüsusiyyətidir. Cəmiyyətlər statik deyillər. Onlar daim dəyişirlər. Belə dəyişiklik heç də həmişə müsbətə doğru istiqamətlənmir. Bir sıra hallarda dəyişikliklər neqativ də ola bilər. Buna görə də sosial dəyişikliyi heç də həmişə tərəqqiyə doğru irəliləyiş kimi anlamaq düzgün deyil. Bunun əvəzinə sosial dəyişikliyin mahiyyətinə uyğun qiymətləndirmə aparmaq lazımdır.
Sosial dəyişiklik boşluqda meydana gəlmir. Sosial dəyişiklik üçün zəruri şərt mövcud olmalıdır. Lakin sosial dəyişikliyi şərtləndirən zəruri şərait mistik bazadan irəli gəlmir. Belə zəmin daha konkret ehtiyaclar və ya onların məcmusunun nəticəsi ola bilər. Sosial olan insana və insanlarası münasibətlərə aiddir. Bu baxımdan sosial dəyişikliyin ilkin zəmini fərdlərin ehtiyaclarıdır. Dəyişiklik o halda baş verir ki, mövcud sosial vəziyyət insanların ehtiyaclarına tam cavab vermir. Buna görə də insanlar toplusu onların ehtiyaclarını tətmin etməyən vəziyyətdən çıxış yolu axtarmağa başlayırlar. Amma bir məsələni nəzərə almaq lazımdır. Çıxış yolları axtarışı heç də həmişə uğurlu olmur. Çünki özlüyündə ehtiyacların tətmin edilməməsi o demək deyil ki, insanlar həmin ehtiyacların qarşılanmasına əngəl yaradan vəziyyəti və həmin vəziyyətdən çıxış yollarını düzgün qiymətləndirə biləcəklər. İnsanlar öz vəziyyətlərinə dair yanlış mövqedə ola bilərlər, yaxud onlara yanlış mövqe təlqin edilə bilər.
Yuxarıdakı təhlildən iki başlıca nəticə hasil olur. Birincisi, sosial dəyişikliyin insan ehtiyaclarının mövcud vəziyyətdə tətmin edilməməsindən irəli gəlir. Bunu qısaca obyektiv şərt adlandırmaq olar. İkincisi, sosial dəyişiklik üçün mövcud vəziyyətə dair optimal ideyaların mövcudluğu zəruridirr. Başqa sözlə, insanlar ətraf mühiti və mövcud vəziyyəti dolğun şəkildə qiymətləndirib ona uyğun çıxış yolu tapmalıdırlar. Bu isə hadisələrə dair ideyalar və ideyalar üzərində fəaliyyəti tələb edir. Bunu qısaca subyektiv şərt adlandıraq. Beləliklə, sosial dəyişiklik üçün obyektiv və subyektiv şərtlərin məcmusu tələb edilir.
Yuxarıda inqilab məfhumu sosial dəyişikliyin müəyyən bir sferasına aid edilib. Bu sfera siyasi sferadır (ən azından siyasi mənada inqilab, yaxud siyasi inqilab bu sferaya aiddir). Siyasi sfera dövlətin idarə edilməsi və cəmiyyətin siyasi təşkilatlanmasını əhatə edir. İnqilab siyasi sferada sosial dəyişiklik olub onun baş verməsi üçün obyektiv və subyektiv şərtlərin məcmusu hasil olmalıdır.
Dövlətlərin mövcud olduğu dünyada dövlətlər cəmiyyətin idarə edilməsini təşkil edən əsas institutdur. Dövlətin mahiyyəti onun ilk növbədə zorakılıq aparatına əsaslanmasıdır. Dövlət cəmiyyətdə mövcud (cari) nizamı zorakılıq aparatı vasitəsilə qoruyur və onun dəyişməməsinə çalışır. Bununla bərabər, siyasi gücün mövcudluğu dövlətin iqtisadi və sosial sahədə də dominant olması ilə nəticələnir. Dövlətin mövcudluğu əhalinin müəyyən hissəsinin digərini zor gücünə idarə etməsi mənasına gəlir. Amma bununla yanaşı, dövlət əhalinin müəyyən hissəsinin digərləri üçün qaydalar müəyyən etməsi və bir çox hallarda sərvətlərin sahiblərini təyin edərək və iqtisadi fəaliyyətə istiqamət verərək əhalinin müəyyən hissəsinin digərlərindən daha yaxşı və ya digərləri hesabına yaşaması üçün zəmin yaradır. Buna görə də dövlətlərin həmişə tərəfdarlar və əleyhdarlar olur. Dövlətlər müəyyən dövr üçün sosial vəziyyəti normallaşdıra, siyasi sabitliyi və iqtisadi olaraq əhali qruplarını tətmin edə bilirlər. Lakin müəyyən mərhələdən sonra struktural problemlər başlayır və artıq bununla əhalinin ehtiyacları (ələlxüsus iqtisadi ehtiyacları) tətmin edilə bilinmir. Bununla da inqilabın obyektiv şərti meydana çıxır.
Lakin dövlətlər yalnız zorakılıq aparatı üzərində deyil, həmçinin propaqanda aparatı üzərində qurulduqlarından onlar ictimai rəyi manipulyasiya edə bilirlər. Bununla da ictimai rəydə mövcud vəziyyətin və mövcud dövlət quruluşunun davam etməli olduğuna, yaxud ən azından zəruri şər olduğuna əhalinin substantiv (həlledici) hissəsini inandıra bilirlər. Belə olduqda isə inqilabın subyektiv şərti meydana çıxmır. Ehtiyacları tətmin edilməyən insanlar isə qısamüddətli dövr üçün narazılıq, etiraz edirlər və ya kortəbii üsyan qaldıraraq məğlub olurlar. Bundan sonra mövcud siyasi rejim qısamüddətli həll yolları tapmaqla və zorakılıq aparatını genişləndirməklə, yaxud fundamental problemləri həll etməyən islahatlarla problemləri təxirə salır. Əgər subyektiv şərt meydana çıxmasa və inqilabi prosesdə maraqlı olan fərdlər və qruplar (başqa sözlə, inqilabçı kadrlar) əhalinin etiraz üçün lazımi hissəsini inandıra bilməsə, bu proses uzunmüddətli davam edə bilər. Ona görə də inqilab üçün obyektiv şərt kafi deyil. Subyektiv şərt daha vacibdir. Obyektiv şərt dövri olaraq formalaşır. Əsas məsələ institusional subyektiv şərti saxlamağı bacarmaqdır.
Subyektiv şərt üçün mövcud vəziyyətin niyə ədalətsiz olduğunu izah edə biləcək, ədalətli ideal cəmiyyəti təsvir edə biləcək və bunların birindən digərinə keçidin necə təmin edilə biləcəyini izhar edəcək əqli fəaliyyət və bu əqli fəaliyyətlə məşğul olan kadrlar lazımdır. Bu kadrları üç kateqoriyaya bölmək olar: orijinal mütəfəkkirlər, intellektuallar və aktivistlər (onu da qeyd edim ki, bu kateqoriyalar arasında fərqlər kəskin deyil və mütəfəkkirlər ilə intellektuallar aktivizmlə məşğul ola bilərlər). Birinci kateqoriyaya orijinal mütəfəkkirlər aiddir. Amma belə orijinal mütəfəkkirlərin inqilabın baş verməsi hədəflənən coğrafi məkanda mövcudiyyəti şərt deyil. Müvafiq ideyalar başqa yerdən və başqa coğrafi məkanlarda fəaliyyət göstərən mütəfəkkirlərdən də əxz edilə bilər. İkinci kateqoriya belə ideyaları yayacaq və mütəmadi olaraq tənqidçi fəaliyyət göstərəcək intellektual kadrların mövcudluğudur. Üçüncü kateqoriya isə bu intellektual kadrlardan bu məlumatları əldə edib onları əhalinin müəyyən hissəsinə çatdıra biləcək aktivist bazanın mövcudluğudur.1
Mütəmadi əsaslarla aparılacaq ideyalarla iş fəaliyyəti lazımi obyektiv şərtin ortaya çıxdığı şəraitdə uğurlu ola bilər. Onu nəzərə almaq lazımdır ki, sosial proseslər fiziki proseslərdən fərqli olaraq mexanik deyillər. Ona görə də onların avtomatik nəticə verməsi gözlənilmir. Lakin sosial proseslər təcrübəylə təkmilləşdirilə bilər. İnqilabi proses də həmçinin təcrübə ilə təkmilləşdirilə bilər.
Beləliklə, inqilabın uzunmüddətli proses olduğu müəyyən edildi. Onun praktik icra mərhələsi (silahlı mübarizə və ya kütləvi mitinq) inqilabın yalnız qısamüddətli hissəsidir. İnqilab özü uzunmüddətli prosesdir və onun ilkin mərhələsi intellektual (ideoloji) mərhələsidir. Bu mərhələ daha uzun müddət çəkir və bir növ lazımi obyektiv şərait üçün hazırlıq xarakteri daşıyır.
Yuxarıda qeyd edilən müddəaları həmçinin Azərbaycan siyasi şəraitinə də şamil etmək olar. 2005-2015-ci illər arasında Azərbaycanda mövcud siyasi rejim əhalinin ehtiyaclarını bu və ya digər formada neft gəlirləri hesabına tətmin edə bilirdi. Lakin 2014-2015-ci illərdə baş vermiş neft böhranı və onu müşayiət edən iqtisadi böhran Azərbaycan cəmiyyəti üçün obyektiv şərtin ünsürlərini yaratmağa başladı. Hazırda nisbətən zəifləmiş formada da olsa bu böhran davam edir və mövcud siyasi rejim iqtisadi böhranın yaratdığı problemləri hələ ki, təxirə sala bilir. Lakin aydın məsələdir ki, siyasi rejim əhalinin ehtiyaclarını əvvəlki səviyyədə tətmin edə bilmir. Bu isə obyektiv şərtin təkrarlana biləcəyini göstərir (çünki iqtisadi problem strukturaldır və iqtisadiyyat davamlı olaraq böhrana meyillidir). Belə olduqda Azərbaycanda müxalif çevrələrə mövcud vəziyyətin dəyişdirilməli olmasına dair ardıcıl və sistemli subyektiv şərt (başqa sözlə, ideyalarla iş) lazımdır. Çünki göründüyü kimi Azərbaycanda müxalif çevrə hazırda belə subyektiv şərti yarada bilməyib və əhalinin substantiv hissəsi mövcud vəziyyətdən məmnun olmasa da, onun mövcudluğuna dözə bilir. Bu isə mövcud siyasi rejimin davamiyyəti üçün yetərli olur.
Nəticə etibarilə, Azərbaycanda siyasi müxaliflər inqilab necə baş verə bilər? sualına cavab axtarışında inqilabın ilkin və uzunmüddətli mərhələsi olan subyektiv ideyayaratma mərhələsi barədə düşünməli, bu barədə tarixi və digər coğrafi məkanlarda baş verən nümunələri nəzərdən keçirərək onlardan dərs götürməli və bu sahədə olan işi (fəaliyyəti) bihudə saymamalıdır.
Müəllif(lər)
Müstəqil hüquqşünas, siyasi fəal
-
Səməd Rəhimli/s%c9%99m%c9%99d-r%c9%99himli/
-
Səməd Rəhimli/s%c9%99m%c9%99d-r%c9%99himli/
-
Səməd Rəhimli/s%c9%99m%c9%99d-r%c9%99himli/
-
Səməd Rəhimli/s%c9%99m%c9%99d-r%c9%99himli/